Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1433/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-777/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 6719 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bərdə şəhəri, Həzi Aslanov küçəsi, döngə 2, ev 4 də yaşayır.
2. Bərdə rayon Qeydiyyat Şöbəsinin 20 may 2013-cü il tarixli AZ-İ 624762 saylı Ölüm haqqında Şəhadətnaməsinin surətindən görünür ki, X5 15 may 2013-cü il tarixdə Beyin qansızmasından ölmüşdür.
3. 09.09.2022-ci il tarixli “Azəriqaz” İB-nin Tərtər Regional Qİ Bərdə Xidmət Sahəsi tərəfindən X5 adına tərtib edilmiş “Abonent Saldosu”-nun surətindən müəyyən edilir ki, abonentin adında 1036.80 manat borc mövcuddur.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli “0356512” nömrəli aktın surətindən görünür ki, X2 yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmiş, xətalar təyin edilə bilməmiş, giriş və çıxış yivli birləşmələr deformasiyaya uğramış, deformasiyanı aradan qaldırmaq mümkün olmamışdır, sayğac istismara yararsızdır.
5. xx.xx.2022-ci il tarixli X6 Dair Tələbnamənin surətdən görünür ki, “Azəriqaz” İB-nin Tərtər Regional Qİ Bərdə Xidmət Sahəsi tərəfindən X5 tərəfindən dəymiş ziyanın həcmi 8640 m3 müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən qanunsuz hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onların yaşadıqları evə 1036.80 manat borc yazılmışdır. Bu borcun hüquqi əsası kimi “Azəriqaz” İB-nin 29 oktyabr 2022-ci il tarixdə ******* saylı Akt əsasında yazdıqları, guya onun tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilmişdir. Belə ki, cavabdeh “Azəriqaz” İB-nin tərtib etdiyi 28 oktyabr 2022-ci il tarixli ******* saylı Aktda qeyd edilir ki, sayğacın plastik borusu deşilibdir, sayğac düzgün ölçmür və istismara yararsızdır. Həmin akta o imza etməmişdir, “Azəriqaz” İB köhnə sayğacı yeni sayğacla əvəz etmişdir. Sayğac onun mərhum həyat yoldaşı X2 adınadır. O, 15 may 2013-cü il tarixdə vəfat etmişdir. “Azəriqaz” İB akt tərtib edərkən onun iştirakı təmin olunmayıbdır, ondan həyat yoldaşının sağ olub-olmaması öyrənilməyibdir. Akta da o qol çəkməmişdir. Akt da mərhum həyat yoldaşı X2 adına tərtib edilmişdir. O, hər ay mütəmadi olaraq istehlak etdiyi qazın pulunu keçirib qəbzlərini özündə saxlayır. O qaz sayğacına müdaxilə etməmişdir. Bu ona qarşı haqsızlıqdır. Tərtib edilmiş akt heç bir əsası olmadan tərtib edilmiş və onun bu aktın tərtib edilməsindən xəbəri olmayıb. Odur ki, 1036.80 manat borcun silinməsinə dair məhkəmə aktına ehtiyacı var.
8. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-777/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı mərhum həyat yoldaşı (əri) X2 adına “0356512” saylı Akt əsasında hesablanmış 1036.80 manat borc məbləği onun hesabından silinməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3, 5.2-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehin “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-777/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Bərdə şəhəri, H.Aslanov küçəsi, dön 2, ev 4-də yaşayan İddiaçı mənzilinin qaz təsərrüfatı (vəfat edib) X2 adına rəsmiləşdirilmişdir. Həmin mənzilə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710- 03598-1 saylı aktına əsasən G-4 markali ******* nömrali saygacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent X3 8460 m³, yəni, (8640x0.12-1036.80) 1036.80 manat itirilmiş qaz hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, iddiaçı X1 təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
29. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
30. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
31. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-777/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .