Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1476/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-255/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisində qeyd olunan xx.xx.2020-ci il tarixli, **********217 nömrəli, reyestrdə 8i- 7217 nömrə ilə qeyd edilmiş ərizəsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987- ci ildə X5 ilə rəsmi nikaha daxil olmuşlar. Hal-hazırda Bərdə şəhərinin Heydər Əliyev parkının yanında olan Kral restoranın 1/2 hissəsi Muradov Xanların mülkiyyətindədir. Həmin restoranın 1/2 hissəsi isə həyat yoldaşı X3 məxsus olmuşdur. Qardaşı Cavabdeh həyat yoldaşı X2 etibarından istifadə edərək Üzeyir Hacıbəyov küçəsi meşə park ərazisində istifadədə olan ümumi sahəsi 585 kv.m olan qeyri-yaşayış binasını ələ keçirmişdir. Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə göndərilən vəkil sorğusu əsasında bilinmişdir ki, guya o, X2 həyat yoldaşı olaraq qardaşı Cavabdeh bu mülkün ərinə düşən pay hissəsinin bağışlanmasına etiraz etmir. O, həmin vaxt orda olmamış və bu ərizədən xəbəri olmamışdır. Bunlar tamamilə dolayı yolla saxtalaşdırılmış sənədlərdir. O, natorius xidmətində olmamış, iştirak etməmiş və heç bir sənədə imza çəkməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-255/2025 nömrəli qətnaməsi (hakim F.Abdullayev) ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının xəstəliyini təsdiq edən sənədlər müraciətə əlavə olunmadığından MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixili,********** qeydiyyat nömrəli (reyestr nömrəsi:**********79- 06301, MH №0001823) çıxarışa əsasən, Bərdə şəhəri, Üzeyir Hacıbəyov (Meşə-Park ərazisi) küçəsində icarədə olan 0.55 ha torpaq sahəsində yerləşən 23 girişli, 585 kv.m ümumi, 421.1 kv.m əsas. 163.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə X4 1/2 hissə, X2 1⁄2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2008-ci il tarixli texiniki pasporta əsasən, Bərdə şəhəri Meşə-Park ərazisində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsi X4, 1⁄2 hissəsi isə X2 mülkiyyətindədir. - İddiaçı **********217 nömrəli, xx.xx.2020-ci il tarixli notarial qaydada verilmiş ərizəsindən görünür ki, İddiaçı Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Meşə Park ərazisində yerləşən sahəsi 585 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət hüququ üzrə əri X3 məxsus olan 1/2 hissəsinin bütünlüklə Cavabdeh bağışlanmasına etiraz etmədiyini ifadə etmişdir. - xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, X1 şəhəri Üzeyir Hacıbəyov küçəsi Meşə-Park ərazisində istifadədə olan 0.55 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 585 kv/m olan qeyri-yaşayış binasının mülkiyyət üzrə ona məxsus (ƏMDK-nin yanında DƏDRX-nin 7 Saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X3 verilmiş **********79-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən) paylı mülkiyyət üzrə 1/2 hissə, 292.5 kv.m hissəsini Cavabdeh bağışlamışdır. - xx.xx.2020-ci il tarixli texiniki pasporta əsasən, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində (Meşə-Park ərazisi) yerləşən qeyri-yaşayış binası X4 1/2 hissə, Cavabdeh 1⁄2 mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsi Meşə-Park ərazisində 0,55 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 585 kv.m qeyri-yaşayış binası X4 (1/2 hissə) və Cavabdeh (1⁄2 paylı) mülkiyyətindədir (müvafiq olaraq xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (səh. 11)). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Bərdə regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisində qeyd olunan xx.xx.2020-ci il tarixli, **********217 nömrəli ərizənin etibarsız hesab edilməsinə nail olmaqdır. Belə ki, həmin ərizədə onun ½ hissəsi əri X3 məxsus olmuş Bərdə şəhəri Heydər Əliyev parkının yanında olan Kral restoranın Cavabdeh bağışlanmasına etiraz etmədiyi ifadə olunmuşdur. İddiaçı iddia ərizəsinin məzmununda xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə etiraz etdiyini bəyan etmiş, hazırda mübahisələndirdiyi ərizə tərtib edilərkən notariat ofisində olmadığını və ərizəni imzalamadığını əsas gətirərək həmin ərizənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələbə mahiyyəti üzrə baxılaraq təmin edilməməsinə dair yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası mülki işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, mövcud vəziyyətdə iddiaçı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi əvəzinə, Bərdə regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisində qeyd olunan xx.xx.2020-ci il tarixli, **********217 nömrəli ərizəni mübahisələndirmişdir. Hansı ki, həmin ərizənin ləğvinin heç bir hüquqi nəticəsi yoxdur və məhkəmə araşdırmasının predmeti xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi olmalıdır. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə iki halda məhkəmədə mülki işə başlamaq mümkündür – pozulmuş hüququn bərpası üçün və yaxud qanuni mənafeyin təsdiqi üçün. Mülki işin baxılmasına başlamazdan əvvəl həyata keçirilməsi zəruri olan ilkin meyar ümumiyyətlə həmin aktın (sənədin) mübahisələndirilməsinin yolverilən olubolmamasının aydınlaşdırılmasıdır. Mübahisələndirmənin mümkünlüyü isə öz-özlüyündə mübahisələndirilən ərizənin güman edilən hüququn (mənafeyin) pozuntusu nəticəsini yaradıb-yaratmamasını ehtiva edir. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, şəxsin hüquqi vəziyyətinin strukturunu birbiri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan söz gedə bilər. Elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, habelə şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, hazırkı işə məhkəmədə baxılması üçün prosessual hüquqi əsaslar mövcud deyildir. Ona görə ki, hazırda mübahisələndirilən ərizə etibarsız hesab olunduğu halda belə hər hansı hüquqi nəticəyə səbəb olmadığı üçün bu iddiaya məhkəmədə baxılması yolverilməzdir. MPM-in 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-255/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2(104)-1476/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1476/2025
10.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver