Məhkəmə qərarları › İş №2(104)-1489/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1489/2025

06.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1489/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil və Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-151/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-151/2025 saylı qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın İddiaçı tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-151/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas-protokolu qərarının ləğvinə dair hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Bələdiyyəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu-qərarının, 23 iyun 2023-cü il tarixdə Gəncə şəhər 6 saylı Notariat ofisində Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 Sərəncamına əsasən ona Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində fərdi yaşayış evinin yerləşdirilməsindən ötrü 300,0 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan sonra torpaq sahəsinin 4 tərəfini 2 metr hündürlüyündə daş hasar çəkdirmiş və giriş-çıxış üçün darvaza qoydurmuşdur. Eyni zamanda su çəni, əl arabası və digər əşyaları orada saxlamaqla uzun illərdir ki, istifadə edir. Qeyd olunan sərəncam subyektiv hüququn yaranmasına əsasdır. Göstərilən sərəncam ləğv edilməmişdir və bu gün də qüvvədədir. Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu-qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin vətəndaş Cavabdeh4 satılması məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən qərarda qeyd edilir ki, həmin torpaq sahəsi uzun müddət Cavabdeh4 istifadəsində olduğundan elə onun mülkiyyətinə verilməsi məqsədəmüvafiqdir. Bundan sonra elə həmin tarixə də, yəni 23 iyun 2023-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisində Gəncə şəhəri Nizami Bələdiyyəsi ilə Cavabdeh4 arasında ona ayrılmış torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokolu həqiqəti əks etdirmir. Çünki, həmin torpaq sahəsi uzun müddətdir ki, Cavabdeh4 istifadəsində yox, onun istifadəsindədir. Gəncə şəhəri Nizami Bələdiyyəsi həmin torpaq sahəsini Cavabdeh4 satan zaman həmin torpaq sahəsinin faktiki olaraq onun istifadə və sahibliyində olmasını bilə-bilə torpaq sahəsini Cavabdeh4 satmışdır. xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, “keçmiş mero” adlanan yerin yaxınlığında yerləşən özünə məxsus 3 sot torpaq sahəsindən oğurluq edilməsi ilə əlaqədar polisə müraciət etmiş və müvafiq araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən torpaq sahəsinin onun istifadəsində və qanuni sahibliyində olması xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara nəzər salınarkən də məlum olur. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş digər bir “cinayət işinin rədd edilməsi” haqqında 14 iyul 2023-cü il tarixli qərarda Cavabdeh4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri ilə xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, 0.0298 ha torpaq sahəsi ona verilərək yerində göstərilmişdir. Mübahisələndirilən bələdiyyə qərarında isə həmin torpaq sahəsinin uzun müddət Cavabdeh4 istifadəsində olduğu və bunun üçün ona verildiyi qeyd edilmişdir. Necə olur ki, o, mübahisəli torpaq sahəsinə 2013-cü il tarixdən etibarən sahiblik və istifadəni həyata keçirdiyi təqdirdə, bələdiyyə sədri həmin torpaq sahəsini, yalnız alqı-satqıdan sonra görmüş və bəyənmiş Cavabdeh4 satır. Bunları yazmaqda məqsədi ondan ibarətdir ki, bilinsin ki, mübahisəli torpaq sahəsi həqiqətən də 2013-cü il tarixdən onun istifadəsində olmaqla sahiblik hüququnu həyata keçirmişdir. Bələdiyyə həmin torpağı satacağı təqdirdə ona satmalı olduğu halda başqa şəxsə hansı əsaslarla satır. Cavabdeh4 torpağı əldə etdikdən sonra onun çoxsaylı orqanlara dayanmadan şikayət etdiyini görüb, həmin ərazidə ev tikintisi aparmağa başlamışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 Sərəncamına əsasən İddiaçı Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində fərdi yaşayış evinin yerləşdirilməsindən ötrü 300,0 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Sərəncamdan sonra yəni, 2013-cü ildən sonra iddiaçı ayrılmış torpaq sahəsinin 4 tərəfinə 2 metr hündürlüyündə daş hasar çəkdirmiş və giriş-çıxış üçün darvaza qoydurmuşdur. Eyni zamanda su çəni, əl arabası və digər əşyaları orada saxlamaqla uzun illər - 10 ildən artıq müddətə istifadə etmişdir. Bu faktı təsdiq edən fotoşəkillər və video disk məhkəməyə təqdim edilmişdir. Eyni zamanda daş hasarı çəkmiş və giriş-çıxış darvazasını quraşdırmış ustalar (X3 və X5) məhkəməyə şahid qismində dindirilməsi üçün dəvət edilmişlər. Lakin məhkəmə hər hansı bir əsas və səbəb göstərmədən məhkəməyə dəvət olunmuş həmin şahidlərin dindirilməsini təmin etməmişdir. Gəncə şəhəri 3-cü Polis Bölməsinin xx.xx.2022ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, “keçmiş mero” adlanan yerin yaxınlığında yerləşən özünə məxsus 3 sot torpaq sahəsindən oğurluq edilməsi ilə əlaqədar polisə müraciət etmiş və müvafiq araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 saylı Sərəncamı ləğv edilməmiş və bu gün də qüvvədədir. İddiaçı Bələdiyyənin ərazisində daimi yaşadığı və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğu, 10 ildir ki, həmin torpaq sahəsi onun istifadəsində və qanuni sahibliyində olması nəzərə alınmaqla torpaq sahəsi ona təklif edilməklə satılmalı idi. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən yuxarıda göstərilən faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Gəncə şəhər 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilənlər isə İddiaçı 10 ilə yaxın həmin torpaq sahəsindən istifadə etməsini təsdiq edir. Lakin qətnamədə isə mübahisəli torpaq sahəsinin Cavabdeh4 uzun müddət istifadəsində olması göstərilmişdir. Lakin bunu təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş faktlardan görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Bu ondan ibarətdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 22 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Gəncə şəhər Nizami Bələdiyyəsinin adına mülkiyyət hüququ qeydə alınmışdır. Həmin torpaq sahəsinin 22 iyun 2023-cü il tarixədək yəni bələdiyyənin mülkiyyəti kimi qeydə alınanadək İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Mübahisəli torpaq sahəsinin 22 iyun 2023-cü il tarixədək, yəni bələdiyyənin mülkiyyəti kimi qeydə alınanadək İddiaçı istifadəsində və sahibliyində olması müəyyən edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehlərdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi, Gəncə şəhər 6 saylı Notariat Ofisinin nümayəndəsi və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəflərin izahatalrını dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Nizami bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol qərarının surətindən görünür ki, Gəncə şəhəri, X11 ev 2, mənzil 31 ünvanında qeydiyyatda olan Cavabdeh4 mülkiyyətinə uzun müddət istifadəsində olan Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətindəki 6-cı zonaya aid yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid 0.0298 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəmüvafiq hesab edilməsi və bu barədə vətəndaşa 3 gün müddətində bildiriş göndərilməsi qərara alınmışdır. Həmçinin torpağın dəyəri nəzərə alınmaqla 1430,40 manat 60 gündən gec olmayaraq vətəndaş tərəfindən bələdiyyənin bank hesabına ödənilməsi, həmin müddətdə torpağın dəyəri ödənilərsə bələdiyyə ilə vətəndaş Əntiqə Cəlil qızı arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmlışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 22 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Gəncə şəhər Nizami Bələdiyyəsinin adına mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli, 4Ə-605 reyestr nömrəli (AN-İ 1154368) Gəncə şəhər 6 saylı notariat ofisində başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha torpaq sahəsi Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayonu Nizami Bələdiyyəsi adından Cavabdeh4 1430 (min dörd yüz otuz) manata satılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 05 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Cavabdeh4 adına mülkiyyət hüququ qeydə alınmışdır İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2-723/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 10/891 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli, 3-21-3-33/2-723/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780A saylı Sərəncamında qeyd olunan 300.0 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. Əraziyə keçirilən baxış zaman, iddiaçının iddia edərək naturada təqdim etdiyi 0.0298 ha torpaq sahəsi, **********63-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia olunan torpaq sahəsi üzərində tikili mövcuddur. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2- 1(114)-3614/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokolqərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-693/2023 nömrəli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-693/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, X11, ev 2, mənzil 31-də pasport qeydiyyatındadır. İş materiallarında olan Gəncə şəhər Nizami bələdiyyəsinin 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Gəncə şəhər Nizami bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bu torpaq sahəsi şəhid ailəsi Cavabdeh4 alq-satqı yolu ilə satılmışdır. İş materiallarında olan Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 008410 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh4 şəhid ailəsidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300,0 kvadratmetr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilməsi qərara alınmış olsa da, iddiaçı həmin torpaq sahəsinin yerində ölçülüb ona təhvil verildiyini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri Nizami bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol qərarına əsasən Gəncə şəhəri, X11 ev 2, mənzil 31 ünvanında qeydiyyatda olan Cavabdeh4 mülkiyyətinə Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətindəki 6-cı zonaya aid yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara aid 0.0298 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi qərara alınmış, həmin torpağın dəyəri müəyyən olunmuş müddətdə bələdiyyənin hesabına ödənildiyinə görə bələdiyyə ilə Cavabdeh4 arasında Gəncə şəhər 6 saylı notariat ofisində 23 iyun 2023-cü il tarixli, 4Ə- 605 reyestr nömrəli (AN-İ 1154368) alqı-satqı müqaviləsi bağlanmış, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0298 ha yaşayış məntəqələri torpaq sahəsi 05 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində Cavabdeh4 adına mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı Gəncə şəhəri Nizami bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol qərarını məhkəmədə mübahisələndirmiş, lakin onun iddia ərizəsi mümkün sayılmamışdır. Lakin iddiaçı bununla belə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə, ilk növbədə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüquqlarının pozulubpozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçının istinad etdiyi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamı mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Çünki bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi torpaq sahəsi ilə iddiaçının hər hansı hüququ bağlılığı müəyyən olunmur. Başqa sözlə mübahisələndirilən torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. İddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Hazırkı iş üzrə iddiaçının Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamı üzrə iddia etdiyi 300 kvadratmetr torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Belə olan halda yuxarıda qeyd olunan hallar iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnu istisna edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus olmamaqla yanaşı, sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmadığından başqa sözlə iddiaçının mübahisəli əraziyə bağlılığını müəyyən edən hər hansı mötəbər sübut olmadığından iddiaçı cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-in 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından bəhs edən 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən:

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə görə Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. İşə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamından göründüyü kimi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş və torpaq sahəsinin yerində ölçülüb İddiaçı təhvil verilməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilməsi qərara alınmışdır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin ona ayrıldığını iddia etmiş olsa da, məhkəməyə həmin torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını təsdiq edən sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, İddiaçı Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək bələdiyyənin “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmənin 04 avqust 2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Beləliklə də məhkəmə iclasında araşdırılmış sübutlarla mübahisələndirilən ünvandakı torpaq sahəsinin iddiaçıya aidiyyətinin olmaması təsdiqini tapdığına görə kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olmaması barədə gəldiyi nəticə ilə razılaşır. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, o, Bələdiyyənin ərazisində daimi yaşadığı və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğu, 10 ildir ki, həmin torpaq sahəsi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr2013-cü il tarixli, 1780 Sərəncamı ilə onun istifadəsində və qanuni sahibliyində olması nəzərə alınmaqla İddiaçı təklif edilməklə ona satılmalı idi. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamı mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığından İddiaçı həmin torpaq sahəısinə hər hansı hüququ yaranmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırdığına görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-151/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar