Məhkəmə qərarları › İş №2(104)-1398/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1398/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1398/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(066)-650/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Topalhəsənli kəndində mərhum Rəşid Hüseynovdan və mərhum anaları Nəzirə Hüseynovadan miras qalmış 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 271.39 kv.m olan 8 otaqlı yaşayış evinə hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(066)-650/2024 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev) İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi; İş üzrə İddiaçı3 "xxxx" ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, qəbzin nömrəsi 5098, sənədin FİN koduxxxxxxx, terminal nömrəsi Ko183011 ilə Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı3 geri qaytarılması; İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlər birlikdə qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qətnaməsi üzrə tərəflər Cavabdeh1 və Cavabdeh2 olmuşlar və məhkəmənin yekun aktı ilə atalarından və analarından miras qalan əmlaka birinci növbə vərəsə kimi Arif və Cavabdeh1ların 1/2 hissədə payları müəyyən edilmiş, birinci növbə vərəsə olaraq onların payı isə nəzərə alınmamışdır. Onlar mərhum ata və analarından qalmış mirasdan qardaşı Cavabdeh1 xeyrinə imtina etmiş, əvvəlki vərəsəlik mübahisəsinə baxan məhkəmə isə mirasdan imtinanın qanunla müəyyən edilmiş üç ay keçdikdən sonra verilməsini əsas göstərərək mirasdan imtinanı qəbul etməmişdir. Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(066)-650/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(104)-271/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi qismən - Cavabdeh2 və Cavabdeh1 mərhum X2 qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi X2 mülkiyyətində olmuş ev (X3 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında Cavabdeh2 və Cavabdeh1 aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, JN 064A, KOD 50800038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X3 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi və Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(102)-2509/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2 (104)-271/2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(104)- 271/2023-cü il nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, bundan sonra eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtina etməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçıların hazırkı iddia tələbinin faktiki əsasları, məzmunu və mahiyyəti baxımından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(104)- 271/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə eyni olmaqla sözügedən qətnamə ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miras qoyanlar (tərəflərin mərhum valideynləri) X4 və X1 miras qalmış əmlakın onların vərəsələri tərəfindən qəbul məsələsi, mirası qəbul etmiş vərəsələrin mirasda paylarının müəyyən edilməsi, o cümlədən mirasdan imtina etmiş vərəsələrin imtinasının qəbul edilib-edilməməsi məsələlərinə müvafiq hüquqi qiymət verilmişdir. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslara söykənir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263- 264, 267, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(066)-650/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar