Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1417/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (anası) X3, həmçinin İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(021)-898/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m yaşayış sahəsi 70 kv.m yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşəm ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum X1na valideynlərindən vərəsəliklə keçmişdir və atalarının mülkiyyətində olmuşdur. Qeyd edir ki, onlar həmin evdə doğulmuşlar və mərhum X1 analarından boşanan günədək, yəni xx.xx.2002-ci ilədək həmin evdə yaşamışdır. Valideynləri ayrıldıqdan sonra onlar analarının himayəsində yaşamışlar. Valideynləri ayrıldıqdan sonra ataları hazırki iş üzrə Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra qanun üzrə birinci növbə vərəsə kim Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə onların qeydə alınması barədə müraciət etmişlər və oradan onlara bildirmişlər ki, vərəsəlik 6 aydan sonra verilir. xx.xx.2022-ci ildə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən, onlara məlum olmuşdur ki, atalarının ikinci arvadı Cavabdeh və övladlığa götürdüyü X7 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. X7 yetkinlik yaşına çatmamışdır və hazırda anası Cavabdeh ilə birlikdə yaşayır. Bundan sonra onlar vərəsəlik şəhadətnaməsinin ləğvinə dair iddia qaldırmışlar və Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsi ilə iddiaları təmin edilərək müvafiq şəhadətnamələr ləğv edilmiş və paylar müəyyən edilmişdir. Onlar məhkəmədə iddia qaldırdıqları bir vaxtda Cavabdeh sözügedən əmlak üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edildiyindən çıxarış da, ləğv edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(104)-211/2025 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi; İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2025-ci il tarixli 2(102)-1578/2025 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 211/2025 nömrəli, iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (anası) X3, həmçinin İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2405/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X9 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası təmin edilərək, Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022- ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və X4 mülkiyyətində olmuş Bərdə şəhəri, ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv metr yaşayış, 107,1 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dörddə bir hissəsinə X5, dörddə bir hissəsinə İddiaçı2, dörddə bir hissəsinə Cavabdeh, dörddə bir hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır (qətnamə qanuni qüvvəyə minmişdir); İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/225/2024 nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 2 saylı fərdi yaşayış evi 3 nəfər ailə üzvlü ilə birlikdə Cavabdeh (paylı mülkiyyət 5/8 hissə) adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında hüquqi mövqeyinin əsasını belə şərh etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və miras əmlak olan Bərdə şəhəri, ünvan 2 ünvanda yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin dörddə bir hissəsinə X5, dörddə bir hissəsinə İddiaçı2, dörddə bir hissəsinə Cavabdeh, dörddə bir hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçılar artıq göstərilən qətnamə ləğv olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlak olan yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair 05 aprel 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi adına hüquq qeydiyyata alınmış Cavabdeh göstərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən miras əmlaka yeni qaydada hüquqların qeydiyyata alınmasından imtina olmadan artıq hüquqi əhəmiyyətini itirmiş çıxarışın ləğvi tələbini irəli sürməkdə iddiaçının marağının nədən ibarət olması, ümumiyyətlə hazırkı tələbə məhkəmədə baxılmalı olub-olmasını müzakirə etmədən apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab oluna bilməz. İşdən görünür ki, cavabdehin adına miras əmlaka mülkiyyət hüququnun 05 aprel 2022-ci il tarixdə qeydiyyata alınması vərəsəlik hüququ haqqında şəhadətnəmələrə əsasən aparılmış və artıq qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnəmələr ləğv edilmiş, qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlak vərəsələr arasında, hər birinin dörddə bir hissədə payı edilməklə bölünmüşdür. Bununla da cavabdehin adına verilmiş 05 aprel 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənəd kimi öz hüquqi əhəmiyyətini itirmişdir. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi miras əmlaka hüquqların yeni qaydada qeydiyyata alınması üçün əsasdır. Reyestri aparan orqan məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən miras əmlaka hüquqların yeni qaydada qeydiyyata alınmasından imtina etdiyi təqdirdə ərizəçinin miras əmlakla bağlı reyestrdəki əvvəlki qeydiyyatın ləğvi və yeni qeydiyyatın aparılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi hədəfləri - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında miras əmlak üzərində müəyyən edilmiş vərəsəlik paylarının dövlət qeydiyyatına aldırmaq olmuşdur. Bununla belə, iddiaçıların mübahisələndirdikləri reyestr qeydinin verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsi məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir (qətnamə qanuni qüvvəyə minmişdir). Mülki Məcəllənin «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar»-dan bəhs edən 139-1.1-ci maddəsində də hansı sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu təsbit edilmişdir; Məcəllənin 139-1.1.4-cü maddəsində göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin»in Nizamnaməsinin 2.0.1-ci bəndinə görə dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərindən biridir. Digər tərəfdən, iddiaçıların mübahisələndirdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, miras əmlaka dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında dövlət reyestrində qeydə alınmışdır. Hansı ki, həmin çıxarışın verilməsinə əsas olan notariat orqanının vərəsəlik şəhadətnaməsi məhkəmə qətnaməsi ilə ləğv edildiyindən onun əsasında verilmiş çıxarış da artıq öz hüquqi qüvvəsini itirmişdir. Mövcud vəziyyətdə, iddiaçılar hüquqi hədəflərinə çatmaq üçün – qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və əvvəlki qeydiyyatın ləğvi barədə reyestr orqanına müraciət etmək əvəzinə, artıq hüquqi əhəmiyyətini itirmiş çıxarışın ləğvi tələbini irəli sürmüşlər. Mülki prosessual qanunvericilikdə iki halda məhkəmədə mülki işə başlamaq mümkündür – pozulmuş hüququn bərpası üçün və yaxud qanuni mənafeyin təsdiqi üçün. Mülki işin baxılmasına başlamazdan əvvəl həyata keçirilməsi zəruri olan ilkin meyar ümumiyyətlə həmin aktın mübahisələndirilməsinin yolverilən olub-olmamasının aydınlaşdırılmasıdır. Mübahisələndirmənin mümkünlüyü isə öz-özlüyündə mübahisələndirilən qeydin (çıxarışın) güman edilən hüququn (mənafeyin) pozuntusu nəticəsini yaradıb-yaratmamasını ehtiva edir. Qeyd edilməlidir ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan söz gedə bilər. Elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, habelə şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, hazırkı işə məhkəmədə baxılması üçün prosessual hüquqi əsaslar mövcud deyildir. Ona görə ki, əvvəla, qanunvericiliyin tələbləri baxımından iddiaçılar hazırkı məsələnin həlli ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestr orqanına müraciət etməlidirlər; bu müraciət əsasında məsələnin həlli mümkün olmadıqda isə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdirlər. Digər tərəfdən isə, artıq hüquqi əhəmiyyətini itirmiş çıxarışın ləğv edilməsi hər hansı yeni hüquqi nəticəyə səbəb olmadığı üçün bu iddiaya məhkəmədə baxılması yolverilməzdir. MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(021)-898/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunur ki, hazırkı mübahisə ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestr orqanına müraciət etmək, bu müraciət əsasında məsələnin həlli mümkün olmadıqda isə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdirlər Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1417/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1417/2025
05.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver