Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1363/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(062)-905/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ölüm haqqında AZ İ 996252 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 28 nömrə ilə qeydiyyat aparılmışdır;
2. Doğum haqqında 284720 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. X1, anası isə Səyalı Abdullayevadır;
3. Təbii qazın alqı-satqısı barədə xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, müqavilə paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında bağlanmışdır. Müqavilənin şərtinə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir;
4. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent Allahverdiyev (Abdullayev) Məhəmməd Əmiraslan oğluna məxsus fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt aşkar edilmişdir;
5. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, qaz piltəsi PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 180 gün, radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 180 gün, qeyri standart su qızdırıcı QSSQ (100 L) maksimal saatlıq qaz sərfi 1 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 25488 kub metr müəyyən edilmişdi;
6. İddiaçı məxsus abonentin saldosundan görünür ki, müvafiq akt əsasında 2023-cü ilin fevral ayı üzrə ona 3058,56 manat cərimə hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında ona hesablanmış 3058,56 manat cərimə məbləğinin azaldılaraq faktik istifadəyə uyğunlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mərhum X1na məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. Etiraf edir ki, 2022-ci ilin dekabr ayında maddi imkanı aşağı olduğu üçün istifadə etdiyi qazın dəyərini ödəyə bilməmiş və ilin soyuq ayı olduğundan evin qızdırılmasına görə sayğacdan kənar xətt çəkmişdir. Həmin kənar xətt cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və ona 3058,56 manat cərimə yazılmışdır. Hansı ki, kənar xətt üzrə cəmi iki ay qazdan istifadə etmişdir. Etdiyi ödənişlər buna sübutdur. Bu səbəbdən düşünür ki, hesablanmış cərimə şişirdilmişdir.
9. Tovuz Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(062)-905/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbi təmin edilərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********1370 olan fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli akt əsasında yazılmış cərimənin azaldılaraq 1000 (bir min) manat həddində müəyyən edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 1243.2 və 1255-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1, 11.6 və 13.8-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X5” haqqında Qərarının 3.1.10, 3.1.11, 4.1, 5.1, 5.2, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-2 və 6.5-3-cü bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı İddiaçı verdiyi izahatında sayğacdan kənar qeyri-qanuni qoşulma faktını etiraf etmişdir. Qeyd edilənlərdən aydın görünür ki, qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən xx.xx.2023-ci il tarixdə X5nın pozulması haqqında ******* saylı akt əsasında 3058,56 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 2058,56 manat borc məbləğinin silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği qaz xəttinə qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etməmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
16. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”
18. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
19. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023-cü il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, bu səbəbdən xx.xx.2023-cü il tarixli X5nın pozulması haqqında ******* saylı akt əsasında 3058,56 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı (istehlakçı) özü də etiraf edir ki, kənar xətt vasitəsi ilə təbii qazdan sayğac göstəriciləri olmadan istifadə etmişdir. İstehlakçı qaz paylayıcı tərəfindən müəyyənləşdirilmiş ziyan məbləğinin həddən artıq hesablandığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
35. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
36. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
37. İşin hallarından göründüyü kimi abonentin istifadəsində olmuş qaz sayğacına qanunsuz qoşulma halları aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin Cavabdeh tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir.
38. Çünki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.
39. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçının (abonent kodu **********01370) sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar olunması ilə əlaqədar qaz işlədicilərdən PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3 saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, İran sobası maksimal saatıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, radiator sobası maksimal saatıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, qeyri standart su qızdırıcısı QSSQ-100 l-lik maksimal qaz sərfi 1m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 25488m3 dəymiş ziyan müəyyən olunmuşdur.
40. Göründüyü kimi, istehlakçının təbii qaz vasitəsilə işlətdiyi məişət əşyaları - qaz piltəsi, İran sobası, radiator sobası və QSSQ-100 olmuşdur. Cavabdeh tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən qeyd olunmuş məişət əşyalarının orta günlük iş rejimi sərfiyyatı 24 saat müddətlə hesablanmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, qaz piltəsi, İran sobası, radiator sobası və QSSQ-100 adlı qaz işlədicilərin orta günlük iş rejiminin 24 saat hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, qaz sayğacı fərdi yaşayış evinə quraşdırılmışdır. Belə olan halda fərdi yaşayış evində sözügedən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan hal deyil. Bundan başqa, iş materiallarında olan abonent saldosu adlı sənədə əsasən abonentin müvafiq aylar üzrə sərf etmiş olduğu qaz sərfinin həcmi ilə Cavabdeh tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən nəzərə alınmış qaz səffiyyatı həcmi (24 saat) sistemli şəkildə tədqiq olunduqda kənar xətt qoşulmasına görə müəyyənləşdirilmiş qaz sərfiyyatının həddən artıq dərəcədə çox hesablanmış olması təsbit edilir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət əşyalarının hər birinin gündəlik sərfiyyatının 12 (on iki) saat hesablanması inandırıcı və ağlabatandır. Həmçinin məişət əşyalarının hər birinin gündəlik qaz sərfiyyatının 12 saat hesablanması abonentin saldo üzrə müvafiq aylara görə sərf etmiş olduğu qaz həcmi ilə də uyğun gəlir.
43. Bununla yanaşı, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində kənar xətt 2023-cü ilin fevral ayında aşkar edilmişdir. Bu halda iddiaçının həmin xətti 2022-ci ilin dekabr ayında qoşması ağlabatandır ki, bu qənaətə uyğun olaraq da dəymiş ziyanın məbləği müəyyənləşdirilərkən 90 gün hesabat müddəti nəzərdə tutulması düzgün və əsaslıdır.
44. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğini düzgün qaydada hesablayaraq 1000 manat ziyan məbləği müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(062)-905/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.