Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1389/2024 24.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əsassız borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-149/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.
2. X4 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, abonent İddiaçı adına olan qaz sayğacına baxış keçirilərkən abonentin sayğacdan əlavə qaz xətti ilə təbii qazdan oğurluq məqsədilə istifadə etdiyi aşkar olunmuşdur. İtirilmiş təbii qazın dəyərinin abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur.
3. X4 tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********00610 olan abonent İddiaçı adına olan Bərdə rayon İ.Qayıbov küçəsində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 33696 m3 kimi hesablanmışdır.
4. Abonentin saldosundan görünür ki, Abonent kodu: **********00610 olan abonent İddiaçı adına olan ünvan 2 ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2022-ci il üçün 4043,52 manat qalıq cərimə borc yazılmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 9/7415 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, “Abonentin Saldosu” məlumatları nəzərə alınmaqla müəyyən edildi ki, abonent 2018ci il üzrə ümumilikdə 1061 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 106,1 manat təşkil etmişdir. 2018ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 88,42 m3, sərfiyyatın məbləği ortalama aylıq 8,84 manat təşkil edir. "Abonentin Saldosu " məlumatından göründüyü kimi abonent xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 1364 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 136,4 manat təşkil etmişdir. 2019-cu il üzrə 10 aylıq qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 136,4 m3, sərfiyyatın məbləği ortalama aylıq 13,64 manat təşkil edir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, abonent PQ-4 qaz pilitəsinin, QSSQ-100 L-lik avadanlığın və isitmə cihazının saatlıq qaz sərfiyyatı müəyyən edilməklə illik 33.696,0 m3 qaz sərfiyatının olması müəyyən edilmişdir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehǝ hesablanmış sərfiyyatın doğruluğunun muəyyən edilməsi ekspert mühasibin xüsusi biliyi xaricindədir. (Aparılmış tədqiqatın dəyəri 50 manat)
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 4000 manat cərimə borcun silinməsi və ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər Qaz İdarəsinin əməkdaşları xx.xx.2022-cu il tarixdə ******* saylı akt tərtib edǝrǝk C-4 **********6 zavod nömrəsi, ******* olan qaz sayğacına qaz sayğacından kənar guya istifadə oldunduğu üçün cərimə yazıblar. Aktda göstərilir ki, onların başqa qanunsuz qoşulmaları olub. Buna görə də 4000 manat cərimə yazılması üçün xx.xx.2022 ci il tarixdə ******* saylı akt tərtib etmişdirlər. Halbuki, onun əvvəlki illlərə diqqət yetirilsə görünər ki, 1 ildə 1000 manata kimi qaz yandırmamış, həmçinin də həmin evdə yaşamamışlar. Qaz xəttindən 1 həftənin içərsində bir o qədər qazdan istifadə etmək mümkün deyil. Bunlar necə olur ki vətəndaşların 1 ildə istifadə etmələrinə diqqət yetirməyib özlərindən gün və saatlar yazmaqla 1 ilə ən yüksək məbləğdə ödəməyini tələb edirlər. O isə qaz xətti kəsilməsin deyə 1000 manat pul ödəmişdir ki məhkəməyə müraciət edə bilsin. Guya abonent sayğacdan kənar əlavə qaz xətti ilə təbii qazdan oğurluq məqsədi ilə istifadə edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanaraq abonent tərəfindən ödənilməsi qeyd edilir. Bu tamamilə əsassız yazılan cərimədir. Həmin cəriməni qanunsuz hesab edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-149/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov), iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********00610 olan abonent İddiaçı hesablanmış 4000 manat əsassız yazılmış cərimə borcunun silinməsi, İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən onun tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması, iş üzrə ödənilməmiş 60 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə-mühasibat Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə, “Qaz istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011ci il tarixli, 80 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 4.2, 4.4, 4.5 4.8, 6.7-ci bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106, 107, 119.1, 216-220 və 222-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-149/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən iddia tələbinə dair etirazı və sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfin iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. X8 İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********00610 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı **********00610 saylı qaz hesabında 4043.52 (dörd min qırx üç manat, əlli iki qəpik) manat 09 dekabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Bərdə şəhəri, İ.Qayıbov küçəsi, ev 18-də yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 smart tipli ********** nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar qaz şəbəkəsinə əlavə xətt qoşaraq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. İddiaçı qeyd edir ki, 1 ildir ki, evdə yaşamır və 1 həftə içərsində qazdan isifadə edir və bu müddətə yüksək qaz həcmi yazılıb. Lakin video çəklişə baxsanız qaz xətti neçə illər əvvəl çəkilib çox ustalıqla divarın içərisilə çəkilərək üzəri qumlu suvaqla örülmüş və həyətdə tametlərin altı ilə aparılaraq müəyyən yerdə vintli krant qoyulmuşdur. Abonent qazdan istifadəsində özünün qeyd etdiyi kimi smart sayğac olduğu üçün baxış keçirən olmayıb, bunu fürsət bilib istədiyi vaxtı kənar xəttdən istifadə edirmiş, bundan əlavə evində istifadə etdiyi cihazlara nəzər yetirsək əvvəlki illərdə ödədiyi məbləğlə bu cihazların 1 ay ərzində istifadəsinə qaz həcmi yetərmi, xeyr bu səbəbdən abonentin əlavə xəttdən istifadəsi açıq aşkardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
16. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş və sonradan sayğacın çıxış plasmas borusunun deşilməsi əsası ilə xx.xx.2022-ci il, ******* nömrəli akt tərtib edilmiş, eləcədə həmin akt əsasında abonentə 4043,52 manat cərimə hesablanmışdır. Bununla razılaşmayan abonent İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də akt əsasında hesablanmış 4000 manat cəriməni abonentin hesabından silmışdır.
32. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, abonentin istifadəsində olan sayğaca məhz onun tərəfindən, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində hər hansı bir müdaxilə edilməsi iş materialları ilə təsdiq olunmur, eləcədə Cavabdeh İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.
33. Belə ki, “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir:
34. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”
35. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.
36. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
37. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir. (həmin norma yeni redaksiyada verilmişdir)
38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-149/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .