Məhkəmə qərarları › İş №2(104)-1415/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1415/2023

07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1415/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Maraqlı şəxs1 nümayəndəsi Vəkil2 iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 saylı iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsindən Maraqlı şəxs1 nümayəndəsi Vəkil2 tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X2, əmiləri X11 və Maraqlı şəxs2 nənəsi X3 birinci növbə vərəsəsi hesab edilməsi faktının, onun atası X2, əmisi qızı Maraqlı şəxs3 əmisi X4 birinci növbə vərəsəsi hesab edilərək, 25,0 kv.m. bir yaşayış otağı və 17,4 kv.m. örtülü eyvan olan “A” literli yaşayış binasından, 12,1 kv.m. bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600,0 kv.m. ümumi torpaq sahəsindən ibarət Gəncə şəhəri X13 küçəsi 100 saylı ünvanda yerləşən mülklə bağlı onun, Maraqlı şəxs3 və Maraqlı şəxs2 mirası qəbul etmələri faktının müəyyən edilməsi, həmin mülkə dair onların vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(044)- 1932/2009 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X3 24 mart 1991-ci il tarixdə vəfatından sonra Gəncə şəhəri, X13 küçəsi, 100 saylı ünvanda qalmış fərdi yaşayış evindən ibarət miras əmlakın X5, X7 və Maraqlı şəxs2 tərəfindən qəbul edilməsi faktı, X2 07 aprel 2000ci il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun oğlu Ərizəçi tərəfindən qəbul edilməsi faktının, X4 01 fevral 2004-cü il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun qızı Maraqlı şəxs3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Gəncə şəhəri, X13 küçəsi, 100 saylı ünvanda qalmış 25,0 kv.m. bir yaşayış otağı və 17,4 kv.m. örtülü eyvan olan “A” literli yaşayış binasından, 12,1 kv.m. bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600 kv.m. torpaq sahəsindən ibarət olan miras əmlakın 1/3 hissəsinə Maraqlı şəxs2, 1/3 hissəsinə Ərizəçi və 1/3 hissəsinə Maraqlı şəxs3 vərəsəlik və mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Maraqlı şəxs1 nümayəndəsi Vəkil2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın kimin tərəfindən qəbul edilməsi ilə bağlı mübahisə olduğu üçün məhkəmə işə xüsusi icraat qaydasında baxa bilməzdi. Bununla yanaşı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi maraqlı şəxsin nənəsi Qasımova (Əsədova) Fatma Müseyib qızının adına olmuşdur. Qasımova (Əsədova) Fatma Müseyib qızı 24 mart 1991-ci il tarixində vəfat etmişdir. Nənəsinin üç övladı olmuşdur: atası X5, əmiləri X7 və X6. Nənəsinin vəfatından sonra onun övladlarının hər üçü mirasa faktiki yiyələnərək onu qəbul etmişlər. Lakin, atası mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 07 aprel 2000-ci il tarixində vəfat etmişdir. Atasının vəfatından sonra isə o da digər vərəsələr kimi sözügedən miras əmlakı faktiki qəbul etməklə onu idarə etmişdir. Belə ki, sözügedən miras əmlakda onlar tərəfindən ticarət obyekti tikilmişdir və bugünkü gündə də onu idarə edirlər (həmin ticarət obyektinə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncam da bacısına və əmilərinin ailələrinə verilmişdir). Bundan başqa, qardaşı, iş üzrə Ərizəçi notarial qaydada ərizə verərək mirasdan onun və bacısı X1 xeyrinə imtina etmişdir. Məhkmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 saylı iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət edən şəxs mirasın qəbul edilməsini, miras əmlaka qanun üzrə vərəsə kimi tanınmasını və payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi ərizə ilə bağlı mülki işə xüsusi icraat qaydasında baxaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına istinad olunmaqla apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-4-cü fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi icraat iddia icraatından fərqlənir və burada mübahisə və tərəflər olmur. Deməli, xüsusi icraat elə bir əlamətlərə malikdir ki, onu iddia icraatından fərqləndirməyi mümkün edir. Xüsusi icraatda elə bir hüquqi məsələlər tənzimlənir ki, orada hüquq mübahisəsi olmur. Baxılan iş üzrə tərəflər arasında hüquqi mübahisə yaranırsa, işin baxılması iddia icraatına keçirilir. Bu hal Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikasının MPM-in 259.0 və 259.0.10-cü maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikasının MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1932/2009 saylı iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və Ərizəçi Süliddin oğluna ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 385.1.1, 387.2.8, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 saylı mülki iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Ərizəçi Süliddin oğluna ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilsin. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar