Məhkəmə qərarları › İş №2(104)-1388/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1388/2024

25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1388/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ona ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə vardır. Müəsssisənin adına çxıarışı vardır. Müssisə "xxxx" MMC-yə icarəyə verilmiş və ticarət xidməti kimi fəaliyyət göstərir. Müəssisə "xxxx" ASC tərəfindən işıqla təmin olunmuşdur, istehlakçı odur. 04 avqust 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları müəssisəyə quraşdırılmış sayğaca onun iştirakı olmadan baxış keçirmişlər, baxış zamanı guya sayğacda qüsur aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun iştirakı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün ona 4103 manat borc yazılmışdır. Borcun necə hesablanması, sayğaca müdaxilədə onun (istehlakçının) təqsirinin nədən ibarət olması məlum deyil. O, "xxxx" ASC-nin X4 müraciət edərək həmin borcun hansı əsasla yazılması barədə sənəd tələb etsə də, onlar yalnız Abunə Haqqında vərəqə təqdim etmişlər. Həmin vərəqədə isə yalnız onun xx.xx.2023-cü il tarixə 4103.11 manat borcunun olduğu yazılmışdır. Həmin vaxt cavabdeh təşkilatın əməkdaşları ona məlumat verməmişlər və sayğacda hər hansı müdaxilə olduğunu bildirməmişlər. Eləcə də sayağaca baxış keçirilərkən istehlakıçının iştirakı təmin edilməmiş, həmin akt onun tərəfindən imzalanmamış, imzalamaqdan imtina barədə heç bir qeyd aparılmamışdır. Aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Eləcə də, aktda vurulmuş məbləğ barədə heç bir məlumat qeyd edilməmişdir. Belə olan halda hesab edir ki,"xxxx" ASC tərəfindən ona 4103 manat borc qanunsuz və əsassız olaraq yazılmışdır. İşin halları: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-155/2024 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-155/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-155/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-155/2024 nömrəli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən qüvvədə olan maddi və prossesual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən və birinci instansiya Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən həmin qətnamə tamamilə ləğv edilərək, iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməli idi. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə düzgün araşdırmadan qətnamə qəbul etmişdir. İstehlakçıya "xxxx"ASC tərəfindən qanunsuz borc yazılır və istehlakçı əsassız olaraq sayğaca müdaxilə olunması ilə bağlı cərimə olunur. Birinci instansiya məhkəməsi heç bir ekspetiza keçirmədən, mütəxəssis rəyi olmadan "xxxx" ASC-nin qanunsuz tərtib etdiyi aktı mötəbər sayaraq vətəndaşın cərimə borcunu silməmişdir. “Elektrikenerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə ounur. Lakin, tərtib olunan xx.xx.2023-cü il tarixli aktda qaydalara əməl olunmadan qanunsuz akt tərtib olunmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizlik nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə borc hesablanması yolverilməzdir. Müdaxilənin məhz onun tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, sayğac müəssisəinin çöl tərəfində yerləşdiyi üçün həmin sayğaca olan müdaxiləyə görə istehlakçı məsuliyyət daşımır. Ona görə də, ilk öncə sayğaca müdaxilə olunub delikti törədən şəxs müəyyən olunduqdan sonra dəymiş ziyanın ödənilməsi tələb olunmalı idi. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikyətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya işdə iştirak edən şəxslərin subyektiv tərkibini, iddiaçının qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdehin hüquqi şəxs olduğunu, nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC qarşı ona ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, mübahisənin iddiaçı tərəfi sahibkar olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz sahibkarlıq fəaliyyətini həyata keçirən istehlakçının hüququnun müdafiəsi ilə bağlıdır. Odur ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-155/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar