Məhkəmə qərarları › İş №2(104)-1334/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1334/2025

29.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1334/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh4 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(062)-1803/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə bilavasitə tabe olan X2 İmtahan və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 208” mikro avtobus markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 01 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, həmçinin əməlində cinayət tərkibi olan şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Daha sonra İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Həmin ərizədə İddiaçı2 da iş üzrə iddiaçı qismində göstərilmiş, cavabdeh qismində isə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qeyd edilmişdir. İddia üzrə tələb isə - cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11000 manat, əlavə olaraq 300 manat vəkil haqqı və 100 manat dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi, əməlində cinayət tərkibi olan şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi olmuşdur. Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(062)-1803/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, Cavabdeh4 11.000(on bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq İddiaçı2 verilməsi; İddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlk növbədə qeyd edilir ki, hazırkı iş üzrə iddia ərizəsində iddiaçı qismində İddiaçı1 göstərildiyi halda, sonuncunun etibarnamə üzrə nümayəndəsi (vəkil) tərəfindən məhkəməyə verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizədə İddiaçı2 da iş üzrə iddiaçı qismində qeyd edilməklə ərizə həmin şəxs tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi isə İddiaçı2 iş üzrə iddiaçı qismində qəbul etmişdir. Halbuki, MPM-nin 55.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Baxılan işdə İddiaçı2 müstəqil iddiasının olması iş materialları ilə müəyyən edilmir. Habelə, məhkəməyə ünvanlanan iddianın dəqiqləşdirilməsi barədə ərizədə şəxsin iddiaçı qismində göstərilməsi də onun iş üzrə iddiaçı qismində tanınmasına əsas vermir. Digər tərəfdən, MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Qanunverici işdə iştirak edən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin iddia ərizəsində göstərməli olduğunu imperativ qaydada müəyyən etmişdir və iddia ərizəsinin tərtibi zamanı bu qaydaya riayət edilməsi mütləqdir. Hazırkı işdə isə iddiaçı tərəfindən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə verilən ərizədə mülki prosessual qanunvericiliyin bu tələbinə riayət edilməmiş, cavabdehlərin eyniləşdirməsinə imkan verən MPM-nin 149.2.2-ci maddəsindəki məlumatlar ərizədə göstərilməmişdir. Eyni zamanda, mülki prosessual qanunvericilik iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələbin iddia ərizəsində göstərməli olduğunu imperativ qaydada müəyyən etmişdir və iddia ərizəsinin tərtibi zamanı bu qaydaya riayət edilməsi mütləqdir. Baxılan işdəki iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı tərəf mülki prosessual qanunvericiliyin bu tələbinə də riayət etməmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilir ki, «Yol nəqliyyat hadisəsinə görə aralarındakı razılaşmaya əsasən o ona yeni avtomobil alıb verməli idi. O da əzik olan Mersedes 208 markalı avtomaşını və sığorta pulunu verməli idi. O üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Belə ki, o 31 mart 2024-cü il tarixdə Cavabdeh2 məxsus “Mersedes Benz 208” mikro avtobus markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11000 manata almışdı. Elə həmin gün də, yəni 31 mart 2024-cü il tarixdə Cavabdeh2 ona ƏN İX 293151 nömrəli baş etibarnamə verdi. Hazırda o əzik avtomaşını geri tələb edəndə o get əlindən gələni elə demişdir. Hazırda cavabdeh öhdəliyi yerinə yetirmir. Sənədlərdən də məlum oldu ki, Cavabdeh3 ilə birləşib onu aldadıblar». Göründüyü kimi, 11000 manat vəsaitin hansı cavabdehdən tələb edildiyi əsaslandırılmadığından tələb aydın deyildir. Həmçinin, digər iki cavabdehə qarşı yönələn tələb nə ərizədə qeyd edilmiş, nə də ki, əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının iddia ərizəsində tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən ibarət olmuşdur. Bu tələb qiymətləndirilməyən iddia olmuş və qanunvericiliyə görə belə növ iddialara məhkəmədə baxılması üçün ödənilməli dövlət rüsumu 100 manat təşkil edir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə isə tələb 11000 manat vəsaitin qaytarılmasından ibarət olmuş, bu iddiaya məhkəmədə baxılması üçün ödənilməli dövlət rüsumu isə 123 manat olduğu halda, iddiaçı qalıq (123-100=23) dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Bu halda birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünü araşdırmalı, iddia ərizəsinin forma tələblərinə əməl olunmadığına görə MPM-nin 259.0.12-ci maddəsinə əsasən nöqsanların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddət təyin etməli və həmin müddətdə iddia tələbi dəqiqləşdirilmədiyi halda iddia ərizəsi baxılmamış saxlamalı idi. Çünki, MPM-nin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Lakin, məhkəmə tərəfindən bu prosessual tələblərə əməl olunmamışdır. MPM-nin 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olubolmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. MPM-nin iddia ərizəsinin baxılmamış saxlanması qaydası və nəticələrini tənzimləyən 260.2ci maddəsinin tələbinə görə, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanılmaqla yanaşı iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 259, 263-264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(062)-1803/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar