Məhkəmə qərarları › İş №2(104)-1425/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1425/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1425/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, BRK06346 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 655,48 manat borcun, 299,48 manat cərimənin, cəmi 954,96 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Fuad Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 655,48 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 656,48 (altı yüz əlli altı manat qırx səkkiz qəpik) manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumundan 10 (on) manat hissə və dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 0,40 (qırx qəpik) manat xidmət haqqının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsini ləğv edib iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq heç bir məlumat verilməmişdir. Bununla da hesab edir ki, tərəflər arasında çəkişmə və bərabərlik hüququ pozulmuşdur. "xxxx" MMC-nə olan borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmişdir. İşə baxan məhkəmə yalnız Bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Əgər məhkəmə iclasında iştirak etsə idi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verərdi. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayənəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 30 may 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-nin Bərdə şəhərində yerləşən mağazasından 650 manat dəyərində tozsoran və kofemoyka götürmüşdür. Kofemoyka üçün 50 manat ödəniş etmişdir. Bir gün sonra, tozsoran işləmədiyi üçün, yəni zaryadka yığmadığı üçün, geri qaytarmışdır. Ona bildirmişlər ki, təmir ediləcəkdir. Səhəri mağazadan ona zəng edərək, təmir edildiyini bildirmişlər, lakin evə gətirərkən, yenə işləməmişdir. Ona görə də, həmin tozsoranı aparıb . "xxxx" MMC-nin Bərdə də yerləşən mağazasına təhvil vermişdir. Yenisi ilə əvəz edilməsini və ya təmir edilməsini xahiş etsə də, imtina edilmişdir. Hazırda isə, həmin mağaza bağlanılmışdır. İşin həqiqi halları apellyasiya şikayətində qeyd etdiyi kimi yox, hazırda verdiyi izahatında dediyi kimidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, BRK06346 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 13 ay müddətinə 675,48 manat dəyərində malı “Alıcı”ya nisyə satmağı, “alıcı” isə satılmış əşyaya görə 20 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, xx.xx.2021-ci il tarixli, BRK06346 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən 1 ədəd «Tozsoran BOSCH» və 1 ədəd «Kofevarka BOSCH» almış və aldığı malların dəyəri olan 675,48 manat pulu təqdim olunmuş ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 01 sayli Faktorinq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında tələbin güzəşti barədə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 01 saylə Əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında saziş bağlanmış, sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, BRK06346 saylı müqavilə üzrə 655,48 manat tələb hüququ "xxxx" MMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında tələbin güzəşti, həmçinin nisyə alqı-satqı müqaviləsi üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021ci il tarixli, BRK06346 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 655,48 manat əsas, 299,48 manat cərimə borcu olmaqla, cəmi 954,96 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı «Optimal Finance BOKT” MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BRK06346 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 13 ay müddətinə malı “Alıcı”ya nisyə satmağı, “alıcı” isə satılmış əşyaya görə 20 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada qalıq 655,48 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı «Optimal Finance BOKT” MMC-ti müqavilənin bağlandığı gündən 3 il 3 ay sonra hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 655,48 manat əsas, 299,48 manat cərimə olmaqla, cəmi 954,96 manat, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz izahatında 30 may 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-nin Bərdə şəhərində yerləşən mağazasından 650 manat dəyərində tozsoran və kofemoyka götürməsini, kofemoyka üçün 50 manat ödəniş etməsini, bir gün sonra, tozsoran işləmədiyi üçün, yəni zaryadka yığmadığı üçün, geri qaytarmasını, ona təmir ediləcəyini bildirsələr də, səhəri evə gətirərkən, yenə işləmədiyi və ona görə də, həmin tozsoranı aparıb "xxxx" MMC-nin Bərdə də yerləşən mağazasına təhvil verməsini, yenisi ilə əvəz edilməsini və ya təmir edilməsini xahiş etsə də, imtina edildiyini göstərmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakını təmin edilməsi üçün məhkəmə iclasını bir neçə dəfə təxirə salsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasılarında iştirak etməmiş, məhkəmə kollegiyasının əvvəlki iclaslarında ərizə ünvanlayaraq iş onların iştirakı olmadan baxılmasıını xahiş etmişdir. Bununla da iddiaçının cavabdehin izahatına münasibətini aydınlaşdırmaq mümkün olmamışdır.Ona görə də məhkəmə kollegiyası cavabdehin izahatını daha mötəbər sübut növü sayaraq, hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının iştirakının təmin edilməsi üçün, məhkəmə iclasını bir neçə dəfə təxirə alsa da, lakin iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayənəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh izahatı səmimi və inandırıcı olmaqla, belə nəticəyə gəlməyə əsas verir ki, onun xx.xx.2021-ci il tarixli, BRK06346 saylı nisyə alqı-satqı müqaviləsi "xxxx" MMC-nin Bərdə filialından aldığı elektrik avadanlığı keyfiyyətsiz olmaqla, enerji ehtiyatı yığmamış və bu səbəbdən də, cavabdeh həmin avadanlığı geri qaytararaq, mağazaya təhvil verərək, yenisi ilə əvəz edilməsini və ya təmir edilməsini xahiş etsə də, imtina edilmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən, onu da nəzərə alır ki, xx.xx.2021-ci il tarixli, BRK06346 saylı nisyə alqı-satqı müqaviləsi 13 ay müddətinə bağlanılsa da, iddiaçı tərəf uzun müddət cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir ki, bu da, Cavabdeh izahatında haqlı olmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əşyanın qüsurları ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmadığı və ya yenisi ilə əvəz edilmədiyü üçün, cavabdeh tərəf yuxarıda qeyd edilən nisyə alğı-satqı müqaviləsinin icrasından imtina etməlkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hal isə Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə görə, həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1096/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar