Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1414/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1224/2023 nömrəli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X1 adından xx.xx.2009-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X1 miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi barədə verilmiş şəhadətnamələrin ləğv edilməsi, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakı barədə payların müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh5 İddiaçı qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vəsiyyətnaməsi etibarsız hesab edilməsi, X1 miras əmlakı barədə verilmiş şəhadətnamələr ləğv edilməsi, X1 miras əmlakı barədə ƏMDX DƏDKR publik hüquqi şəxs Şəmkir Ərazi İdarəsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini və X2 bütün miras əmlaklarına bərabər payların müəyyən edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1224/2023 nömrəli qərardadı (hakim Rəşad Mustafayev) ilə iddiaçı İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Cavabdeh5 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməsi, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh5 şikayət verərək, qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini, əks təqdirdə şikayəti apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Həmçinin, Şükufə Bayramovanın əmanət kassasında mövcud olmuş pul vəsaitinin müəyyən edilməsi və həmin pul vəsaitinə vərəsələrin paylarının müəyyən edilməsi üçün məhkəmənin sorğu verilməsi barədə qarşılıqlı iddia ərizəsində məhkəməyə vəsatətdə verilmişdir. Lakin, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(076)-1224/2023 saylı qərardad çıxarılaraq qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən əsassız olaraq imtina edilmişdir. Qeyd edir ki, ilkin iddia ərizəsinin bildirişi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ona təhvil verilmişdir, qarşılıqlı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təhvil verilmişdir. Məhkəmə, qarşlıqlı iddia ərizəsinin ilk iddia tələbinin qarşılıqlı ödənməsinə yönəlməməsinə istinad etmişdir. Qarşılıqlı iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə tam riayət edilməklə verilmişdir. Bundan sonra ilkin iddia ilə eyni tələb olsa da iddia ərizələrinin əsası və predmeti fərqlidir. Həmçinin, qərardadda ziddiyyətli mövqelərdən biri də ondan ibarətdir ki, qərardadın ilk səhifəsində qarşılıqlı tələb ilk iddia tələbi ilə oxşar olduğu bildirilsə də, ikinci səhifəsində ilk tələb ilə qarşılıqlı tələb eyni tələb olduğu vurğulanır. Təkrar olaraq qeyd edir ki, qarşlıqlı iddia ərizəsinin əsas fərqlidir. Təqdim edilmiş və ediləcək sübutlar da ilkin iddia təqdim edilə bilməz və əhəmiyyətini itirər. Qarşılıqlı iddia ərizəsində iddia etdiyi predmetlə bağlı Şəmkir rayon, Ağlavaşlı kəndinin Bələdiyyə sədrinin müvafiq məktubu ərizəsinə əlavə edilmişdir. İstinad etdiyi miras əmlakı barədə sübutları mötəbərdir. Şəmkir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(076)-1224/2023 nömrəli qərardad ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Ona görə də, Məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)- 1224/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 26 aprel 2023-cü il tarixli 2(076)- 1224/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinə riayət edilmədən və ilk iddia tələbi ilə oxşar tələb qoyularaq verilmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi tərəflərin sayına uyğun olaraq ərizəyə əlavə edilməmiş, qarşılıqlı iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, həmçinin qarşılıqlı tələb ilk təələbin qarşılıqlı ödənilməsinə yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsində məhkəməyə müraciət qaydası kimi nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa dair konkret tələblər irəli sürülərək göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1-ci maddə). Azərbaycan Respublikasının MPM-in 150.1.1-ci maddəsində qeyd olunur ki, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) verilir. İş materiallarından göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qarşılıqlı iddia ərizəsinin surətini cavabdehlərin sayına görə verməmişdir. Azərbaycan Respublikasının MPM-in 149.2.5-ci maddəsində göstərilmişdir ki, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 150.1.2-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində göstərilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-in 152.1.5-ci maddəsində qeyd olunmuşdur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh5 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün sonradan dövlət rüsumu ödənilsə də, bu hal qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə əsas deyildir. Çünki, cavabdeh tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin dövlət rüsumu isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi, həmin sənəd məhz qarşılıqlı iddia ərizəsi məhkəməyə verilən zaman təqdim edilməli idi. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh5 verdiyi qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 156.1.1-ci maddəsinin tələbinə cavab vermir. Belə ki, cavabdeh ilk iddia tələbi ilə eyni məzmunda iddiaçıya qarşı iddia qaldırmışdır. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1224/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 26 aprel 2023-cü il tarixli 2(076)-1224/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1414/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1414/2023
24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver