Məhkəmə qərarları › İş №2(104)-1469/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1469/2025

23.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1469/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, 13 saylı evə əsassız yazılmış 1498,68 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh "xxxx" ASC «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadı ilə şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadı ilə qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk onun mülkiyyətində olmaqla, həmin ünvana dair ona mülkiyyət hüququna dair çıxarış verilmişdir. Aldığı evdə 29 sentyabr 2008-ci ildə yanğın baş vermiş, həmin ev yaşamaq üçün yararsız vəziyyətdə olmuş, 29 sentyabr 2008-ci ildən sonra həmin evdə heç bir yaşayış olmamışdır. Ev bu günkü vəziyyətdə də yararsız vəziyyətdədir. Qeyd edilən evdə yaşamaq üçün heç bir şərait yoxdur. Hazırda həmin evə 1498,68 manat su və çirkab pulu yazılmışdır. Evdə yaşayışın olmaması məhkəməyə təqdim edəcəyi video-diskdə də təsdiq olunmuşdur. Qaz idarəsindən götürdüyü arayışdan bəlli olmuşdur ki, qeyd edilən ünvanda 2008-ci ildən yaşayış olmamışdır. Belə ki, həmin ünvanda qaz sayğacından sızma olduğu halda, bəzən bir ilə 20 qəpikdən artıq pul yazılmamışdır. Həmin ünvana yazılmış 1498,68 manat borc haqsız olaraq hesablanmışdır. Məhkəmədə bu barədə qaldırdığı iddia Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Lakin bu barədə etibarnamə üzrə nümayəndəsinin nə şəxsi kabinetində məlumat əks etdirilmiş, nə də ona poçt vasitəsilə göndərilmişdir. Sonradan məhkəmə tərəfindən bu barədə maraqlandıqda xx.xx.2025-ci il tarixli qərardaddan məlumatlı olmuşdur. Bu barədə məlumat ona şifahi verilmiş, yenidən apellyasiya şikayətini sistemə nümayəndəsi vasitəsilə yerləşdirmişdir. Məhkəmə qeyd etmişdir ki, guya onun elektron sistemində xx.xx.2025-ci il tarixdə qərardad yerləşdirilmişdir. Lakin o, həmin işdə sonuncu dəfə apellyasiya şikayəti verdikdən sonra nümayəndə kimi sistemə daxil edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1469/2025 nömrəli qərardadı ilə şikayətə əsasən işə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş müddətdə verilməsidir. Belə ki, sözügedən maddəyə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qətnaməsi 03 mart 2025-ci il tarixdə iddiaçıya məhkəmə qəbzinə imza olunmaqla rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən iddiaçının nümayəndəsi (anası) tərəfindən xx.xx.2025-cı il tarixdə apellyasiya şikayəti verilmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(125)620/2025 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qeyd olunan qərardad xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yüklənmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi (anası) Nümayəndə tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, qeyd olunan qərardaddan iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda məhkəmə araşdırılmasının predmeti Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadıdır. İş materiallarından görünür ki, İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi müddətini sol ayağından qırıq travması alması və uzun müddət yataq rejimində müalicədə olması ilə əlaqələndirsə də, qətnamədən verilmiş apellyasiya şikayətləri onun nümayəndəsi tərəfindən verilmişdir. Nümayəndəsi isə məhkəmə iclasında uzun müddət xəstə olmasını qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ona rəsmən təqdim edilməməsini və elektron kabinetinə yerləşdirilməməsini göstərsə də, iş materiallarına əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-620/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 620/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən alınmış (iş. mat. səh. 56), nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verilmiş, şikayət geri qaytarıldıqdan sonra (müvafiq qərardad xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir) isə yeni apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Diqqətə alınmalıdır ki, MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərində qeyd olunan hallar ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Belə olan halda şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 357, 363, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(115)-620/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir ondan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar