Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1453/2025 05.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, Yevlax rayon 2 saylı Notariat Kontoru (Ofisi) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı iş üzrə Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, reyestrdəki qeydiyyatın ləğv edilməsi, əmlak üzərində mülkiyyət hüququnun tanınması Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X4 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, Yevlax rayon 2 saylı Notariat Kontoru (Ofisi) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha (ilkin olaraq 0,10 ha) həyətyanı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015-ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdəki qeydiyyatın ləğv edilərək həmin əmlaklar üzərində onun ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-150/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli 147 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X3 nikahı Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha 07 noyabr 2023-cü il tarixdə xitam verilmişdir.
2. Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 06 mart 2015-ci il tarixdə təsdiq edilmiş 7E-1943 reyestr nömrəli etibarnamənin məzmunundan görünür ki, X13 və X15 həmin etibamamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sarəncam verməyi və digər hərəkətləri etməyi X5 etibar etmişlər.
3. Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 03 aprel 2015-ci il tarixdə təsdiq edilmiş 7E-2710 reyestr nömrəli ərizənin surətindən görünür ki, X6 etibarnamə ilə təmsil etmək səlahiyyəti olan X1 Nidayət Bəşir oğluna məxsus Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı mənzilinin satılmasına razı olduğunu bildirmişdir.
3. Cavabdeh1 ilə Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X16 arasında bağlanmış və Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli 03 aprel 2015-ci il tarixli 4Ə-154 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı 3 otaqlı mənzili Cavabdeh4 satılmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 11 fevral 2015-ci il tarixdə təsdiq edilmiş 7E-02-12-18 reyestr nömrəli ərizənin surətindən görünür ki, X13 əri Cavabdeh1 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına, dəyişdirilməsinə və ya bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
7. Yevlax rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli, 09 aprel 2015-ci il tarixli 4Ə-85 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi X10, 0,05 ha hissəsi isə Cavabdeh4 satılmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2026-cı il tarixli 4/2101 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 168-ci vərəqində 02 iyun 2012-ci il tarixli AR-İ seriyalı, 163674 nömrəli Etibarnamədə “İmza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması, 170-ci vərəqində X3 adından olan 7E-02-1218 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş 11 fevral 2015-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması – Səbizova (Rzayeva) Çinarə İsmət qızı tərəfindən icra olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 2 saylı Notariat Kontoruna (Ofisinə) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha (ilkin olaraq 0,10 ha) həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına olan 16 aprel 2015-ci il tarixli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdəki qeydiyyatın ləğv edilərək həmin əmlaklar üzərində onun ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının iddia tələbini əsaslandıran hallar kimi Cavabdeh1 Mingəçevir şəhərində notarius kimi uzun illər fəaliyyət göstərdiyindən asanlıq və əlçatanlıqla əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirə bilmək imkanına malik olması, həmçinin daşınmaz əmlakların iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş olduğundan həmin əmlaklar satılarkən iddiaçının məlumatsızlığı, Cavabdeh4 ilə Cavabdeh1 qohumluq əlaqələrinin olması, müqavilələrin uydurma əqd olması və digər hallar göstərilmişdir.
12. xx.xx.2025-ci il tarixdə iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015-ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın və X7 da adına olan 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin qalan hissələrini olduğu kimi saxlamışdır. Həmçinin məhkəməyə vəsatət təqdim edərək X7 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmaqla X7 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin şəxsin cavabdeh kimi işə cəlb olunması, həmçinin Cavabdeh4 adına qeydiyyatın etibarsız hesab edilməsinin ləğv edilməyə dəyişdirilməsi barədə ərizə və vəsatət ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, sonuncu məhkəmə baxışı iclası keçirilən gün verilmiş, lakin, bunlar üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını iddiaçı ərizə və vəsatətində əsaslandırmadığından ərizə və vəsatətin verilməsi prosessual baxımdan yol verilən sayılmamış, işə ilkin iddia ərizəsi üzrə mahiyyəti üzrə baxılmışdır.
13. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-150/2025 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 390.1, 398.1, 324.1, 324.2, 324.4, 324.5, 340.1, 340.2-ci maddələrinə və Ailə Məcəlləsinin 33.1-ci istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin e-2(030)- 150/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasındakı mübahisə İddiaçı razılığı və xəbəri olmadan keçmiş həyat yoldaşı Cavabdeh1 tərəfindən onun adına rəsmiləşdirilmiş Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən mənzilin uydurma əqd ilə başqa şəxslərin adına özgəninkiləşdirilməsidir. Daşkəsən Rayon Məhkəməsi e-2(030)- 150/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində “O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf onu sübut etməlidir. Müqavilələr üzrə tərəflərin iradə ifadəsinin torpaq sahəsinin və mənzilin satılmasına deyil, başqa bir əqdin pərdələnmiş olmasına yönəlmiş olmasını və ya əqdlərin uydurma olmasını müəyyən edən, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir” deyə göstərilmişdir. Məhkəmənin bu mövqeyi heç bir mötəbər sübutla təsdiq edilmədiyindən əsassızdır. Belə ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən mənzil ilkin olaraq birgə nikah dövründə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra isə Cavabdeh1 İddiaçı xəbərsiz başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Məhkəmə isə öz mövqeyini əsaslandırarkən İddiaçı adından verilmiş razılıq ərizələrinə istinad etmişdir. Xüsusilə qeyd edilməli məqamlar mövcuddur. Birincisi, bu ərizə İddiaçı tərəfindən deyil, Cavabdeh1 qardaşı X14 tərəfindən imzalanmışdır. Bu ərizənin Müseyib Rzayev tərəfindən imzalanması xx.xx.2012-ci il tarixli, 7E2258 nömrəli etibarnamə ilə mümkün olmuşdur. Lakin İddiaçı bu etibarnamədən ümumiyyətlə xəbəri olmamışdır. Məhz xx.xx.2012-ci il tarixli, 7E- 2258 nömrəli etibarnaməni Cavabdeh1 xüsusi notarius vəzifəsində çalışmasının verdiyi asanlıq və əlçatanlıqla iddiaçının xəbəri olmadan iddiaçının adından hazırlamışdır. Daha sonra isə bu etibarnamədən istifadə edərək İddiaçı adından Rzayev Müseyibin xeyrinə xx.xx.2015-ci il tarixli, 7E-1943 №-li etibarnamə vermişdir. Beləliklə Cavabdeh1 bu etibarnamələrdən sui-istifadə edərək öz adına olan əmlakları İddiaçı xəbərsiz “istədiyi” şəxslərin adına rəsmiləşdirmişdir. xx.xx.2015-ci il tarixli, 7E-02-12-18 №-li ərizədə Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin satılmasına İddiaçı razı olduğu göstərilmişdir. Eyni qaydada bu ərizənin də mövcudluğundan İddiaçı xəbəri olmamışdır. Buna baxmayaraq həmin ərizə İddiaçı adından, guya şəxsən özü tərəfindən imzalanmışdır. Sözügedən ərizələrdən və etibarnamələrdən İddiaçı xəbəri olmadığını, həmin sənədlərdəki sərbəst imza və yazı nümunələrin saxta olduğunu və bunun üçün məhkəmə-xətşünaslıq eskpertizasının keçirilməli olduğunu bildirsələr və bu barədə vəsatət təqdim edilsə də, məhkəmə bu vəsatətə biganə qalmışdır. Bundan əlavə məhkəmə qətnamədə “İddiaçı tərəf notarial qaydada təsdiq olunmuş sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmiş olduğu təqdirdə bunların ekspertiza qaydasında müəyyən olunması üçün sərbəst xətt və imza nümunələrini məhkəməyə təqdim etməli olduğu halda, sübutetmə vəzifəsindən irəli gələrək iş üzrə keçirilən məhkəmə iclaslarında sübuti əhəmiyyəti olan sərbəst xətt yazı və imza nümunələrininin əsllərini məhkəməyə təqdim etməmişdir” deyə qeyd etmişdir. Məhkəmənin bu mövqeyi heç cür anlaşılan deyil. Məlumdur ki, sərbəst imza və yazı nümunələrinin şəxsə məxsus olub-olmadığını müəyyən etmək xüsusi bilik tələb edir və bu məqsədlə də ekspertiza təyin edilir, şəxsə məxsus sərbəst imza və yazı nümunələri də ekspertiza təyin edildikdən sonra məhkəməyə təqdim edilir. Lakin hazırki işdə məhkəmə tamamilə mənasız mövqe irəli sürmüş və sanki vəsatətin təmin edilməmə əsası kimi sərbəst xətt yazı və imza nümunələrininin əsillərini məhkəməyə təqdim etməmələrini göstərmişdir. Halbuki sərbəst imza və yazı nümunələri də ekspertiza təqdim edildikdən sonra məhkəməyə təqdim edilir. Məhkəmənin mövqeyinin əsasını təşkil edən sənədlərin mötəbərliyinin yoxlanılmasına dair vəsatətin bu cür səbəbdən rədd edilməsi elə məhkəmənin mövqeyinin də əsassızlığı deməkdir. Məhz bu cür əsasla vəsatətin rədd edilməsi məhkəmənin bu işin nəticəsində maraqlı olduğunu, işin obyektiv araşdırılmadığını göstərməkdədir. Məlumdur ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin hazırki iş üzrə məhkəmənin əsaslandığı yeganə sənədlərin mötəbərliyi ciddi şəkildə şübhə altındadır və bu da məhkəmənin mövqeyinin əsassızlığını göstərir. Digər tərəfdən məhkəmə əqdin etibarlı olub-olmadığına qiymət verərkən işin digər hallarını da araşdırmağa borcludur. Məhz hazırki iş üzrə də bəzi hallara diqqət yetirmək lazımdır. Belə ki, hazırki iş üzrə tərəflər arasındakı münasibətlərə diqqət yetirmək lazımdır. Adlarına əmlak rəsmiləşdirilmiş şəxslər Cavabdeh4 və X11r. İbrahimovYavər Əli oğlu Cavabdeh1 xalası nəvəsidir. X16 isə Cavabdeh1 qonşusu və qohumu və adına əmlak rəsmiləşdirdiyi digər şəxslərdən biridir. Göründüyü kimi bu şəxslər biri-biri ilə yaxın münasibətdədirlər. Cavabdeh4 sözügedən əmlakların özgəninkiləşdirilməsi zamanı heç vaxt şəxsən iştirak etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-16-5/6-14-998/2/24 №-li cavab məktubu və etibarnamələrin əks olunduğu elektron daşıyıcıda olan xx.xx.2015-ci il tarixli, 2116 reyestr nömrəli etibarnamə Cavabdeh4 tərəfindən X8 və X7 xeyrinə verilmişdir. Məhz bu etibarnamədən istifadə edilməklə, xx.xx.2015-ci il tarixli, 4Ə-85 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində Cavabdeh4 əvəzinə X9, xx.xx.2015-ci il tarixli, 4Ə- 154 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsində Cavabdeh4 əvəzinə X16 iştirak etmişdir. Bir nüans da vurğulanmalıdır ki, X9 da Cavabdeh1 sinif yoldaşı olmaqla onun bu əməllərinin yaxın iştirakçısıdır. Həmçinin xx.xx.2015-ci il tarixli, 2116 reyestr nömrəli etibarnamənin məzmununa da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, həmin etibarnamə ilə Cavabdeh4 Bakı şəhərində yerləşən daşınmaz əmlakı istisna olmaqla,qalan əmlakının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq digər hərəkətləri etməyi X8 və X10 etibar etmişdir. Yəni Cavabdeh4 həqiqətən ona məxsus olan, Bakı şəhərində yerləşən əmlak(lar)ını istisna etməklə, faktiki olaraq Cavabdeh1 məxsus olan əmlaklara dair hüquqları onun ortaqlarına etibar etmişdir. Məhz bu etibarnamənin verilməsindəki məqsəd, faktiki olaraq Cavabdeh1 məxsus əmlakları Cavabdeh4 adına rəsmiləşdirmək və onları rahat idarə etmək olmuşdur. Beləliklə, qeyd edilmiş bu hallar xx.xx.2015-ci il tarixli, 4Ə-85 nömrəli və xx.xx.2015-ci il tarixli, 4Ə-154 №-li daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarlılığına ciddi şübhə yaradır və uydurma əqd olduğunu göstərir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Məhz hazırki iş üzrə bu cür müqavilələrin bağlanmasındakı yeganə məqsəd həmin əmlakların ər-arvad arasında bölünməsindən yayınmaq olmuşdur. Dolayısı ilə yuxarıda qeyd edilmiş halları bu fakt ilə əlaqəli təhlil etdikdə Cavabdeh4 həmin əmlaklarla əlaqədar heç bir marağının olmadığı açıqca görünməkdədir. Cavabdeh4 bu əmlaklarda marağının olmadığı məhkəmə proseslərində də açıq-aşkar görünməkdə idi. Belə ki, Cavabdeh4 sözügedən məhkəmə proseslərinin heç birində şəxsən iştirak etməmişdir. Onun vəkili qismində həm Cavabdeh1, həm də onunla əlbir olan şəxslərin vəkili olan, Cavabdeh1 yaxın dostu Nümayəndə2 çıxış etmişdir. Həmçinin 9 məhkəmə işi üzrə mübahisə predmeti qismində çıxış edən əmlakların özgəninkiləşdirilməsi qərardadla qadağan edilmişdir. Məlumdur ki, müvəqqəti təminat tədbirinə dair ərizə işin nəticəsinin uğurlu olacağı halda təmin edilir. Lakin hazırki iş üzrə məhkəmə əvvəlcə MTT ərizəsini təmin etsə də, sonda iddianı rədd etmişdir. Məhz bu hallar birinci instansiya məhkəməsində qeyd edilsə də, məhkəmə bu halların heç birini araşdırmamış, qiymət verməmiş, tamamilə formal əsaslardan çıxış edərək iddianı rədd etmişdir. Bundan əlavə məhkəmə prosesinin gedişində bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, iş üzrə əlavə sübutların əldə edilməsi məqsədilə məhkəməyə müxtəlif vəsatətlər ünvanlanmışdır. Bu vəsatətlər cavabdehlərin maddi vəziyyəti, həyat şəraiti, dövlətə sığorta ödənişinin olub-olmaması, əmək müqaviləsinin olub-olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, bank hesabları barədə məlumatların müxtəlif qurumlardan əldə edilməsi məqsədilə verilmişdir. Məhkəmə isə qətnaməsində “məhkəməyə təqdim edilmiş vəsatətlərdə iş üçün əhəmiyyətli ola biləcək mötəbər sübutların əldə olunması göstərilməmişdir” deyə qeyd etmişdir. Yəni məhkəmə vəsatətlərimizi həmin vəsatərlərdə mötəbər sübutların əldə edilməyinin göstərilmədiyi əsası ilə rədd etmişdir. Məhkəmə yenə də formal mülahizədən çıxış etmiş və işi araşdırmağa maraqlı olmadığını göstərmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İş üzrə Cavabdeh4 nümayəndəsi, vəkil Nümayəndə2 məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmış, sübutlara düzgün qiymət verilmiş və məhkəmə tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gələrək sonda qanuni, əsaslı və ədalətli qətnamə çıxarmışdır. Belə ki, İddiaçı Yevlax rayonu Havarlı kəndində yerləşən iş üzrə digər Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və həmin əmlaka birgə hüquqları olan 0.10 ha həyətyanı torpaq sahəsinin və Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 №-li evin 5 №-li mənzilinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və qanunla müəyyən edilmiş qaydada X5 xx.xx.2015-ci il tarixli 7E-1943 reyestr nömrəli etibarnamə vermişdir. Həmin etibarnamə ilə Çinarə Rzayeva və Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətlər etməyi X5 etibar etmişlər. Yəni qeyd olunan alğı-satqı əməliyyatları üzrə Mülki Məcəllənin 225.6-cı və Ailə Məcəlləsinin 33.1-ci maddələrinin tələblərinə tam riayət olunmuşdur. İddiaçının apellyasiya şikayətlərinin dəlilləri, ümumi sözlərdən ibarətdir, məhkəməyə iddia tələbini təsdiq edən rəsmi sübutlar təqdim etməmişdir və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur və iddiaçının həmin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini mübahisələndirməkdə məqsədi və niyyəti yalnız əsassız varlanmağa cəhd etməkdən ibarətdir. Odur ki, Daşkəsən Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(030)-150/2025 saylı qətnaməsinin dəyişdirilmədən, iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi, vəkil Nümayəndə2 apellyasiya şikayətinə qarşı vermiş olduğu etirazı müdafiə etdiyini bildirirərək, Daşkəsən Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(030)-150/2025 saylı qətnaməsinin dəyişdirilmədən, iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızı ilə Cavabdeh1 1997-ci il noyabr ayında rəsmi nikaha daxil olmuşlar, tərəflər arasında nikah münasibətləri xx.xx.2023-cü il tarixində məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə birgə vəsait hesabına bir neçə əmlak əldə etmişlər. Həmin əmlakardan Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2011-ci il tarixində ********** № ilə qeydiyyata alınmışdır. Yevlax rayon 2 saylı notariat ofisində xx.xx.2015-ci ildə 4Ə-85 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin torpaq sahəsinin 0.05 ha hissəsi Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan əlavə ünvan 2 ünvanında yerləşən mənzil Mingəçevir şəhər 1 saylı notariat ofisində xx.xx.2015-ci il tarixində Cavabdeh1 (satıcı) (etibarnamə üzrə nümayəndə X14) ilə Cavabdeh4 (alıcı) (etibarnamə üzrə nümayəndə X16) arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin mənzil Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. İş materiallarından görünür ki, Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 