Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1379/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadından Cavabdeh2 prosessual hüquq varisi X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh2, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən ********** nömrəli çıxarışa əsasən mərhum anası X1 adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin mərhumun payına düşən 0,10 ha hissəsinə dair tərib olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(062)-1237/2021 nömrəli (hakim N.Mustafayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti, eləcədə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(062)-1237 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə təmin edilməsi; Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(062)-1237 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı X3 Cavabdeh2 prosessual hüquq varisi kimi işə cəlb edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2023-cü il tarixli 2(1040-562/2023 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(062)-1237/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(104)-562/2023 nömrəli qərardadı ləğv edilməsi; Tovuz rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-562/2022 nömrəli mülki iş icraatdan çıxarılması və Tovuz rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadından narazı qalan Cavabdeh2 prosessual hüquq varisi X3 şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, qərardad əsassızdır və məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Ona görə də qərardad ləğv olunmalıdır. Tovuz Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(062)-1237/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı. maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1. maddəsinə əsasən, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2. maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(062)-1237/2021 nömrəli qətnaməsinin surətini İddiaçı1 23 sentyabr 2021-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etsədə, sonuncu apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verməmişdir. Ona görədə İddiaçı1 ötürülmüş prosessual müddətin bərpası barədə ərzə vermiş, birinci instansiya məhkəməsidə ərizəni təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Eləcədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıdada qeyd olunduğu kimi İddiaçı1 anasından miras qalmış əmlakla bağlı notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmiş və iddia tələbində qeyd etmişdir ki, anasından miras qalmış torpağı atası ilə birlikdə o da qəbul etmişdir. Lakin sonuncunun iddiası təmin olunmamışdır. Qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı apellyasiya şikayəti verməmiş, bu səbəbdən də ötürülmüş prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 prosessual müddətin bərpası barədə ərizəsini təmin etməklə sonuncunun apellyasiya instansiyasında məhkəmə müdafiəsi hüququnun əlçatanlığını təmin etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2. maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3. maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadından Cavabdeh2 prosessual hüquq varisi X3 tərəfindən verilmiş şikayət əsasız olduğundan, eləcədə təmin edildiyi halda İddiaçı1 prosessual hüquqlarının məhdudlaşdırılmasına səbəb ola biləcəyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 prosessual hüquq varisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(062)-1237/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1379/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1379/2023
12.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver