Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1483/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan ünvan 1i ünvanında abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2023-cü yanvar ayına 1555,20 manat borc hesablanmışdır.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2058-1 saylı akta əsasən 10020337 nömrəli sayğacın çıxış plasmas borusu deşilməsi, sayğac istismara yararsız olması qeyd edilmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Kəmaləddin Sarıyevin yaşadığı ünvanda quraşdırılmış Dia froqme tipli, G-45 markalı, 10020337 nömrəli qaz sayğacı yeni Dia froqme tipli, G-45 markalı, 11236143 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “əvəzetmə” qeyd edilmişdir.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2058-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 10020337 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, sayğac minimum və normal sərfiyyatda -100% xəta ilə işləməsi, hesablama mexanizmi minimal və normal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yarasız olması müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən onun barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2058-1 nömrəli akt əsasında qanunsuz hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yaşayır. Yaşadığı ünvanda istilik enerjisini qaz vasitəsi ilə alır və bu günədək Cavabdeh kənd ərazisində rəsmi şəxslər ilə ödəmə və sərfiyyatla bağlı heç bir problemi olmamışdır. Tam normal məsuliyyətli abonent olmuş, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirib və vaxtıvaxtında borcu bildirişə uyğun ödəmişdir. Lakin 2023-cü ilin yanvar ayında “Azəriqaza” məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğv (yəni polad yivli birləşmələri) ilə əlaqədar qaz sayğacları sistemdən sökülmüş, yenidən sistem yivli birləşmələri qaynağ aparatı vasitəsi ilə ləğv edilərək bir-başa qaynaq edilərək yenidən quraşdırılmışdır. Bu quraşdırılma işlərini Cavabdeh İB-nin işçiləri vasitəsi ilə həyata keçirilmişdir. Həmin müddətədək onun sayğacında heç bir qüsur olmamış və sayğaca vurulmuş dövlət plombu qırıq olmamışdır. Həmin vaxt birliyin əməkdaşlarının ehtiyatsızlığına görə qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğaca çıxış durbasının sonuncu qaynaq hssəsindən sayğaca durba vasitəsi ilə sayğacın daxilindəki qaz hesablama mexanizminə daxil olub və göz ilə görünən ərimə və yanma qüsuru yaratmışdır. Sayğac quraşdırıldıqdan sonra onun sayğacına 12334175 nömrəli dövlət blombu vurulmuşdur. Belə blombların tam normal sayğaclara ucotun tamamlama məqsədi ilə vurulur. Həmin hadisədən 15 gün sonra təyin olunmuş qaz nəzarətçisi tərəfindən hesab bildirişi təqdim edən zaman ona bildirmişdir ki, onun sayğacı qaz sərfiyatını qeyd etmir. Nəzarətçi öz növbəsində tabe olduğu rəsmi şəxslərə məlumat vermiş, ona məxsus qaz sayğacına onun iştrakı olmadan akt nömrəsi MSK-14-2-2/3-5- 2058-1 nömrəli forma 1 əsasən yenisi ilə əvəz edilmişdir. Həmin forma 1-də qırılan blomb nömrəsi 12334175 nömrəli dövlət blombunu qıraraq yeni sayğac quraşdırılmışdır. Həmin müddətədək onun sayğacı cavabdeh təşkilat tərəfindən vurduğu dövlət blombu tam normal olmuşdur. Blomba müdaxilə ilə bağlı heç bir irad bildirilməmişdir. Lakin cavabdeh təşkilat göz ilə görünən sayğacdakı ərimə qüsurunun səbəbini bilmələrinə baxmayaraq təkrar onun sayğacına akt tərtib etmişlər, guya onun sayğaca müdaxilə etmə kimi qeydlər aparmışlar və onun sayğacı laborotoriya şəraitində yoxlanılması prosedurunda onun iştirakı təmin edilməmişdir. Onun sayğaca müdaxilə rəyi yazılaraq 1555.20 manat cərimə hesablanmışdır. O, sayğaca müdaxilə etmişdirsə 15 gün əvvəl sayğaca yenidən 12334175 dövlət möhrünü vurarkən həmin qüsur nəzarətçilər tərəfindən görülməmişdir. O, bununla bağlı Şəmkir rayon Qaz Təchizatı idarəsinə müraciət etmiş və iradını bildirmişdir. Həmin andan cavabdeh təşkilatın verdikləri səhv rəy qərarları AR Energetika nazirliyinə müraciət etmiş, Nazirliyin araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin verdiyi rəy qərarı və hesabladığı cərimə məbləği yalnışdır. AREN-nin X3 agentliyi onunla söhbətə əsaslanaraq həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehin nümayəndələri tərəfindən onun barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14- 2-2/3-5-2058-1 nömrəli akt əsasında qanunsuz hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 manat (bir min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 560.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin fevral ayında iddiaçının abonent hesabına işlənilmişdir. birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. iş materiallarından da göründüyü kimi sa yğ a ca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin fevral ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. ddia tələbinin ilkhissəsində qeyd edilən 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
21. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
22. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
23. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən yenisi ilə əvəzlənmiş, əvəzlənmə səbəbi kimi sə növbəti dövlət yoxlaması qeyd edilmişdir. Bundan sonra çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə” 27 fevral 2023-cü il tarixli MSK-14-2-2/3-5-2058-1 nömrəli rəyə əsasən sayğaca ümumi baxış keçirilmiş, zavod nömrəsi 10020337 olan sayğaca ümumi baxış keçirilmiş, sayğacın ümumi plastmas borusunun deşilməsi, xətanın normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləməsi, hesablama mexanizminin keçən qaz sətfiyyatını qeyd etməməsi müəyyən edilmişdir.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, sayğacın ümumi plastmas borusunun deşilməsində abonent X2 hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin qüsurun məhz iddiaçı tərəfindən törədilməsi halı müəyyən edilməmişdir. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.
40. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.