Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1418/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh 745 (yeddi yüz qırx beş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 iyul 2021-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “KHAZAR SD” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 oktyabr 2022-ci il tarixində Tovuz şəhərində ** BR *** dövlət qeydiyyat nişanlı “Opel Meriva” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Tovuz şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə icraat aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Mcəlləsinin 332.1-ci, 327.2-ci və 334.3-cü maddələri ilə 20 oktyabr 2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.1, 343.1 və 346.3-cü maddəsi ilə TP ******* qərar yazılmışdır. “Opel Meriva” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 745 manat sığorta ödənişi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, avtoqəza baş verən zaman tibbi yoxlanışdan keçmişdir və spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Avtomobili idarə etmək üçün sürücülük hüququ olmuşdur. Hadisə yerindən də məhkəmə qətnaməsində qeyd edildiyi kimi qaçmamışdır. Belə ki, avtoqəza nəticəsində maşının təkəri partlayaraq və diskisi qırılaraq altından çıxmışdır. Hazırki qətnamənin qüvvəyə minməsi vətəndaşlar arasında sığorta müqaviləsinə ümidsizlik verə bilər. Əgər sığorta müqaviləsinin heç bir əhəmiyyəti yoxdursa, onda kimin nəyinə lazımdır avtomaşınını sığorta etdirsin. Neçə illərdir maşınını sığorta etdirir, axırda da sığorta pulunun ondan tutulması yol verilməzdir və qanunsuzdur. Əgər içkili olsa idi və ya sürücülük hüququ olmasa idi və ya hadisə yerindən qaçsa idi onda qətnamə ilə razılaşmaq olardı, ancaq iş materiallarında olan sənədlərdən görünür ki, o, içkili olmamış, sürücülük hüququ var və hadisə yerindən qaçmamışdır. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan PAZ********** saylı sığorta müqaviləsindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “KHAZAR SD” minik markalı markalı avtomaşın İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan kassa məxaric orderinin surətindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 745 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Tovuz şəhəri DYPİ tərəfindən tərtib edilmiş ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən müəyyən olunur ki, Cavabdeh 09 sentyabr 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan sığorta aktının surətindən müəyyən olunur ki, “Opel Meriva” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 745 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, işdən göründüyü kimi Cavabdeh idarə etdiyi “KHAZAR SD” minik markalı avtomaşın İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 745 manat sığorta ödənişi edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iş materialları ilə öz əksini tapmır. Belə ki, iş materiallarının 16-cı səhifəsində olan İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM 332.1, 327.2 və 334.3cü maddələri ilə təqsirli bilinmişdir. Həmin protokol ilə Cavabdeh razılaşmış və imza etmişdir. Həmin protokol əsasında qəbul edilmiş qərarı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərini onun formal mülahizəsi hesab edir. İş materialları ilə cavabdehin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etməsi təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2(021)-719/2023 saylı qətnaməsin dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1418/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1418/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver