Məhkəmə qərarları › İş №2(104)-1381/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1381/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1381/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə PXA********** №-li icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən icbari sığortalanmışdır.

2. İş materiallarına əlavə edilmiş PXA91477 saylı sığorta aktından, cari hesabdan çıxarış və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X3 plastik kart vasitəsilə 265 manat məbləğində pul vəsaiti ödəmişdir.

3. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* nömrəli protokola və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

4. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtomobil Bakı şəhərində X2 mülkiyyətçisi olduğu, hadisə baş verən zaman X4 etibarnamə ilə idarə etdiyi “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə zərər vurulmuşdur.

5. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə nişanlı avtomobilə 265 manat zərər dəydiyi müəyyən edilmişdir.

6. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müvafiq sürücülük vəsiqəsi mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC vurulmuş zərərə görə ödənilmiş 265 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C230” markalı, 90–EG– 522 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyulun 29-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukraina dairəsində “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Xətai DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Xətai DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2275 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Volkswagen Passat” markalı, 90–HV– 065 dövlət nömrə nişanlı avtomobilə 265 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 265 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2,-ci maddələrinə,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il, e-2(125)-2056/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsi nəzərə almamışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Hansı ki, sığorta hadisəsinin baş verməsində təqsirli olan Cavabdeh bu halı mübahisələndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan maddəni düzgün təvsir etməyərək iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Ümumiyyətlə sığorta şirkətinin bu sığorta hadisəsi üzrə düşdüyü zərər və bundan irəli gələn subroqasiya hüququ avtomobilin etibarnaməsiz idarə etməsi bir başa nəticəsidir. Əgər inzibat xətalar qanunvericiliyin tələbləri təmin edilmiş olsaydı, bu sığorta hadisəsi baş verməzdi, sığorta şirkəti zərərə düşməzdi və bu zərəri subroqasiya qaydasında tələb etməzdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

19. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

20. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

21. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

22. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

23. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

24. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

25. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;

30. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

31. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə PXA********** №-li icbari sığorta müqaviləsi ilə icbari sığortalanmış “Mercedes Benz C230” markalı, 90–EG–522 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi 29 iyul 2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində Cavabdeh tərəfindən idarə olunarkən X2 istifadəsində olan “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərər üzrə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir.

47. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında və subroqasiya hüququ haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Cavabdehin sürücülük hüququnun, yəni avtomobil idarə etməyə hüququnun olması onun etibarnamə, icarə müqaviləsi və digər qanuni əsaslar olmadan avtomaşını işlətməsi, istismar etməsi və ondan istifadə etməyə hüququ olmasını ehtiva etmir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

49. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X1 məxsus 90–EG–522 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” markalı avtonəqliyyat vasitəsini Cavabdeh idarə edərkən (onun adına etibarnamə olmamışdır) yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər yetirilmişdir. Qəza nəticəsində “Volkswagen Passat” markalı, 90–HV–065 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə 265 manat ziyan dəymiş, iddiaçı tərəfindən maşına dəymiş ziyanın qarşılığı olaraq 265 manat icbari sığorta ödənişi həyata keçirilmişdir. Sürücü, yəni Cavabdeh avtomaşını idarə etməyə sürücülük vəsiqəsi olan şəxsdir.

50. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də, bundan ibarətdir.

51. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.

52. Bu cür əsasın qanunda olması həm də, sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də, qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir.

53. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

54. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də, İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də, müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti ilə məşğul olan şəxsləri də, buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin, yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da, bunu təsdiq edir.

55. Kollegiya bununla bağlı qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsiinin dispoziyası da, birbaşa qeyd edir ki, istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilmə zamanı , müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yəni, hüququ olmayan şəxsə qarşı subroqasiya hüququnun yaranması üçün nəqliyyat vasitəsinin sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi zəruri şərtdir. Lakin iddiaçı tərəfindən tərəfindən hazırkı iş üzrə cavabdehin sığorta olunanın razılığı olmadan nəqliyyat vasitəsini idarə etməsi barədə hər nansı sübut iş materiallarına əlavə edilməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəasının yer alması və bu halın sübut olunmasının isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşməsi dəlili ilə bağlı qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin sığorta olunanın razılığı olmadan nəqliyyat vasitəsini idarə etməsi və bununla da, ona qarşı subroqasiya hüququ yaranmasını iddia edərək məhkəməyə müraciət etmişdirsə, həmin halın yəni, sığorta olunanın razılığı olmadan nəqliyyat vasitəsini idarə etməsi halının sübut edilməsi yükü də, iddiaçının üzərinə düşür. Etibarnamənin olmaması özü-özlüyündə belə bir razılığın olmaması anlamına gəlmir. Odur ki, kolllegoya apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.

56. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(125)-2056/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2056/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar