Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1335/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(021)-424/2025 saylı qətnaməsindən cavabdeh "Azəriqaz" İstehsalat Birliy tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir;
2. X3 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” №0356927 saylı xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Azəriqaz İBnin əməkdaşları tərəfindən Komissiyanın üzvlərinin iştirakı ilə ərazidə reyd keçirilərkən Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan smart tipli sayğaca baxış keçirilən zaman sayğacın açılaraq tərsinə qoşulduğu və təbii qazdan oğurluq istifadə olunduğu aşkar olunmuşdur. Qaz sayğacı normativə uyğun quraşdırılaraq blomlanmalı, itirilimiş qazın hesablanaraq dəyərinin abonent tərəfindən ödənilməsi qeyd olunmuşdur;
3. X3 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 14688 m3 kimi hesablanmışdır;
4. Abonentin saldosundan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2022-ci il üçün qalıq və aktlar üzrə borc 1762,56 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 1762,56 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Samux kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Mavi qazdan istifadə edir, istifadə olunmuş qazın pulu vaxtında ödəyir. Cavabdeh İB-nin X6 idarəsinin Bərdə rayon filialının əməkdaşları xx.xx.2022-ci ildə sayğaca baxış keçirilmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, abonentə məxsus smart tipli qaz sayğacı açılaraq tərsinə qoşulmuş, təbii qazdan istifadə olunmuşdur. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır, Sayğacın dəyəri və dəymiş ziyan 1762.56 manat abonent tərəfindən ödənilməlidir. Qaz sayğacına heç bir müdaxilə etməmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(021)-424/2025 saylı qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********03770) hesablanmış 1762,56 manat cərimə borcunun silinməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə, “«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə və 18-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2 və 6.7-ci maddələrinə, həmin qaydaların 4.5, 4.8, 6.1.1, 6.1.2, 6.1.4, 6.1.6-cı bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı Cavabdeh Tərtər X5 İdarəsinin Bərdə Xidmət Sahəsində abonenti kimi xx.xx.2020-ci il tarixdən Smart tipli **********9 nömrəli qaz sayğacı quraşdırılaraq **********03770 nömrəli hesabla qeydiyyatdadır. Cavabdeh İB-nin X6 İstismar İdarəsinin mütəxəssislər tərəfindən Bərdə rayonu, Samux kəndində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış smart markalı **********9 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilən zamanı iddiaçının qaz xəttinin üzərindəki qaz sayğacını şəbəkəyə tərs quraşdıraraq təbii qazdan qeyri-qanuni istifadə etməsi halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Regionun işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Video çəklişə baxılarsa smart qaz sayğacını şəbəkəyə tərs qoşularaq qeyri-qanuni qazdan istifadə edərək talanması tam aşkar olunaraq görüntülənmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №4471281 saylı xx.xx.2021ci il tarixli Aktdan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. Əslində sayğacda hər hansı bir müdaxilə halı aşkar olunmayıb və qaz sayğacı çıxarılıb dövlət yoxlanmasına göndərilməyib qeyd olunan ******* saylı xx.xx.2021-ci il tarixli akt başqa abonentə X1 aiddir, İddiaçı aid “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt 48446887 saylı xx.xx.2022-ci il tarixli Aktdı və Akta görünür ki, sızma və digər hallar aradan qaldırılaraq plomblanmışdır. Məhkəmə qətnaməsində qeyd olunur ki, X3 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 14688 m3 kimi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Abonent kodu: **********03770 olan abonent İddiaçı adına olan Bərdə rayon Samux kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2022ci il üçün qalıq və aktlar üzrə borc 1762,56 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon Samux kəndində ünvanında yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək iddiaçının sayğacı tərs çevirdiyini və təbii qazı taladığını bildirsə də məhkəməyə bunu sübut edəcək dəlil təqdim edə bilməmişdir. Məhkəmənin qətnamədə göstərdikiləri əsassızdır, sayğaca müdaxilə halı deyil sayğacın giriş və çıxış hissələrini dəyişərək tərs bağlanaraq qazdan istifadə etmişdir. Abonent 2021-ci ilin 9 ayını, 2022-ci ilin 12 ayını Smart sayğaca heç bir ödəniş etmədən istifadə etmişdir. Abonentin Smart saldosuna nəzər yetirilsə bunu aydın görmək olur. Bunula bağlı sübutlar, lazımı sənədlər və foto, video çəklişləri məhkəməyə təqdim olunmuşdur. Cavabdeh İB-nin X6 İstismar İdarəsinin mütəxəssislər tərəfindən Bərdə rayonu, Samux kəndində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış smart markalı **********9 nömrəli qaz sayğacına xx.xx.2022-cü il tarixdə baxış keçirilən zamanı iddiaçının qaz xəttinin üzərindəki qaz sayğacını şəbəkəyə tərs quraşdıraraq təbii qazdan qeyri-qanuni istifadə etməsi halı aşkar olunaraq və tərs bağlanmış Smart sayğac açılaraq normativə uyğun quraşdırılaraq plomblanaraq aktlaşdırılmışdır. Bununlada iddiaçının borcu özünün istifadə etdiyi təbii qaza görə yaranmış borcudur və onun tərəfindən ödənilməlidir. Məhkəmə düzgün araşdırma aparmamış və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Prosessual məsələlər
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında Tərtər RQİİ-də struktur dəyişikliyi ilə əlaqədar olaraq imtahan keçirilməsi səbəbindən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
14. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
15. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
16. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.
17. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
18. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İddiaçı məxsus Bərdə rayonu Samux kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğac çıxarılmışdır. Həmin vaxt sayğacın çıxarılma səbəbi kimi “sızma” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacının qaz sayğacını şəbəkəyə tərs quraşdıraraq təbii qazdan qeyri-qanuni istifadə etməsi halı barədə müvafiq sənədləşdirmə aparılmışdır. Bununla da cavabdeh təşkilat 14688 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən istehlakçıya 1762,56 manat borc hesablanmışdır. İstehlakçı İddiaçı cərimə borcunun qanunsuz olaraq abonent hesabına yazıldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: 32.“Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”
33. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.
34. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. Analoji norma, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir).
36. Hazırkı işdə sayğaca müdaxilə aşkar edilməsi barədə aktın bir nüsxəsinin müvafiq dövlət orqanına göndərilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə həmin orqanın və ya məhkəmənin qərarı olması müəyyən edilmir ki, bu halda cavabdeh təşkilatın qaz itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində iddiaçının abonent hesabına borc hesablaması qanuni hesab edilə bilməz.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 2(021)-424/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.