Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1420/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-669/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abonentin saldosundan görünür ki, abonent kodu **********02120 olan X1 adına olan Bərdə rayon Hacallı kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 653,15 manat qalıq borc yazılmışdır.
2. "xxxx" İB tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, abonent kodu **********02120 olan X1 adına yekun borc 653,15 manat yazılmışdır.
3. Ölüm haqqında AZ-İİ seriyalı 133424 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 16 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 660,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X4 16 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Valideynlərindən miras qalmış Bərdə rayonu Hacallı kəndində yerləşən evdə yaşayır və həmin evə quraşdırılmış sayğac vasitəsilə təbii qazdan istifadə etmiş və işlətdiyi qazın dəyərini ödəmişdir. Qış aylarında soba yandırdığından borc məbləğinin fərqini hiss etməmiş, lakin yay aylarında borc məbləği yüksək yazıldığından bu barədə "xxxx" İstehsalat Birliyi ASC-nin Bərdə filialına müraciət etmişdir. "xxxx" İstehsalat Birliyi ASC-nin Bərdə filialının əməkdaşları sayğaca baxış keçirmişlər və heç bir müdaxilə aşkar olunmamışdır. Lakin borulara baxış keçirərkən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə çəkilmiş boruda sızma vardır. Belə ki, həmin ərazilərə borular 1990-cı illərdə çəkilmiş və buna görədə yeraltı qaz xətti tikinti norma qaydalarına uyğun yerüstü çəkilib istismara verilmişdir. Borudan sızma ona borc kimi hesablanmışdır. Halbu ki, hər ay nəzarətçi tərəfindən təqdim edilmiş bildiriş əsasında borcu ödəmişdir. Ona görə də yazılmış borc qanunsuz və əsassızıdır.
6. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-669/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilərək, Bərdə rayon Hacallı kəndində yerləşən mənzilə qazdan istifadəyə görə abonent kodu **********02120 olan mərhum X3 hesablanmış 653,15 manat əsassız yazılmış cərimə borcun silinməsi; İddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.5.2 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 216-220, 222-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Bərdə rayonu Hacallı kəndində G-4 10281596 nömrəli qaz sayğacı X2 adına rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evə qurlaşdırılmış qaz sayğacına heç bir müdaxilə halı aşkar edilməmiş və qətnamədə göstərilən 653,15 manat borc mənzildə istifadə olunan təbii qaza görə hesablanmışdır. Abonent saldosuna əsasən iddiaçı aylar üzrə təbii qazdan istifadəyə görə borcu qismən ödəmiş və ya ödəməmişdir. Eləcədə "xxxx" İB tərəfindən 2016-cı ildən evin daxili xətlərinə baxış keçirilmir və abonent hər hansı xəttdə sızmanı özü aşkar edib məlumat verməli, eləcədə aradan qaldırılmasında cavabdehdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, maddi imkanı olmadığından sərf olunmuş təbii qaza görə borcu tam ödəməmişdir. Tələb olunan borc isə borularda yaranmış sızmadan yaranmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
28. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-669/2023 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin olunmamalıdır.
34. İşin halları ondan ibarətdir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Bərdə rayon Hacallı kəndində yerləşən fərdi yaşayış evində qurlaşdırılmış abonent kodu **********02120 olan sayğac üzrə 653,15 manat borc hesablanmış, sonunsu da borcun əsassız olaraq hesablandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
35. İddiaçı "xxxx" İstesalat Birliyi tərəfindən 660,65 manat qanunsuz borc hesablandığını iddia etsədə, lakin iş materialları ilə sonuncunun bu dəlili sübut olunmur. İşə baxan birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdir ki, Bərdə rayon Hacallı kəndində yerləşən fərdi yaşayış evində qurlaşdırılmış abonent kodu **********02120 olan sayğaca "xxxx" İstesalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə olunması aşkar edilmişdiyindən abonentə borc yazılmışdır.
36. Bu qətnamənin 33-cü bəndində də qeyd olunduğu kimi kollegiya iddianın təmin olunması hissədə birinci instansiya məhkəıməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin 6-cı vərəqində olan abonentin saldosundan müəyyən olunur ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına kimi ayın əvvəlinə yaranmış borc 646,90 manat təşkil edir. Akt əsasında abonentə cərimə hesablanmamışdır. İddiaçı iddia ərizəsində sərf olunan təbi qazın dəyərini vaxtlıvaxtında ödədiyini qeyd etsədə, lakin apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, maddi imkanı olmadığından aylar üzrə sərf olunan qaz sərfiyyatının pulunu kəsrlə ödəmişdir.
37. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
38. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, eləcədə Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsinə aiddir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə istehlakçı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.
39. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə tam əsaslı olduğundan təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-669/2023 nömrəli qətnaməsi ləğv olunmalı, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
40. İşdən görünür ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-669/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.