Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1419/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarş iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(042)-204/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 22 noyabr 2022-ci il tarixdə saat 18:20-də Quba-Xaçmaz yolunda Ford Transit yük markalı ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir;
2. Sığorta Ödənişi ilə bağlı 120822 nömrəli Aktın surətindən görünür ki, 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, zərərçəkmiş şəxsə 7392.93 manat ziyan dəymişdir;
3. Hesablanma cədvəlindən görünür ki, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 7392.93 manat məbləğində pul hesablanmışdır;
4. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə 7392.93 manat sığorta ödənişi edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2306.48 manat pulun və 43.50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Siğorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7392,93 manat maddi ziyan dəymişdir. “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7392,93 manat sığorta ödənişini "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh bu hadisə ilə əlaqədar təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də sığorta şirkətinin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Həmin məbləğin 4836.45 manat hissəsi “Ford Transit” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Qalan məbləğ 2306.48 manat Cavabdeh tərəfindən ödənilməmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(042)-204/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh 2306.48 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.50 manat alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 936.1, 936.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasları barədə hər hansı bildiriş almamışdır. Belə olan halda məhkəmədə necə iştirak edə bilərdi? Məhkəmə onun məhkəmə iclası barədə həqiqətən lazımi qaydada xəbərdar edilib-edilmədiyini, habelə məhkəmə iclasında üzrlü, yaxud üzrsüz səbəbdən iştirak etmədiyini araşdırmadan işə baxıb qətnamə çıxartmışdır. Bundan başqa, məhkəmə hazırkı işə baxarkən onun bu iddia üzrə əsl cavabdeh olmadığını nəzərə almamışdır. Çünki, onun etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. Sığortaçı vurulmuş zərəri tam ödəməlidir. Buna görə hesab edir ki, hazırkı iddia tələbi üzrə əsl cavabdeh sığortaçı "xxxx" ASC-dir. Məhkəmə isə bunu nəzərə almamışdır. Bundan başqa, vurulmuş zərər məbləği ilə də razı deyil. Belə ki, vurulmuş zərərlə bağlı aktda şişirdilmiş qiymətlər göstərilmişdir. Məhkəmə isə həmin akta əsaslanaraq, iş üzrə mütəxəssis, ekspertiza təyin etmədən qətnamə çıxartmışdır. Hesab edir ki, hazırda iddiaçı olan sığorta şirkəti özü ziyanı yüksək məbləğdə hesablayıb. Onun nə qiymətləndirmə aktından, nə də ki, hesablanan məbləğdən məlumatı olmayıb.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
14. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ilə "xxxx" MMC arasında 06 yanvar 2022-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində 07 yanvar 2022-ci il tarixdən 06 yanvar 2023cü il tarixədək sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7392.93 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7392.93 manat sığorta ödənişini "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh bu hadisə ilə əlaqədar təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Ödənilmiş məbləğin 4836.45 manat hissəsi “Ford Transit” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. İddiaçı Sığorta Şirkəti qalan məbləğ olan 2306.48 manat pulun Cavabdeh tərəfindən ödənilmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti tərəfindən sığorta olunan “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7392.93 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7392.93 manat sığorta ödənişi etmişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar təqsirli bilinmiş və İXM-nin 327.1ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir.
32. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur və hadisə nəticəsində “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 7392,93 manat ziyan məbləği “Atəşgah Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən 4836.45 manat İddiaçı Sığorta Şirkəti ASC-yə verilsə də, lakin qalıq 2306.48 manat vəsait ödənilməmişdir.
33. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir, gəlinən nəticə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münsibətlərinə uyğundur.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəllilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Həmçinin, apellyator birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirsə də, lakin mülki işin 34-cü səhifəsindəki SMS xəbərdarlığın göndərilməsi barədə bildirişdən görünür ki, cavabdehə 17 yanvar 2024-cü il tarixdə 16 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməsi barədə xəbərdarlıq edilmişdir.
35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(042)-204/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.