Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1384/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra- Birlik) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli qətnaməsindən Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik ilə cavabdeh arasında 19 aprel 2023-cü il tarixdə XS-45-00193/23 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə(bundan sonra- Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. 18 noyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, abonent Cavabdeh(cavabdehin) 2024-cü ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 3566,59 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Birlik, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabehdən təbii qazdan istifadəyə görə yaranmış 3566,59 manat borcun və 55,66 manat dövlət rüsumunun tutularaq Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birlik tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı Tərtər regional qaz istismarı idarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00230 olmaqla 19 aprel 2023-cü il tarixli, XS-45-00193/23 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Mingəçevir şəhəri üzrə xidmət sahəsi tərəfindən cavabdehin mənzilində 10347023 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə cavabdehin 3566,59 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, onun Birliyə 5 il bundan əvvəl az məbləğdə borcu olsa da 3566,59 manat məbləğində borcunun olması barədə məlumatı olmamışdır. İddiaçı tərəfindən borc məbləği hədsiz dərəcədə şişirdilmişdir. Onun heç vaxt bu qədər borcu olmamışdır. Həmçinin, o, 5 ildən artıqdır ki, qazdan istifadə etmir. Bu müddət ərzində bu qədər borcunun olması ilə bağlı ona heç bir bildiriş göndərilməmiş və ya məlumat verilməmişdir. Odur ki, iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(040)- 247/2025 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia ərizəsində abonentə hesablanmış cəmi 3566,59 manat debitor borcun 2022-ci ildən yarandığını göstərsə də, iddia ərizəsinə əlavə edilmiş və abonentlə bağlı aparılmış mühasibatlıq məlumatlarını əks etdirən abonent saldosunda hazırki iddia üzrə cavabdeh abonentə hesablanmış debitor borcun 2010-cu ilin sentyabr ayından hesablandığı görünür. Mülki Məcəllənin 373.3-cü maddəsindən görünür ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iddia ərizəsi 19 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda abonentin 2021-ci ilin dekabr ayınadək mövcud ola biləcək borcuna görə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına”, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə düzgün deyil, çünki abonent 2021-ci il sonuna kimi aktiv olub, qazdan az da olsa istifadə edib, ödəniş həyata keçirib və digər tərəfdən iddia qaldırılan vaxtdan əvvəlki üç il müddətin məbləğinin silinməsi də doğru deyil və qəbul edilməzdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Birliyin nümayəndəsi İlham Xəlilov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun təbii qazdan istifadəyə görə təxminən 300-350 manat borcu var. Borcu ödəməyə isə maddi imkanı yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Birlik apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.2., 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından(abonentin saldosundan) görünür ki, cavabdeh 2010-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər ünvan 1 ünvanında yerləşən yaşayış evində təbii qazdan istifadə edib və həmin dövr üçün cavabdehin 3566,59 manat borcu yaranıb. Cavabdehin iddia tələbinə etirazının dəlili odur ki, onun borcu 3566,59 manat deyil, daha azdır və hazırki tələb üzrə iddia müddəti ötürülüb. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin borc məbləğinin daha az olması ilə bağlı dəlilinə münasibətdə Məhkəmə bildirir ki, cavabdeh bildirdiklərini təsdiq edəcək sübutları məhkəmələrə təqdim etmədiyindən onun etirazı əsaslı sayıla bilməz. Əksinə cavabdehin şəxsi hesabı sayılan abonentin saldosundan müəyyən olunur ki, cavabdehin 3566,59 manat borcu var. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddia tələbinə bütövlükdə iddia müddətini tətbiq etməkdə Rayon Məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia ərizəsi məhkəməyə 19 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin tarixdən əvvəlki 5 il ərzində yaranmış debitor borcuna münasibətdə iddia müddəti ötürülmədiyindən həmin hissədə iddia tələbi təmin edilməlidir. Abonentin saladosundan görünür ki, 2019-cu ilin dekabrında cavabdehin təbii qazdan istifadəyə görə 158,80 manat, 2020-ci il üçün 743,30 manat, 2021-ci il üçün isə 690,15 manat borcu, cəmi 1592,25 manat borcu yaranmışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, 2010-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayına qədər hesablanmış debitor borcuna münasibətdə iddia tələbi təmin edilə bilməz, çünki Birlik həmin dövrdə yaranmış borc məbləğinə münasibətdə iddia müddətini ötürmüşdür. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh məcburi köçkün statusunda olan şəxs olduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Birliyin özünə aid edilməlidir. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Birliyin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia qismən təmin edilərək, 1592,25 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qətnamə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış 1592,25 manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1384/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1384/2025
28.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver