Məhkəmə qərarları › İş №2(104)-1425/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1425/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1425/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı 1036,80 manat cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-191/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 may 2022-ci il tarixli, ******* saylı aktın surətində, yoxlama zamanı istehlakçı İddiaçı məxsus Elster 516412 nömrəli sayğac Zenner G-4 **********6 nömrəli sayğac ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin 28 oktyabr 2022-ci tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı AKT-ın təsdiq olunmuş surətinin baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd hissəsindən görünür ki, MSK29/1710-03132-1 saylı aktında qeyd olunan rəyə əsasən sayğacın çıxış plastmas borusunun deşilmiş, hesablama mexanizmi minimal sərfiyyat keçən qazın həcminin qeyd etmir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nörməli akta əsasən dəymiş ziyanın həcmi 8640 m3 hesablanmışdır. "xxxx" İstehsalat Birliyinin verdiyi abonentin saldosundan görünür ki, qalıq və aktlar üzrə İddiaçı 1036,80 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulmasına görə yazılmış xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında yazılmış 1036(bir min otuz altı) manat 80 (səksən) qəpik borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonun Hüsənli kəndində fərdi yaşayır. Yaşadığı evin həyət darvazasının bayır tərəfində X1 İdarəsi tərəfindən G-4 markalı, ******* zavod nömrəli olan qaz sayğacı quraşdırılmışdır. Evində olan cəmi 1 ədəd 4 gözlü qaz plitəsi işlətdiyinə görə qaz sərfiyatı aşağıdır. Fərdi yaşayış evində qanunun tələblərinə riayət edərək ”Azəriqaz” ASC ilə aralarında qaz alınması barədə müqavilə bağlanıb hər iki tərəf imzalamışlar. İstifadə edilmiş qazın haqqını hər ay vaxtında ödəmişdir. Qanunla müəyyən edilmiş tələblərə riayət etməyi, vergiləri, o cümlədən qazın pulunu vaxtında ödəməyi bir abonent kimi özünə borc bilir. Tərtər rayon Hüsənli kəndində yerləşən və hazırda onların yaşadıqları evdə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında 28 oktyabr 2022-ci il tarixdə MSK-29/1710-03132-1 saylı akt tərtib edilmişdir. Həmin aktda sayğacın çıxış plasmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması kimi göstərilmişdir. Akt tərtib ediləndə orada iştirak etməmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Qaz sayğacının üst örtüyü, yəni qoruyucusu yoxdur. Sayğac evindən aralıda həyət darvazasının çölündə yerləşir. Həmin vaxt bu halları qeyd etsə də ona inanmamışlar. Sayğacını apardıqdan sonra ona baxış keçiriləcəyi ilə bağlı məlumat verməmişlər. Həmin vaxtdan işlətdiyi qaz sayğacı vasitəsi ilə yazılmış qazın pulunu vaxtında ödəmişdir. Qaz nəzarətçisi hər ay iki dəfə sayğaca baxmış və olan ödəniş borcları barədə bildiriş verdikdən sonra ödəmişlər. Nəzarətçi də heç bir müdaxilə olduğunu müəyyən etməmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməyibdir. Ödədiyi pullar qaza görə yazılmış əsassız borca çıxılır. Beləki hal-hazırda yaşadığı Tərtər rayonunun Hüsənli kəndində yerləşən fərdi yaşayış evinin ətrafında olan hasarın çöl tərəfində Tərtər rayon Qaz İstismar İdarəsi tərəfindən qoyulmuş sayğaca müdaxilə olunub iddiası ilə çıxarılaraq yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Tərtib olunmuş akt qanunsuz olduğundan onun əsasında yazılmış cərimə də əsassızdır. Hazırda da həmin məbləğə sassız olaraq ondan tələb olunur. Qeyd olunan akt onun iştirakı olmadan tərtib olunmuş, ona təqdim edilməmişdir. İddiaçı eyni zamanda onu da qeyd etmişdir ki, ona məxsus sayğac sökülüb aparılsa da sayğacın dövlət yoxlamasının keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Onun iştirakı ilə akt tərtib olunmamış, aktın və digər sənədlərin surəti ona təqdim olunmamışdır. Qanunun tələblərinə əsasən məişət abonenti tərəfindən və hal şahidlərinin iştirakı ilə akt tərtib edilir və akta imza edilir. Yaşadığı fərdi yaşyış evinə quraşdarılmış sayğaca görə tərtib edilmiş akta görə cavabdeh təşkilat tərəfindən akta imza etmək ondan tələb edilməmişdir. Hesab edir ki, hazırkı məsələdə heç bir təqsiri olmadığından ona cərimə hesablana bilməzdi. Odur ki, mübahisənin araşdırılması və ona yazılmış aktın etibarsız hesab edilməsi, əsassız cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərtər Rayon Məhkəməsinin 2(061)-191/2023 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, Cavabdeh "xxxx" İstehsalat Birliyinin İddiaçı yaşadığı Tərtər rayonun Hüsənli kəndində quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 28 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik cərimə məbləğinin silinməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Belə ki, sayğaca baxış iddiaçının iştirakı ilə aparılmalı olduğu halda onun iştirakı təmin edilməmiş, həmçinin sayğacın qoruyucu örtüklə örtülməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə həyətindən kənarda quraşdırılmış qoruyucu örtüklə mühafizə olunmamış sayğaca kimin tərəfindən hansı tarixdə və günün hansı vaxtında müdaxilə edilməsi şübhə yaradır. Bu halları araşdırmaq əvəzinə, cavabdehin nümayəndələri işini asanlaşdıraraq iddiaçı barəsində akt tərtib etmiş və onu cərimələndirməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, sayğac fərdi yaşayış evi üçün həyətdən kənarda quraşdırılmışdır, qoruyucu örtüklə təmin edilməmişdir. Odur ki, sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi görə iddiaçı barəsində akt tərtib edilməsi və ona cərimə hesablaması məqsədə müvafiq deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək "xxxx" İstehsalat Birliyinin xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Tərtər rayonu, Hüsənli kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-03132-1 saylı aktına əsasən G-4 markali ******* nömrəli saygacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixə abonent İddiaçı 8640 m3, yəni (8640x0.12=1036.80) 1036.80 manat itirilmiş qaz hesablanmışdır. Lakin Tərtər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-191/2023 qətnaməsində 1036.80 manat borcun silinməsi qət edilmişdir. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcu silinməsini qət etmişdir. İddiaçı qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə saygacın çıxış plastmas borusunu deşərək sayğacın hərəkət mexanizmininin fasilələrlə işləməsinə şərait yaratmışdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd etməsinə mane olmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Maddə 8. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr: Bənd 6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 4.6 qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Bənd 4.7 sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8 fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına müvafiq qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda iddiaçının istifadəsində olan qaz sayğacının işlək vəziyyətdə olmasına nəzarəti cavabdeh həyata keçirməli idi. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, iddiaçıya hesablanmış borcun silinməsi qanunidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-191/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar