Məhkəmə qərarları › İş №2(104)-1314/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1314/2024

21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1314/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X2, RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusuna və ünvan 1t ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X2, RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusuna və ünvan 1t ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Kinelski Rayon notariusunda qeydə alınmış 63/297-n/63-2023-1-537 nömrəli vəsiyyətnamənin etibarsız hesab olunmasına dari qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh X3 Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Üst Kinelski qəsəbəsi, Seleksionnaya küçəsi, ev 23, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmçinin, iddia ərizəsi ilə müəyyən edilir ki, digər cavabdeh RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusu da Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Sovetskaya küçəsi, ev 40 ünvanında yerləşir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçılar ünvan 1t ofisini də, cavabdeh kimi qeyd edərək, 03 aprel 2023-cü tarixdə RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusunda qeydə alınmış 63/297-n/63- 2023-1-537 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etsələr də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, ünvan 1t ofisində yalnız mübahisələndirilən vəsiyyətnamə əsasında vərəsəlik işi açılmışdır. Bu hal isə ona dəlalət edir ki, hazırki iddia üzrə ünvan 1t ofisi cavabdeh deyil, ancaq üçüncü şəxs ola bilərdi. İddiaçılar isə digər cavabdehlərin Rusiya Federasiyasında olmalarını bildikləri halda, iddianı Şəmkir Rayon Məhkəməsində qaldırmaq üçün formal şəkildə ünvan 1t ofisini cavabdeh kimi işə cəlb etmişlər. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadından narazı qalan iddiaçıların nümayəndəsi Nümayəndə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(076)-2062/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(076)-2062/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində bir neçə cavabdeh göstərilib. Həmin cavabdehlərdən biri ünvan 1t ofisidir. Çünki Şəmkir rayon Notariat ofisi mübahisə predmeti olan vəsiyyətnaməni qəbul etmiş və həmin vəsiyyətnamə əsasında cavabdeh X1 adına 8V-892 reyestr nömrəli vərəsəlik işi açmışdır. Bu səbəbdən də, onlar ünvan 1t ofisini cavabdeh kimi qeyd etmişlər. Onlarda mübahisə predmeti olan vəsiyyətnamə ünvan 1t ofsi tərəfindən qəbul olunduğundan, həmin vəsiyyətnamə əsasında cavabdeh Sergey Anatoliyeviçin adına 8V-892 saylı vərəsəlik işi açıldığından, cavabdeh olaraq Şəmkir 1 saylı notariat ofisini cavabdehlərdən biri olaraq göstərilmiş və miras əmlak Şəmkirdə yerləşdiyindən iddia tələbi haqlı olaraq, Şəmkir rayon Məhkəməsinə təqdim edilmişdir. Bu səbəbdən qeyd olunan qərardaddan narazıdırlar. Qəbul olunmuş qərardadı qanunsuz, formal və əsassız hesab edirlər. Çünki məhkəmə qeyd olunan qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını kobudluqla pozmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıların tələbləri mərhum X5 tərəfindən 03 aprel 2023-cü tarixdə RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusunda verilmiş vəsiyyətnamənin etibarsız hesab olunmasından ibarət olmuşdur ki, həmin tələb mülki prosessual qanunverciliyin aidiyyət qaydalarının əhatə dairəsinə düşməməkdədir. Azərbaycan Respublikası MPM-in 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 48-ci maddəsinə əsasən bu maddənin 2-ci bəndində nəzərdə tutulan haldan savayı, əmlaka vərəsəlik hüququ miras qoyanın son daimi yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Həmin maddənin 2-ci bəndinə görə daşınmaz əmlaka vərəsəlik hüququ həmin əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Həmin Konvensiyasının 50-ci maddəsinə əsasən şəxsin vəsiyyətnaməni tərtib etməyə və ya onu ləğv etməyə hüquqi qabiliyyəti, habelə onun forması və ləğv edilmə qaydası miras qoyanın akt tərtib edilən zaman yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Göründüyü kimi, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyası ilə vəsiyyətnamənin ləğv edilməsi ilə bağlı miras qoyanın akt tərtib edilən zaman yaşayış yerinin olduğu ölkəninin qanunvericiliyi ilə tənzimləməsi nəzərdə tutulmuşdur. Odur ki, Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Kinelski Rayon notariusunda qeydə alınmış 63/297-n/63-2023-1-537 nömrəli vəsiyyətnamənin etibarsız hesab olunması bağlı Rusiya Federasiyasının qanunvericiliyi tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)- 2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2062/2024 saylı 06 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar