Məhkəmə qərarları › İş №2(104)-1419/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1419/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1419/2025 21.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC(bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə ödənilmiş 1500 manat pulun və 35 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bunda sonra- Şəhər Məhkəməsi) e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş və verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti geri qaytarılmışdır. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şikayət Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun və Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. İddiaçı həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, şikayət Mülki Prosessual Məcəllənin tələbərinə riayət etməklə verilmişdir. Həmin şikayətin geri qaytarılması üçün heç bir əsas yoxdur. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş Şəhər Məhkəməsinin 03 iyun 2025ci il tarixli qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinin tələbinə uyğun olaraq baxılması üçün Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Şəhər Məhkəməsi qərardadında şikayətin qaytarılması əsasları kimi “şikayət” əvəzinə “apellyasiya şikayəti”, “Gəncə Şəhər Məhkəməsi” əvəzinə “Gəncə Apellyasiya Məhkəməsi” ünvanlanması kimi texniki qeyri-dəqiqiliklər, eyni zamanda şikayətin “çərçivə” içərisində verilməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, bu cür texniki xətalar şikayətin məzmununa və məqsədinə heç bir təsir göstərmir, məhkəmə tərəfindən onun hansı məqsədlə təqdim olunduğu müəyyən edilə bilər. Təqdim olunmuş şikayətdə işin hallarına dair əsaslandırılmış izahat verilmiş, qərardadın niyə qanunsuz hesab edildiyi göstərilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli və iş Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar