Məhkəmə qərarları › İş №2(104)-1382/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1382/2023

06.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1382/2023 06.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-212/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 Xidmət Mərkəzi Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-212/2023 saylı qətnaməsi ilə (sədrlik edən F.Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-212/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində qeydə alınmışdır. Reyestr çıxarışında Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 adları qeyd olunmuşdur. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətindədir. 2020-ci ilin mart ayında cavabdehlərin arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən torpaq sahəsinin 0.02 ha hissəsini, Cavabdeh1 da özünə məxsus torpaq sahəsinin 0.02 ha hissəsini, Əli Əhmədovun nəvəsi X2 bağışlamalı idi. Qeyd olunan razılaşmaya əsasən 0,02 ha torpaq sahəsi notarial qaydada bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanmışdır. Birbaşa Bəynaminin adına bağışlama olmadığına görə notarius izah etmişdir ki, qanunvericilik buna icazə vermir. Məhz bu əsasa görə torpaq sahəsi Cavabdeh1 bağışlanılmışdır. Hazırda Rafiq razılaşmadan imtina edir və torpaq sahəsini Bəynaminin nənəsinin adına sənədləşdirmək istəyir. Bundan başqa bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqlarını pozmuş, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanması müəyyən edilməmişdir. Həmçinin bağışlama müqaviləsi bağlanan zaman digər mülkiyyətçilərin razılığı alınmamışdır. Daşınmaz Əmlakın bağışlanmasına dair müqavilədən aydın görünür ki, o və X6 bağışlama müqaviləsini imzalamamışlar. Bağşlama müqaviləsində imzaları olmadığı halda onların torpaq sahəsi Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh X12 Xidmət Mərkəzi Notariat Ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Bəynamin cavabdehlərin qardaşı oğlu olmaqla, onun da əmisi nəvəsidir. Cavabdehlərdən Elşan isə onun atasıdır. Həmayə onun nənəsi, Midvarı anası, Rafiq isə əmisidir. Apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nümayəndəsi və Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-212/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Həmayə onun qayınanası, Elmin oğlu, Elşan isə yoldaşıdır. Onlar mübahisəli torpaq sahəsinin Bəynaminə bağışlanmasını ona bildirmişlər. O da razılaşmışdır. Ancaq sonradan bilmişdir ki, Rafiqə bağışlanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında göstərdi ki, Elmin oğlu, Midvari isə yoldaşıdır. Onların hər birinin evi var. Torpaq sahəsi bağışlanarkən onun ailəsinin razılığı olmamışdır. Hesab edir ki, o səhv edib torpağı Rafiqin adına bağılamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Elşan onun qardaşı, Həmayə isə anasıdır. Bəynamin isə qardaşının nəvəsidir. Anası onunla yaşayır. Həmin torpaq sahəsində 2 ev var. Birində o, ikincidə isə Bəynaminin atası Peyman, nənəsi Adilə yaşayır. Həyətdə o anası ilə, Elşan isə ailəsi yaşayır. Torpaq sahəsi anası və qardaşı tərəfindən ona könüllü olaraq iradələrinə uyğun bağışlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(062)-212/2023 saylı qətnaməsini iddiaçılardan yalnız İddiaçı2 mübahisələndirsə də, onun tələbi həmin qətnamənin ləğvinə yöləldiyindən və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etdiyindən, mübahisənin predmeti bölünməz olduğu üçün, qətnaməsinin əsaslılığını tam yoxlanılır. İş materiallarında olan: Reyestr nömrəsi 4Ə-358 olan notariat işindəki xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər X1 rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin ona məxsus 0,05 ha hissəni, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 ha hissəni hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Reyestr nömrəsi 4Ə-358 olan notariat işindəki İddiaçı1 razılıq ərizəsindən görünür ki, o, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin əri X3 məxsus olan 0,05 ha hissəsindən 0,02 ha hissəsinin özgəninkiləşdirilməsinə etiraz etmir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X4, X3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X4, X3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, onların mülkiyyət hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə verənlər X5 həmin torpaq sahəsinin ona məxsus 0,05 ha hissəsini, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 ha hissəni hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Eyni zamanda İddiaçı1 razılıq ərizəsi əsasında əri X3 məxsus olan 0,05 ha hissəsindən 0,02 ha hissəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçıların iddiasının əsasını təşkil edən – yəni şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlili məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. Digər tərəfdən həqiqətən belə razılaşma var idisə müqavilə şərtlə bağlana bilərdi. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin bağışlanma müqaviləsi belə bir şərtlə bağlanılmamışdır. Həmçinin apellyasiya dəlilində göstərmişdir ki, bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqlarını pozmuş, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanması müəyyən edilməmiş və digər mülkiyyətçilərin razılığı alınmamışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, iş materialları işdə iştirak edən şəxslərin bağışlanma müqaviləsi zamanı hər birinin faktiki razılığının olması təsdiq edilir. Belə ki, onlar mübahisə edilən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması şərti ilə Cavabdeh1 bağışladıqlarını bildirirlər ki, bu hal həmin müqavilənin məzmunu ilə təkzib edilir. Belə ki, həmin müqavilədən görünür ki, orada heç bir şərt və öhdəlik müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, paylı mülkiyyətdə olan mülkiyyətçi payını əvəzi ödənilmədən özgəninkiləşdirdikdə, yəni bağışladıqda digər mülkiyyətçilərin razılığına zərurət yoxdur. Belə ki, bu zaman digər mülkiyyətçilərin üstünlük hüququ yaranmır. Əvəzsiz müqavilələr odur ki, bu müqavilələrdə bir tərəfin etdiyi hərəkətə görə digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz alması nəzərdə tutulmur. Bu cür müqavilələrdə bir tərəfin digər tərəf üçün hər hansı bir hərəkət etməsi (əmlak verməsi, iş görməsi, xidmət göstərməsi) qarşı tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Ona görə də digər mülkiyyətçilərin razılığının alınması dəlili qəbuledilən deyildir. Bundan başqa, iş materiallarının 58-ci səhifəsində olan razılıq ərizəsindən görünür ki, İddiaçı1 əri X3 məxsus 0.05 ha torpaq sahəsinin 0.02 ha-nın özgəninkiləşdirməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsızlığı üçün heç bir qanuni əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tərəf bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün, yalnız şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlilini irəli sürmüşdür ki, bu dəlil yuxarıda qeyd edildiyi kimi əqdin etibarsızlığına əsas yaratmır. Belə ki, Azərbaycan Respublikasının MM-nin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi nəticəsində hədiyyə alan zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. Digər tərəfdən, tərəflər arasında bağışlama müqaviləsindən görünür ki, o, hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq, hazırkı iddianı təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar