Məhkəmə qərarları › İş №2(104)-1471/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1471/2023

07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1471/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Telman oğlunun katibliyi, İddiaçı cavabdehlər X11 və Maraqlı şəxsna qarşı “vəsiyyətnamə üzrə miras mülkdən payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Мəhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 2(62)-559/2009 saylı qiyabi qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Мəhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 2(62)-559/2009 saylı qiyabi qətnaməsi ilə (hakim K.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Tovuz rayonu Abulbəyli kəndində yerləşən mərhum X1 adına olan 0,07 ha həyətyanı torpaq sahəsinin 3/4 (dörddə üç) hissəsi üzərində İddiaçı, 1/4 (dörddə bir) hissəsi üzərində X4 və ¼ (dörddə bir) hissəsı üzərində X6 paylarının müəyyən olunması, iddianın mərhum X1 adına olan yaşayış evindən hissəsinə dair tələbinin təmin olunmaması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, Tovuz Rayon Мəhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 2(62)-559/2009 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək apellyasiya məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Мəhkəməsinə müraciət edərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən mərhum nənəsi X1 adına olan miras mülkdən vəsiyyətnamə üzrə payının müəyyən olunmasına və həmin pay üzrə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsasladırmışdır ki, X3 onun nənəsidir. Nənəsi S.Əİiyevanın Tovuz rayonu Abulbəyli kəndində adına 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2 otaqdan və bir mətbəxdən ibarət olmaqla yaşayış binası var. Nənəsi 01 aprel 2004-cü il tarixdə Tovuz rayon Notariat kontorunda bütün əmlakını digər vərəsələrindən vərəsəlik hüququndan imtina etməklə miras mülkünü ona vəsiyyət etmişdir. X7 vərəsəsi cavabdeh olan xalası Tamara Abbasova və anası Zərqələm Həsənovadır. Nənəsi xəstə olduğu dövrdə ona qulluq etmiş və onun ölümündən sonra bütün dəfn xərclərini özü çəkmişdir. Nənəsinin sağlığında ev onun və nənəsinin istifadəsində olub nənəsinin ölümndən sonra xalası T.Abbasova mübahisə olunan evin qapısını qıfıllamışdır, vəsiyyətnamə üzrə miras mülkə vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə cavabdeh Maraqlı şəxs notariusuna müraciət etsə də miras mülkə dair şəhadətnamə verməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi Ədalət Cabbarov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mövcud olan torpaq sahəsini vərəsələrə çatacaq paydan artıq olaraq paylara bölmüşdür. Məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməmiş, həmçinin məhkəmə qərarında daşınmaz əmlakın dövlət reyestrində vərəsəlik payı kimi qəbul edilmiş torpaq sahəsinin qeydiyyatın aparılması ilə bağlı hər hansı öhdəlik qoyulmamış və həmin qərarı icra edilməsi üçün Ərazi İdarəsinə göndərilmişdir. Prosessual məsələlər: Məhkəmə iclasınmın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instaniya ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-ci bəndindəki tösiyyələrdə göstərilir ki, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan JN 748 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, mərhum X2 adına 0,07 ha torpaq sahəsi var. İş materiallarında olan 01 aprel 2004-cü il tarixli Maraqlı şəxs təsdiq etdiyi vəsiyyətnamədən görünür ki, X3 digər vərəsələrini vərəsəlik hüququndan məhrum etməklə bütün əmlakını qız nəvəsi olan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 07 fevral 2008-ci il tarixli müqavilədən görünur ki, X3 adına olan Tovuz rayonu Abulbəyli kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı , ümumi sahəsi 48,8 kv m olan yaşayış evini qızı X8 bağışlamışdır. İş materiallarında olan hüquqların dövlət qeydoiyyatı haqqında daşınmaz əçğmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Tovuz rayonu Abulbəyli kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,6 kv.m yaşayış, 7,2 kv.m köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənın surətındən görünür ki, X3 15 fevral 2009-cu ildə vəfat etmişdir. İş materiallarında olan 03 dekabr 2009-cu il tarixli notariat hərəkətının aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, İddiaçı miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna ərizə vermiş, o, mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddəti buraxdığına, həmçinin vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X1 adında Tovuz rayonu Abulbəyli kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,6 kv.m yaşayış, 7,2 kv.m köməkçi sahədən ibarət yaşayış evi, habelə JN 748A saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Sineyvər Əliyeva 01 aprel 2004-cü il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını 1974-cü ildə anadan olmuş qız nəvəsi İddiaçı vəsiyyət etmişdir. 07 fevral 2008-ci il tarixdə isə S.Əİiyeva Abulbəyli kəndində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli ümumi sahəsi 48,8 kv m olan evini cavabdeh X8 bağışlamış, hüquqların dövlət qeydoiyyatı haqqında daşınmaz əçğmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan göründüyü kimi Tovuz rayonu Abulbəyli kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,6 kv.m yaşayış, 7,2 kv.m köməkçi sahədən ibarət yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində tam mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmış, 15 fevral 2009-cu ildə isə X3 ölmüş, iddiaçı miras əmlkın qəbul edilməsi üçün notariat orqanına xx.xx.2009-cu il tarixdə müraciət etmiş, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Sineyvər Əliyevanın qanun üzrə vərəsələri qızı X11 və X5r. Vəsiyyətnamə üzrə isə vərəsəsi yalnız İddiaçıdur. Vəsiyyətnamə olsa da mübahisə olunan 0,07 ha torpaq sahəsindən mərhumun vərəsələrinin məcburi payı var, ona görə də həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə iddiaçıların və cavabdeh Z.Həsənovanın payları müəyyən olunmalıdır. Mərhum adına olan mülkdən evi cavabdeh T.Abbasovaya bağışladığına görə yalnız həyətyanı torpaq sahəsindən paylar müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, miras mülkdən mübahisə olunan həyətyanı torpaq sahəsindən İddiaçı adına vəsiyyətnamə olduğuna görə İddiaçı 3/4 , Zərqələm Həsənovanın 1/4 , Cavabdeh isə 1/4 payı vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə hazırkı iddia ilə bağlı qiyabi icraat qaydasında baxmışdır. Qiyabi icraat qaydasında işə baxılmasının əsasları və qaydası Azərbaycan Respublikası MPM-in 17-ci fəslindəki normalarla tənzimlənir. Belə ki, MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür (maddə 238.2.). İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır (maddə 238.3.). İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır (maddə 238.4.). İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır (maddə 238.5.). Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır (maddə 241.1.). Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur (maddə 241.2.). İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz (maddə 241.3.). İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir (maddə 241.4.). İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir (maddə 241.5.). İşdən göründüyü kimi işə qiyabi icraat qaydasında baxılması ilə bağlı iddiaçının ərizəsi olmamış, məhkəmə işə qiyabi icraat qaydasında baxılması ilə bağlı qərardad çıxarmamış, bundan başqa iddianı qismən təmin etmiş olsa da çıxardığı qətnaməni qiyabi qətnamə adlandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə qiyabi icraat qaydasında baxılmasının qanunla müəyyən edilmiş qaydası pozulduğuna görə həmin qətnamə ləğv edilməlidir. Kollegiya işin mahiyyəti ilə bağlı qeyd edir ki, iddiaçı mərhum nənəsi X1 adına olan miras mülkdən vəsiyyətnamə üzrə payının müəyyən edilməsini xahiş etmiş olsa da, tələbini dəqiqləşdirməmiş, iddia ərizəsində nənəsi S.Əİiyevanın Tovuz rayonu Abulbəyli kəndində adına 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2 otaqdan və bir mətbəxdən ibarət olmaqla yaşayış binasının olduğunu göstərmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçı məhz həmin evdən payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı nənəsi S.Əİiyevanın Tovuz rayonu Abulbəyli kəndində adına 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2 otaqdan və bir mətbəxdən ibarət olmaqla yaşayış binasının (evinin) olduğunu və həmin miras əmlakdan payının müəyyən edilməsini xahiş etmişdir. Vəsiyyət edən X1 öldüyü 15 fevral 2009-cu il tarixdə isə Tovuz rayonu Abulbəyli kəndində adına 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2 otaqdan və bir mətbəxdən ibarət fərdi yaşayış evi onun mülkiyyətində olmamışdır. Belə ki, o, həmin evi 07 fevral 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı X8 bağışlamışdır. Kollegiya həm də qeyd edir ki, iddiaçı ümumiyyətlə mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etdiyini təsdiq edən hər hansı sübut da təqdim etməmiş, bu kimi hal iş materialları ilə də müəyyən olunmur. Bundan başqa məhkəmə miras əmlakı ¾, ¼ və ¼ paylara bölməklə də səhvə yol vermişdir. Qətnamədən belə görünür ki, 4 hissədən ibarət əmlak 5 hissəyə bölünmüşdür. Göründüyü kimi iddiaçının iddia etdiyi əmlak vəsiyyət edənin sağlığında onun tərəfindən özgəninkiləşdirildiyindən birinci instansiya məhkəməsi haqsız olaraq vəsiyyətnaməyə əsaslanaraq qətnamə qəbul etmişdir. İşin faktiki hallarına və sadalanan hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Tovuz Rayon Мəhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 2(62)- 559/2009 saylı qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İddiaçı cavabdehlər X8 və Maraqlı şəxsna qarşı “vəsiyyətnamə üzrə miras mülkdən payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar