Məhkəmə qərarları › İş №2(104)-1482/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1482/2025

30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1482/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı Səlimbəyova (Mustafayeva) Zəminə Tahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhər 1 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması, miras əmlaka qanun üzrə vərəsə kimi tanınması və payının müəyyən olunaraq mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3747/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Səlimbəyova (Mustafayeva) Zəminə Tahir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Gəncə şəhər 1 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin əvvəlki vəziyyətinə, yəni mərhum anası X7 adına qaytarılması və həmin fərdi yaşayış evinə mərhum anası X7 qanun üzrə vərəsəsi kimi tanınması, payları müəyyən olunaraq mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı olaraq mərhum anası X7 qız övladıdır. Mərhum anası X12 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının X13 Yuqra Nijnevarovsk şəhərində ölmüşdür. Anasının ölümündən qabaq ona övladı kimi 18 il mütəmadi olaraq o qulluq etmişdir. Dediklərini anasının və onun qonşuları şahid qismində təsdiq edə bilərlər. Mərhum anasının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlak hazırda cavabdehlərin birgə mülkiyyətinə keçrilmişdir. İş üzrə cavabdehlər məhrum bacısı X8 övladlarıdır. Mərhum anasının mülkiyyətində olan həmin fərdi yaşayış evi ilə bağlı qardaşına vəsiyyətnamə verilmişdir. Lakin, anasının ölümündən sonra mərhum bacısı X15 2021-ci il tarixdə vərəsəliyin qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə həmin ev üzərində X8 tam payı müəyyən edilmişdir. Hazırda isə mərhum bacısı X8 övladları olan, mülki iş üzrə cavabdehlərin birgə mülkiyyətlərinə keçmişdir. Qanunlara zidd olan və qərəzli şəkildə mərhum bacısı və onun övladları olan iş üzrə cavabdehlər tərəfindən görülən proseslərdən onun xəbəri olmamışdır. Bu proseslər onun iştirakı olmadan görülmüşdür. Cavabdehlər tərəfindən onun konstitusion hüquqları pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3747/2025 nömrəli qərardadı ilə (hakim F.Fərhadov) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası X5 miras qalmış fərdi yaşayış evindən ibarət miras əmlak üzərində payının müəyyən edilməsi barədə mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, bundan sonra hazırkı tərəflərin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəf bu iddiada X15 yox onun övladlarıdır. Belə olan halda, məhkəmənin bu mübahisədə tərəflərin eyni olması ilə iş üzrə icraata xitam verməsinin hüquqi əsası yoxdur. Cavabdehlər tərəfindən görülən işlərdən, yəni miras mülkün adlarına keçirmələrindən xəbəri olmamışdır. Halbuki, mərhum anası ölümündən qabaq 18 il mütəmadi olaraq anasına o, baxmışdır, onun dediklərini anasının və onun qonşuları şahid qismində bu faktı təsdiq edə bilərlər. Belə olan halda, miras mülkün cavabdehlərin birgə mülkiyyəinə keçməsinin hüquqi əsası yoxdur. İşə baxan məhkəməmənin vərəsəliklə bağlı qaldırdığım iddia üzrə iş üzrə icraata xitam verərkən onun Mülki Məcəllənin 1133.1-ci, 1134.1, 1159.1, 1159.1-ci maddələrində nəzərdə tutulmuş hüququ məhdudlaşdırılmışdır. İşə baxan məhkəmə MPM-in 261.0.2-ci maddəsinə istinad edib onun iddiası üzrə icraata xitam verməsi bir daha onu subut edir ki, məhkəmə MPM-in 261.0.2-ci maddəsinə düzgün istinad etməmişdir. Belə ki, mübahisədə tərəflər eyni deyildir. Məhkəmə tərəflərin eyni olması ilə bağlı bütün faktiki halları tam araşdırmadan qərardad qəbul etmişdir, məhkəmə tərəflərin eyni olmasını sübut etmədən iş üzrə icraata xitam vermişdir, qərardadın nəticə hissəsi işin hallarına uyğun deyildir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3747/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və material ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası işə şifahi məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə iddia tələbinin məzmundan müəyyən olunur ki, tələb 3 hissədən - 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi; 2) fərdi yaşayış evinin əvvəlki vəziyyətinə, yəni mərhum anası X7 adına qaytarılması və həmin fərdi yaşayış evinə mərhum anası X7 qanun üzrə vərəsəsi kimi tanınması; 3) payları müəyyən olunaraq mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsini qərara almış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qalmış fərdi yaşayış evindən ibarət miras əmlak üzərində payının müəyyən edilməsi barədə mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, bundan sonra hazırkı tərəflərin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Məhkəmə kollegiyası iddia tələbinin fərdi yaşayış evinə dair cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi hissəsi üzrə icraata xitam verilməsi ilə bağlı gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Mülki prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Kollegiyanın qənaətinə görə, həm əvvəlki, həm də hazırki tələbin əsasını eyni predmet - X5 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi təşkil etsə də, cavabdehlərin adına olan çıxarışların ləğv edilməsi tələbi eynilik təşkil etmir. Belə ki, əvvəlki mübahisədə qeyd olunan fərdi yaşayış evinin vərəsəlik hüquq münasibətləri ilə bağlı hüquqi müqəddəratı həll edilmişdir. Hazırki tələbin - cavabdehlərin adına olan çıxarışların ləğv edilməsi isə əvvəlki mübahisənin predmeti eynilik təşkil etməmiş, həmin tələbə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, işdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 27 iyul 1940-cı il tarixli torpaq qeydinə əsasən X2 adına işlənilmişdir. Fərdi yaşayış evi Kommunal Təsərrüfatı Nazirliyinin 08 iyul 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X2 adına qeyd edilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 951.0 kv.m (0.0951 ha) olmuşdur. X4 ünvana dair 02 oktyabr 2000-ci il tarixli, 19919 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 mart 2001-ci il tarixli, 2- 178/2001 nömrəli qətnaməsinə və 2002-ci il tarixli, 2-178/2002 nömrəli icra vərəqəsinə əsasən X3 vərəsəsi X12 təyin edilmiş və onun adına 04 iyul 2002-ci il tarixli, 21365 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 31 yanvar 2017-ci il tarixli, **********94-10301 reyestr nömrəli çıxarışa əsasən X7 adınadır. Gəncə Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(104)-3285/2021 nömrəli qətnaməsinə əsasən X7 vərəsəsi X15 qəbul olunmuş və onun adına 03 oktyabr 2022-ci il tarixli, **********34- 10301 reyestr nömrəli çıxarış verilmişdir. 27 fevral 2025-ci il tarixli, 2V-25 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülk X8 adından Cavabdeh1 və Cavabdeh2 keçmişdir. Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 30 (yeni qaydalarla; AZ 2001, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) olmaqla 12 mart 2025-ci il tarixli, **********51-10301 reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi fərdi yaşayış evinə dair 27 fevral 2025-ci il tarixli, 2V-25 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 1/2 hissə və Cavabdeh2 1/2 hissə olmaqla 12 mart 2025-ci il tarixli, **********51-10301 reyestr nömrəli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən mülki işin icraatına qeyd edilən hissədə də xitam vermişdir. Belə olan halda, iddia tələbinin qeyd olunan hissəsinə mahiyyəti üzrə baxılmalıdır. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, hazırkı iş üzrə iddiaçının bacısı, cavabdehlərin isə anası olan X15 cavabdehlər Mustafayev Əvəz Tahir oğlu, X16, X11 və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evə tam mülkiyyət hüququnun qeydə alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1366/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X8 1/8 hissədə məcburi payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3285/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, X1 miras qalmış ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət mirasın X7 qanun üzrə birinci növbəli vərəsəsi olan X15 tərəfindən faktiki qəbul edilməsi fakt kimi müəyyən olunmuş və həmin miras əmlak üzərində X8 tam payı müəyyən edilmiş, iddiaçıya vərəsəlik hüququna dair şəhadətnamə verilməsi vəzifəsinin notariat kontorunun üzərinə qoyulması tələbi hissəsində iddia təmin edilməmiş, qətnamənin X5 miras qalmış, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin X8 adına daşınmaz əmlakın dövlət reyestrində mülk kimi qeydə alınması üçün əsas olması göstərilmişdir. İş üzrə cavabdeh Mustafayev Əvəz Tahir oğlu (vəkil X6) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3350/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Mustafayev Əvəz Tahir oğunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3285/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının mərhum anası X5 miras qalmış fərdi yaşayış evindən ibarət miras əmlak üzərində payının müəyyən edilməsi barədə mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğundan, bundan sonra hazırkı tərəflərin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. İddiaçının mərhum anası X5 miras qalmış yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzərində məhkəmə qaydasında iddiaçının mərhum bacısı X8 tam payı müəyyən edilmiş, həmin mülki işə baxılmasında hazırkı iddiaçı cavabdeh qismində iştirak etmiş, iş üzrə yekun məhkəmə aktı - Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3285/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. X1 miras qalmış ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzərində X8 tam payının müəyyən edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3285/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvədədir. Buna baxmayaraq, iddiaçı məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış fərdi yaşayış evindən ibarət miras əmlak üzərində payların yenidən müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 263-264, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3747/2025 nömrəli qərardadı qismən- ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Mülki iş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3747/2025 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardadın mülki iş üzrə icraata xitam verilməsi hissəsindən, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar