Məhkəmə qərarları › İş №2(104)-133/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-133/2024

31.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-133/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh (üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəliyin qəbul edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh, onun vəkili X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh (üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisi) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-425/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı Gəncə regional ASAN xidməti mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/299 saylı ölüm haqqında arayışdan görünür ki, X28 xx.xx.2018-ci ildə ölmüşdür.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X14 adına xx.xx.2022ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

3. Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1960-cı il tarixli İ-ZJ 302426 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X29 xx.xx.1960-cı ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X11, anası X18r.

4. Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1967-ci il tarixli İİ-SL 406811 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 ilə X30 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mamedov soyadı verilmişdir.

5. Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1967-ci il tarixli İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 xx.xx.1967-ci ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X11, anası X18r.

6. Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli İİ-SL 406811 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 ilə X30 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mamedov soyadı verilmişdir.

7. Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1969-cu il tarixli İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.1969-cu ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X11, anası X18r.

8. İsmayıllı rayonu, Qalakənd kənd soveti tərəindən verilmiş xx.xx.1989-cu il tarixli V-JQ ******* saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 ilə X35 xx.xx.1989-cu ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Abbasova soyadı verilmişdir.

9. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1984-cı il tarixli İV-SL 433164 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 İkrəm oğlu xx.xx.1984-cü ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X10, anası X15r.

10. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q- 664/70 saylı ölüm haqqında arayışdan görünür ki, X34 xx.xx.2010-cu ildə ölmüşdür.

11. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-325/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2011-ci il tarixli 2V-1-147 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və xx.xx.2011-ci il tarixli 2V-1-146 nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər(arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, X6 Köçəri Əziz oğlunun vərəsəsi tanınaraq adına xx.xx.2022-ci il tarixli **********25-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

12. Xüsusi notaris X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 X14 xx.xx.2018-ci il tarixdə vəfatından sonra mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişlər və buraxılmış müddət bərpa edilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

13. 66 saylı evlər üçlüyünün xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X14 xəstəliyi dövründə qızları İddiaçı1, İddiaçı2 və oğul nəvəsi İddiaçı3 ona qulluq edərək, müalicə və müayinə etdirmişlər. İddiaçı1 vəfat etdikdən sonra şəxsi vəsaitləri hesabına yas mərasimini keçirmişlər, qəbrüstü abidə qoymuşlar. Mərhumun ölümündən sonra qızları İddiaçı1, İddiaçı2 və oğul nəvəsi İddiaçı3 2021-ci ilədək yay aylarında ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışlar. Hazırda həmin ünvanda yaşayış yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh (üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisi) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anaları X13 miras qalmış ünvan 1 ünvanda yerləşən 220.0 kv.m topraq sahəsində yerləşən mülkə dair X14 1-ci dərəcəli vərəsələri tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə (keçmiş Kirovabad) şəhəri, 2 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-4-609 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X1. Alıcıya xx.xx.1989-cu il tarixli 1073 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyətini Memarlıq və tikinti şöbəsi xx.xx.2004-cü il tarixli 10-132 saylı məktubda ünvanı ünvan 3dilmiş 27.6 kv.m həyət tikililərin qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-2-326 saylı alqısatqı müqaviləsinə əsasən 220.0 kv.m. torpaq sahəsindən yerləşən bu mülk (tikili “A”-da 48.2 kv.m iki yaşayış otaqları, 24.1 kv.m köməkçi sahə, tikili “B”-də 5.8 kv.m hamam, tikili “V”-də 12.0 kv.m əl damı, tikili “Q”-də 15.6 kv.m olan tövlə) X2. Alıcı olan iddiaçılar İddiaçı1 və İddiaçı2 atası və İddiaçı3 isə babası X20 adına xx.xx.2004-cü il tarixli 1073 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X34 öləndən sonra isə həmin fərdi yaşayış evi mərhum iddiaçılar İddiaçı1 və İddiaçı2 anası və İddiaçı3 isə nənəsi X14 adına Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Şəxsi tərfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyatt nömrəli Çıxarış verilmişdir. X34 11 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. X28 12 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. X20 X28 ilə birgə nikahından 4 övladı olmuş, onlardan qızları Məmmədova (Xəlilova) Sevil Köçəri qızı ailəlidir, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı ailəlidir, oğlu X31 2006-cı il tarixdə vəfat etmişdir və oğlu Cavabdeh ailəlidir. İddiaçılar X13 miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının tanınmasına dair 06 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Notariat Kontoruna müraciət etmiş, lakin Notariat Kontoru qanunla müəyyən olunmuş müddəti ötürdükləri üçün imtina etmişdir. Məmmədova (Xəlilova) Sevil Köçəri qızı, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı və 2006-cı il tarixdə vəfat etmiş qardaşım X17 hüquqi varısi İddiaçı3 ünvan 1 ünvanda 220.0 kv.m. torpaq sahəsində yerləşən mülkə dair anaları X14 qanun üzrə birinci növbəli vərəsələridir. X28 rəhmətə gedəndən sonra həmin ünvanda yaşamışlar, mirası faktiki olaraq qəbul etmişlər mülkü bu günə kimi fasiləsiz idarə edirlər, onların şəxsi əşyaları həmin ünvandadır. Lakin, qardaşları Cavabdeh onları hədələyərək analarından miras qalmış mülkə buraxmır. İddiaçıların faktiki olaraq idarə etdiyi və vicdanla sahiblik etdiyi ünvan 1 ünvanında 220.00 kv.m. torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə vərəsəlik əsasında öz adlarına rəsmiləşdirilməsini xahiş etməkləri qanunun müddəalarına müvafiqdir.

16. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-425/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddianın təmin edilməsi, X13 miras qalmış ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan tam mülkiyyət hüququ ilə X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evini faktiki qəbul etməsi faktı müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-425/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən tərəflərin çəkişmə prinsipini pozmuş, cavabdehin iştirakını təmin etmədən işə baxmış və qatnamə qəbul etmişdir. Bundan sonra X23 xx.xx.1987-ci ildə, X21 isə xx.xx.1989-cu ildə nikaha daxil olaraq özlərinə başqa yaşayış yeri seçmişlər və hazırda hər ikisi Bakı şəhərində öz mülklərində yaşamaqla həmin ünvanda qeydiyyatdadırlar. Mərhum X11 isə mübahisəli evi xx.xx.2004-cü ildə almışdır. Yəni iddiaçılar ümumiyətlə həmin mülkədə yaşamamışlar. Həmin mülkdə o ailəsi ilə birlikdə ailənin sonuncu övladı olduğu üçün mərhum atası və mərhum anası ilə birlikdə yaşamışlar. Bundan başqa İddiaçı3 mərhum anası X14 1-ci dərəcəli vərəsəsi olması və mübahisəli evi faktiki olaraq necə qəbul etməsi halı məhkəmə tərəfində düzgün araşdırılmamışdır. Məhkəmə öz qətnaməsində mərhum qardaşı X17 2010-cu ildə vəfat etdiyini və vəfat edənə qədər həmin evdə ailə üzvləri ilə birlikdə yaşadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X26 da ifadəsində göstərmişdir ki, X31 2010-cu ildə vəfat etmiş və onun ölümündən sonrada oğlu İddiaçı3 həmin ünvanda yaşamağa davam etmişdir. Qeyd etmək istəyir ki, qardaşı İkram Xəlilov 2010-cu ildə deyil, 2006-cı ildə vəzifə səlahiyyətlərini yerinə yetirərkən baş vermiş cinayət hadisəsi nəticəsində ölmüşdür. O həmin vaxt Gəncə Şəhər DYPŞ-nin rəisi vəzifəsində çalışırdı. İkram Xəlilov özünə məxsus olan xüsusi mülkiyyətində ailə üzvləri ilə birgə yaşamışdır. Həmin mülkdə də onun ailəsi onun ölümündən sonrada yaşamışdır. Yəni İddiaçı3 heç vaxt həmin ünvanda yaşamamışdır. Haı-hazırda oda Bakı şəhərində yaşayır. Yəni İddiaçı3 mübahisəli evdə yaşaması və vərəsə olaraq vərəsəliyi faktiki qəbul etməsi halı düzgün araşdırılmamışdır. Ümumiyətə, İkram Xəlilovun doğumunu və ölümünü sübut edən sənəd mülki işə əlavə edilməmişdir. Bundan başqa məhkəmə öz araşdırmasında müəyyən etmişdir ki, cavabdeh olaraq o Cavabdeh mübahisəli evi idarə etməklə mirası qəbul etmişdir. O mirası qəbul etdiyi təqdirdə məhkəmə öz qətnaməsində onun mirası faktiki qəbul etmə faktına heç bir münasibət göstərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1, İddiaçı2 onun bacıları və X31 isə qardaşıdır. Lakin, qardaşı İkram Xəlilov xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İddiaçı3 isə qardaşının oğludur. O, miras əmlakdan payların bölünməsinə etiraz etmir. Ancaq, qardaşı qabaqcadan öldüyü üçün sonuncunun oğluna pay düşə bilməz. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X27 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, vərəsələrin hamısına bərabər qaydada pay verilməsini məhkəmədən xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını vərəsələrin hamısına bərabər qaydada pay verilməsini məhkəmədən xahiş etmişdir.

