Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1406/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: “cərimə məbləğinin silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimə məbləğinin silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1276/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 755 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yaşayır.
2. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı Bərdə rayonu Həsənqaya kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır.
3. İş materiallarında olan Abonentin saldosundan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yaşayan İddiaçı 2022-ci ilin noyabr ayında 1036,80 manat cərimə hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona əsassız olaraq hesablanmış 1036,80 manat borcun silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Bərdə rayonu Həsənqaya kəndində yerləşən mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 10034977 nömrəli qaz sayğacına Bərdə qaz idarəsinin işçiləri baxaraq guya sayğaca müdaxilə edildiyini bildirmiş və 2022-ci il ilin noyabr ayında sayğacı sökərək yoxlamaya göndərmişlər. xx.xx.2022-ci il tarixdə isə ona guya müdaxilə nəticəsində 1036.80 manat cərimə yazılmışdır.
6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh “Azəriqaz” İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin 2(021)-1276/2023 saylı mülki iş üzrə 15 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim: G.Abbasov ) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimə məbləğinin silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində cərimənin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi. qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1276/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsinin iddiabnın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinın tam rədd edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. ARNK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavənin 2.3.4-cü bəndinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi bu normanı düzgün tətbiq etməmişdir. Bərdə rayonu Həsənqaya kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 10034977 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 marklalı 10034977 nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-04484-1 saylı aktına əsasən G-4 marklalı 10034977 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixən abonent İddiaçı 8460 m3, yəni (8640x0.12=1036.80) 1036.80 manat itirilmiş qaz hesablanmışdır. Lakin Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1276/2023 qətnaməsində 1036.80 manat borcun silinməsi qət edilmişdir. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcun silinməsini qət etmişdir. Bundan əlavə məhkəmə iddianın müddətinin keçməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırılmışdır ki, iddiaçı qazdan istifadə etmişdir, yəni abonent məqsədli şəkildə sayğacın çıxış plastmas borusunu deşərək sayğacın hərəkət mexanizminin fasilələrlə işləməsinə şərait yaratmışdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd etməsinə mane olmuşdur. Bu səbəbdən Bərdə Rayon Məhkəməsinin 2(021)-1276/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
12. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
13. Maddə 13.9 – Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
14. Bənd 4.2 - Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. Bənd 4.7 - Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
16. Bənd 4.8 - Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
17. Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. Maddə 217.4 - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
21. Maddə 372.1 - Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. Maddə 372.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7 - Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 385.2 - Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
28. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməklə bağlı yaranan borcunun olması barədə heç bir sübut yoxdur, hesablanmış borc iddiaçının mübahisələndirdiyi Akta əsasən hesablanmışdır, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
29. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı qismən təmin edib, “Azəriqaz” İstehsalat Birliyinin 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul etməkdə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
31. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1036,80 (bir min otuz altı manat 80 qəpik) manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1276/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyinin 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 1036,80 (bir min otuz altı) manat 80 qəpik məbləğində cərimənin silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.