06 mart 2015-ci il tarixdə təsdiq edilmiş 7E-1943 reyestr nömrəli etibarnamə ilə X13 və X15 həmin etibamamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sarəncam verməyi və digər hərəkətləri etməyi X5 etibar etmişlər. Həmçinin iş materiallarından müəyyən olunur ki, X13 əri Cavabdeh1 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına, dəyişdirilməsinə və ya bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Lakin, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək qeyd edilən müqavilələrin bağlanmasında onun razılığının olmadığını, həmin müqavilələrin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmiş, bu səbəbdən də etibarsız sayılmasını və yaratdığı hüquqi nəticələrin ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir.
25. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
26. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
27. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. Apellyasiya şikayətinin əsas dəlili qeyd olunan müqavilələrin əslində görüntü yaratmaq üçün bağlanmaqla uydurma əqd olduğundan ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha (ilkin olaraq 0.10 ha) həyətyanı təyinatlı torpaq sahəsinin, həmçinin ünvan 5 ünvanında yerləşən mənzilin alğı-satqısı barədə tərəflər arasında razılaşma olmuşdur. Mübahisələndirilən müqavilələr üzrə öhdəliklər hər iki tərəfə münasibətdə tam icra olunmuş və hüquqi nəticə yaranmışdır. Qeyd edilən müqavilələrin uydurma olması ilə bağlı, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
29. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakarın satılmasına razılığı olmamış, həmin əmlakların özgəninkiləşdirilməsinə dair müqavilələr səlahiyyəti olmayan şəxslər tərəfindən bağlanılmışdır.
30. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqdlər səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı əldə edilmiş sənədlərə nəzər saldıqda satış predmeti olan əmlakların həm alıcısını, həm də satıcısını təmsil edən şəxslərin adına hüquqi qüvvədə olmuş etibarnamələr verildiyi, o cümlədən mübahisələndirilən əmlaklar İddiaçı ilə əri Cavabdeh1 birgə nikah dövründə əldə edildiyindən mübahisəli əmlakların özgəninkiləşdirilməsinə dair iddiaçının notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alğı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
31. Apellyasiya şikayətində, eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili iş materiallarında olan razılıq ərizəsinin iddiaçı tərəfindən imzalanmadığını bildirmiş, həmin nüansın araşdırılması məqsədilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2026-cı il tarixli 4/2101 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 168-ci vərəqində 02 iyun 2012-ci il tarixli AR-İ seriyalı, 163674 nömrəli Etibarnamədə “İmza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması, 170-ci vərəqində X3 adından olan 7E-02-1218 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş 11 fevral 2015-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması – Səbizova (Rzayeva) Çinarə İsmət qızı tərəfindən icra olunmuşdur.
32. Göründüyü kimi alğı-satqı müqavilələrinin etibarsızlığı barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.
33. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
34. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakları qanuni əsaslarla əldə edən alıcının da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
35. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda sadalanan hallarına istinadən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.
37. İşdən müəyyən olunur ki, hazırkı apellyasiya baxışı zamanı aparılmış məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 125 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manatın əvəzi iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
38. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-150/2025 saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.