25. İş üzrə İddiaçı3 və üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Lakin, üçüncü şəxs ünvan 6 ünvanlayaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

33. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

34. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

35. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

48. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

49. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

50. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

51. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

52. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

59. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməsi nəticəsinə gəlmişdir.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

63. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

64. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

65. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

66. İş materialları ilə müəyyən edilir ki, mərhum X28 xx.xx.2018-ci il tarixdə ölmüş, öldükdən sonra onun birinci növbəli vərəsələri, qızları X23 və X19, oğlu Cavabdeh və oğul nəvəsi İddiaçı3 İkrəm oğlu (mərhum X17 oğlu) olmuşdur. Mərhum öldükdən sonra ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Lakin, vərəsələr mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişlər. Xüsusi notaris X7 xx.xx.2022-ci il tarixli imtina qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

67. Göründüyü kimi, vərəsələr mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsələr mübahisəli miras əmlakını qəbul etmişlər.

68. Bu səbəbdən kollegiya hesab edir ki, X5 qalmış miras əmlakı iddiaçılar və cavabdeh arasında bərabər şəkildə bölünməlidir.

69. Məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, mərhum Səlmi Xəlilovanın oğlu - X31 mirasın açıldığı vaxt artıq sağ olmadığından, yəni xx.xx.2006-cı il tarixdə öldüyündən sonuncuya miras əmlakdan çatmalı olan paydan onun oğluna (İddiaçı3) digər vərəsələrlə birlikdə eyni həcmdə miras verilməlidir. Belə ki, ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (MM-nin 1159.1.3-cü maddəsi).

70. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

71. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X3rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; X4rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

72. Mirasın bölünməsi ilə bağlı kollegiya qeyd edir ki, mərhum X28 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra ünvan 7 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evinin hər birinə əmlakın ¼ hissəsi verilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, (mərhum X17 oğlu) İddiaçı3 və Cavabdeh arasında bölünməlidir.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

74. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən, habelə hazırda qüvvədən düşmüş mülki hüquq normaları əsasında formalaşmış hüquqi mövqeyə istinadı özündə əks etdirən formal dəlillər hazırkı iddianın təmin edilməməsinə əsas ola bilməz.

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

79. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir.

80. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-425/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. X5 miras qalmış, ünvan 7 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh tərəfindən qəbul edilmiş hesab edilsin. X5 miras qalmış ünvan 7 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh payları hər birinə müvafiq olaraq ¼ hissədə müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar