Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1448/2024 30.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, Goranboy rayon notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı saləhiyyətləri Cavabdeh2 etibarnamə əsasında verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat №-li çıxarışın surətindən görünür ki, Naftalan şəhər H.Əliyev küçəsi ev 29 mənzil 48 xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissədə İddiaçı, 1/8 hissədə X3, 1/8 hissədə Cavabdeh3 və 1/8-hissədə Cavabdeh2 məxsusdur.
3. xx.xx.2021-ci il tarixli Goranboy rayon Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiqlənmiş “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin” surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.4 kv/m, yaşayış sahəsi 62 kv/m olan 4 otaqlı mənzil paylı mülkiyyət üzrə on(lar)a məxsus hissələri – (etibarnamə əsasında qızı Cavabdeh2 onun əvəzinə) İddiaçı 5/8 hissə - oğlu olan Cavabdeh3, Cavabdeh2 məxsus 1/8 hissə - qardaşı olan Cavabdeh3 bağışlanmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** və ********** qeydiyyat №-li çıxarışın surətindən görünür ki, Naftalan şəhər H.Əliyev küçəsi ev 29 mənzil 48 xüsusi mülkiyyət əsasında 7/8 hissədə Cavabdeh3, 1/8 hissədə isə X3 məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh2 ondan aldığı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağladığı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsi əsasında DƏDRX–nin 7 saylı Bərdə Ərəzi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 onun həyat yoldaşı Qurbanov İsmayılın adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. Ev 4 otaqdan ibarətdir. O, həyat yoldaşı İsmayıl ilə həmin evi birgə nikah dövründə əldə etmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak onunla miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi ona verilmiş, qalan 1/2 hissə isə onunla iki nəfər oğlu Cavabdeh3, X5 və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. O, xəstə olduğundan və hərəkət edə bilmədiyindən qızı Cavabdeh2 ondan xahiş etmişdir ki, adına çıxarış alınması üçün ona etibarnamə versin. O da, qızına həddindən artıq inandığından ona etibarnamə vermişdir. Daha sonra dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə ona məlum olmuşdur ki, qızı Sevda onun payına göz dikmiş, onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır. Beləliklə, onun yeganə yaşayış yeri olan Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48-i doğma qızı onu aldadaraq oğlu Cavabdeh3 bağışlamış və xx.xx.2021-ci il tarixdə onun adından Cavabdeh3 ilə bağışlama müqaviləsi bağlamışdır. Cavabdeh3 isə hər dəfə onu evdən qovacağı ilə hədələmiş və mübahisəli evin onun özünə məxsus olduğunu bildirmişdir. O, qızının adına vermiş olduğu etibarnaməni artıq ləğv etdirmişdir. Beləliklə o, miras payını heç kimə bağışlamamışdır. Sadəcə olaraq qızı Sevda onu aldadaraq yaşlı olduğunu, əziyyət çəkəçəyini bildirərək öz adına etibarnamə almış və onun payını qardaşı Cavabdeh3 bağışlamışdır.
8. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı müqavilənin onun həqiqi iradə ifadəsinə uyğun olmadığını iddia edir və bunu onunla əsaslandırır ki, müqavilənin mövcudluğundan məlumatsız olmuş, müqavilə onun tərəfindən deyil, qızı Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamə əsasında, onun razılığı olmadan bağlanmışdır. Cavabdeh3 isə iddiaçının dedikləri ilə razılaşmasa da, əqdi imzalayan təmsilçi Cavabdeh2 iddiaçının dediklərini təsdiq edir. Cavabdeh2 mübahisəli əqdi bağlayarkən istifadə etdiyi etibarnamənin 17 avqust 2020-ci il tarixdə qeydiyyata alınması, bağışlama müqaviləsinin isə 19 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının həyat yoldaşı 16 noyabr 2020-ci il tarixdə ölmüş, ondan miras qalmış əmlaka dair isə 20 may 2021-ci il tarixdə müvafiq olaraq “Ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Bu isə onu deməyə əsas verir ki, 17 avqust 2020-ci il tarixdə etibarnamə verilərkən, həmin vaxt gələcəkdə bağlanacağı məlum olmayan hər hansı müqaviləyə dair iradə ifadəsinin mövcud olması mümkün deyildir. Bundan başqa Cavabdeh2 məhkəmə iclasında izahat verərkən anasının ona etibarnaməni məhz çıxarış almaq və ya əqd bağlamaq məqsədi ilə deyil, ümumilikdə işlərinin görülməsi üçün verdiyini, həmçinin bağışlama müqaviləsini anasının iradə ifadəsi olmadan, ondan gizli bağladığını bildirmişdir. Beləliklə məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı mübahisəli əmlakda ona məxsus payın oğluna bağışlanmasına münasibətdə iradə ifadəsi olmamışdır. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrə ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsi mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməlidir. Mübahisəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi qismən etibarsız hesab edildiyindən, öz növbəsində daşınmaz əmlakın dövlət reyestrində çıxarış üzrə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 3, 29cu maddələrinə, Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 337.2, 337.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilmiş hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə baxılsa iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırki vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacı da, yaranmamışdı. Bu halı iş üzrə Cavabdeh2 özü də, məhkəmə prosesi zamanı izahatında təsdiqləmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirmədiyi açıq şəkildə görünmüş olur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, İddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Beləliklə də, iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində qızının sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəlləsinin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də, qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən İddiaçı mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 İddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırki məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin aradan uzun müddət keçdikdən qarşısının alınması məqsədi ilə hazırki iddia qaldırılmış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İndiki halda məhkəmə guya ki, Cavabdeh2 etibarnamə üzrə öz anasından almış olduğu səlahiyyətlər çərçivəsində öz doğma qardaşı Cavabdeh3 xeyrinə bağlamış olduğu əqdə dair iddiaçının iradəsinin olmadığına istinad etmişdir. Lakin iş materialları ilə tanış olan zaman bunu təsdiqləyici hər hansı bir sübutun olmadığı görünür. Beləliklə də, məhkəmə MPM-in prosessual tələblərini pozaraq heç bir sübut olmadan qanunvericiliyin tələblərini iddiaçının mülahizədən o yana keçə bilməyən şəxsi arzularına qurban vermiş və əsaslandırılmamış iddia tələbini təmin etmişdir. Halbuki MPM 77.1-ci maddəsinə görə “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s üb ut etməlidir”. İndiki halda iddiaçı öz iddiasını (aldadıldığını) sübuta yetirə bilmədiyi kimi məhkəmə də sübuta yetirilə bilinməmiş iddia tələbini təmin etməklə prosessual pozuntuya yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən etibarnamə Cavabdeh2 2020-ci ilin avqust ayında, yəni iddiaçının həyat yoldaşı vəfat etməmişdən əvvəl verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh2 qardaşı Cavabdeh3 anasının 5/8 payını bağışlamışdır. Həmçinin Sevda özünün 1/8 payını da, qardaşı Kamilə bağışlamışdır. Hazırda cavabdeh İddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırki məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırki iddia qaldılımış ola bilər. İddiaçı ilə oğlunun münasibətləri yaxşı olmuş, bir müddət əvvələ qədər birlikdə yaşamışlar.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 izahat verib bildirmişdir ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı Qurbanov İsmayılın adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh2 onun pensiya işi bağlı işlərini həll etməsi üçün ona etibarnamə vermişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak onunla miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi ona verilmiş, qalan 1/2 hissə isə onunla iki nəfər oğlu Cavabdeh3, X5 və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan evin sənədləşməsi ilə bağlı işləri də qızı həll etmişdir. Daha sonra qızı Cavabdeh2 həmin etibarnamə ilə anasına məxsus 5/8 payı və özünun 1/8 payını qardaşı Cavabdeh3 vermişdir. O, dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə ona məlum olmuşdur ki, qızı Sevda onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, bağışlama müqaviləsindən onun xəbəri olmamışdır. Bir ilə yaxın müddətdir ki, onun həmin bağışlama müqaviləsindən məlumatı olmuşdur.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, etibarnamə ilə anasının 5/8 hissədə payını qardaşı Cavabdeh3 bağışlamasından anasının xəbəri olmamışdır. Anası etibarnaməni ona pensiya işlərini yerinə yetirməsi ilə bağlı vermişdir. O, bağışlama müqaviləsini qardaşının təsiri ilə bağlamışdır. Belə ki, qardaşı ona anasına baxacağını, anasına bildirsə anasının onsuz da, razı olmayacacağını bildirərək bağışlama barədə anasına bildirməməsini demişdir. Onun əri qardaşının qaynı olduğundan o, məcbur qalıb razılaşmışdır. Cavabdehin vəkilinin iddiaçının Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırki iddia qaldılımış ola biləcəyi ilə bağlı qeyd etmişdir ki, onun özünün iki otaqlı mənzilinin vardır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
21. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
23. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
25. 339.6-cı maddəsinə əsasən Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm
26. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
27. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
28. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu jür bağışlama hədiyyə alan tərəfindən heç bir javab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
36. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. İşin hallarında görünür ki, hazırda mübahisələndirilən Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, 48 saylı mənzil mərhum X4 məxsus olmuşdur. Həmin ev mərhumun adına rəsmiləşdirildiyi üçün İsmayıl Qurbanovun ölümündən sonra Tərtər rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-328 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, yerdə qalan 1/2 hissəyə isə miras açılmış və 1/4 hissəyə İddiaçı, 1/4 hissəyə Cavabdeh2, 1/4 hissəyə Cavabdeh3, 1/4 hissəyə isə X2 vərəsəlik hüquqları tanınmışdır. İddiaçı tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və.s hərəkətlərin aparılmasını Cavabdeh2 (iddiaçının qızı) etibar etmiş və bu barədə xx.xx.2020-ci il tarixdə notarial qaydada etibarnamə vermişdir. İddiaçı adından Əliyeva X6 rayon notariat ofisində 19 iyun 2021-ci il tarixli 4Ə-394 reyestr nömrəsi ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinə əsasən Naftalan şəhəri, H.Əliyev küçəsi, bina 29, 48 saylı mənzildən İddiaçı və özünə məxsus miras payını Cavabdeh3 bağışlamışdır.
42. İddiaçı miras payını bağışlamadığını, əri öləndən sonra qızı Sevda Əliiyevanın onun məlumatı olmadan onun payını Cavabdeh3 bağışladığını, onun bu işlərdən başı çıxmadığı üçün nə baş verməsindən məlumatlı olmadığını, yalnız bir il olar ki, bu barədə məlumatlı olduğunu bildirmişdir. Cavabdeh isə həmin mənzilə dair bağışlama müqaviləsinin könüllü olduğunu, sadəcə hazırda iddiaçının naməlum səbəbdən hazırki iddianı qaldırdığını göstərmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin qadağanın mahiyyəti təmsilçilikdə ən üstün müdafiəyə malik olan təmsil olunanın qanuni maraqlarını təmin etməkdən ibarətdir. Təmsilçi vasitəsilə bağlanmış əqdin mübahisələndirilməsi zamanı təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olmasının müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovun şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il və T.Qasımovanın şikayəti üzrə 1 dekabr 2020-ci il tarixli Qərarında qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
44. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında əqdin etibarlılığı ilə bağlı işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməyi, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməli olmasını qeyd etmişdir.
45. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, hazırkı əqdlə bağlı yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırki vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsinə ehtiyac yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh2 özü də məhkəmə iclası zamanı izahatı ilə təsdiq etmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirməməsi açıq şəkildə görünür. Kollegiya apellyasiya şikayətində qeyd edilən dəlillərlə əlaqədar qeyd edir ki, cavabdehin bağlanmış əqdin notariat qaydasında təsdiqlənməsinin əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsinin mümkünlüyünün əsası kimi qeyd etmişdir. Lakin cavabdeh bu cür yanaşma ortaya qoyarkən işin hallarını nəzərə almamışdır. Belə ki, əqdi iddiaçı özü bağlamamışdır. Mübahisələndirilən əqd cavabdehin nümayəndəsi qismində qızı tərəfindən bağlanmışdır və əqdin bağlanması üçün verilmiş etibarnamə bağışlama müqaviləsinin predmeti olan əmlakın hələ iddiaçının mərhum ərinin mülkiyyətində olarkən verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq etibarnamə verilərkən iddiaçının mülkiyyətində mübahisəli əmlakın olmadığını qeyd etmiş və həmin etibarnamə verərkən iddiaçının gələcəkdə iddiaçının mülkiyyətinə keçməsi güman edilməyən əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinin mövcudluğunun inkar olunduğu nəticəsinə gəlmişdir.
46. Kollegiya iddiaçı tərəfindən qızı Cavabdeh2 etbarnaməni məhz əri İsmayıl Qurbanovun ölümündən əvvəl verməsi, həmçinin Cavabdeh2 tərəfindən bu halın etiraf edilməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə etibarnamə verməsində iradə ifadəsi məhz iddiaçıya məxsus digər məsələlərlə bağlı işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçı qızı Cavabdeh2 isə qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gəllərək fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlanmasına və onun mülkiyyətinə verilməsinə nail olmuşlar.
47. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlanması ilə əqdin etibarlılıq şərtləri pozulmuşdur. Bu halda isə həmin müqavilə etibarsızdır və birinci instansiya məhkəməsi haqlı olaraq onun etibarsızlığını təsdiq etmişdir.
48. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.