Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1484/2024 20.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(076)-1125/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şəmkir şəhəri, X4 küçəsi ünvanından çıxarılmış xx.xx.2023-cü il tarixli MSK14-2-2/3-5-4510/Q 003 saylı akta əsasən 1602AZ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir;
2. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğac G-4 markalı İtron tipli 1302AZ**********435 nömrəli sayğacla əvəz edilmişdir. Əvəzetmə zamanı aktda hər hansı qüsur aşkar edilməsi barədə qeyd aparılmamışdır;
3. “Qaz sayğacının yoxlanılması barədə” aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Göstəricilər arasında fərq mövcuddur. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda istismar müddətində ALARM-1 rejim aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilini baxış keçirilmiş, plastmas boruda deşik aşkar olumuşdur. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.
4. Şəmkir şəhəri, X4 küçəsi bina 0 mənzil 2 ünvanında olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına 3110,40 manat borc hesablanmışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəmkir şəhəri X4 küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sayğacının dəyişdirilməsi ilə əlaqədər əsassız hesablanmış 3110 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli akta əsasən mülkiyyətində olan Şəmkir şəhəri X4 küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğac G-4 markalı İtron tipli 1302AZ**********435 nömrəli sayğacla əvəzlənmiş, xx.xx.2023-cü il tarixli MSK14-2- 2/3-5-4510/Q 003 nömrəli akta əsasən G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunduğu üçün 3110) manat dəymiş ziyan hesablanmışdır. Halbuki, sayğac X5 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən onun və ya digər şəxslərin iştirakı olmadan dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi, müayinə olunması üçün laboratoriyaya göndərilməsi və yeni sayğacın dəyərinin onun tərəfindən ödənilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyildir.
7. Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(076)-1125/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, Şəmkir şəhəri X4 küçəsi ev-16 (Bina 0, mənzil 2) ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 3110 manat (üç min bir yüz on manat) məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Qazdan istifadə Qaydaları” haqqında Qərarının 4.8-ci bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddia tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verməmişdir. Sayğacın plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 3110,40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq, məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, yay aylarında təbii qazdan az istifadə etsələr də, lakin qış aylarında sərfiyyat çox olur. Sayğac evdən kənarda (çöldə) yerləşir. Cavabdeh təşkilatın əməkdaşları sayğacın istismar müddətinin bitdiyini bildirərək sayğacı çıxartmışlar, ancaq çıxarılan sayğacın yerinə qüsurlu sayğac quraşdırmışlar. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Borc məbləği əsassız olaraq abonent hesabına yazılmışdır. İddiaçı X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etməmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
15. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.
18. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı Şəmkir şəhəri X4 küçəsi ev 16 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində Cavabdeh İB-nin xidmət dairəsində adına qeydə alınmış qaz sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğaca verilən təbii qazın istehlak miqdarını ölçmək üçün sayğac çıxarılmışdır. Həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzetmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacın çıxış plastmas borusunun deşik olmaq ehtimalı olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Bununla da cavabdeh təşkilat 25920 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən istehlakçıya 3110,40 manat borc hesablanmışdır. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ehtiyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsinin qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır.
32. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir.
34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(076)-1125/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.