Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1491/2024 22.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilmə, vərəsəlik üzrə alınanların qaytarılması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi. Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilmə, vərəsəlik üzrə alınanların qaytarılması, həmçinin dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(023)-311/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 20 aprel 1996-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, kiçik gizir X3 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kiçik gizir X3 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazaqx Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhid statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi, vərəsəlik üzrə aldığı məbləğlərin hamısının qaytarılması, dəymiş mənəvi zərər kimi 20000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 müddətdən artıq hərbi qulluqçu kimi 2022-ci ildən Vətənə xidmət etmişdir. xx.xx.2023- cü il tarixdə antiterror əməliyyatı zamanı şəhid olmuşdur. Oğlunu çox çətinliklə böyütmüşdür. Rizvan anadan olarkən atası Cavabdeh iki körpəni - şəhid Rizvanı 3 həftəlik, qardaşı Qinyazı isə 3 yaşında onun üstünə atıb Qazax rayonunun Qarapapaq kəndinə getmiş, bir daha geri qayıtmamışdır. Qazax rayonunda evlənmişdir. Qoyub getdiyi uşaqları ilə maraqlanmamışdır. Rizvan və Qinyaz böyüdükcə atalarının niyə gəlmədiyini soruşduqda, gələcəyini onlara demişdir. Hər gün məktəbdən gələndə atalı uşaqları gördükcə sanki üsyan edirmiş kimi atalarının gəlməsini istəmişlər. Kənddə atalı uşaqları gördükcə atasız böyümələri ilə barışmamışlar. Hər gün “atam gəlsin” deyə ağlamışlar. Böyüdükcə başa düşmüşlər ki, ataları heç vaxt gəlməyəcək və taleləri ilə barışmalı olmuşlar. Şəhid Rizvan və Qinyaz heç vaxt atalarını, ataları da onları görməmişdir. Oğlu Rizvan şəhid olandan sonra da ataları kəndə gəlməmişdir. Şəhidin dəfninə belə gəlməmiş, hətta, onun məzarını ziyarət etməmişdir. Bu gün də o Şəhid Rizvanın qəbrini belə tanımır. 03 həftəlik atıb getdiyi körpənin heç vaxt üzünü görməyən, necə böyüməsi ilə maraqlanmayan, dəfnində və digər yas mərasimlərində iştirak etməyən, qəbrini belə tanımayana necə ata demək olar?. Ancaq, Rizvan şəhid olandan sonra cavabdeh şəhid atası kimi bütün statuslardan istifadə etməkdə davam edir. Cavadeh Cavabdeh şəhidə verilən imtiyazlardan istifadə etməyə heç bir halda haqqı yoxdur. Lakin, o özünü vərəsə kimi təqdim edərək, X7ndan verilən 10000 manatın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş 11000 manatın ½ hissəsini almış, eləcə də xx.xx.2023- cü il tarixdən hesablanmaqla verilən hər aylıq 600 manatın ½ hissəsini almaqda davam edir. Bu barədə kənd camaatı eşitdikdə çox hiddətlənmişdir və hara lazımdır “kollektiv şikayət edək” deyə onun yanına gəlmişlər. Onu oğul itirən ana kimi üzünü görmədiyi, ata sevgisi vermədiyi, nə maddi, nə də mənəvi dəstək olmadığı, gənc yaşında həyatını itirmiş oğlunun Şəhidlik zirvəsinə ucalmasından bəhrələnən Cavabdeh faciəsindən yararlanması çox narahat edir.
5. Qazax Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(023)-311/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5 və 7-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1137, 1138, 1145, 1151.1, 1159.1.1 və 1203.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri 7 İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin yalan izahat verməsi, həbsxanadan pul göndərilməsinin mümkünsüz olması nəzərə alınmamışdır. Bu hal bir daha göstərir ki, cavabdeh dolayısı ilə uşaqlara atalıq etməməsini etiraf edir. Ümumiyyətlə, cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. Mərhum oğlu müddətdən artıq hərbi qulluqçu kimi 2022-ci ildən Vətənə xidmət etmişdir. Bu işə düzəlmək üçün kiminsə vasitəçiliyinə heç bir ehtiyac olmur. Oğlu hərbi xidmətdə olduğu müddətdə qəlbində vətən sevgisi yarandığından özü bu işi seçmişdir. Bundan başqa iş materiallarına 53 kənd sakininin şəxsi imzaları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əlavə edilmişdir. Həmin aktda göstərilir ki, cavabdeh 3 həftəlik körpə Rizvanı və 3 yaşlı qardaşı Qinyazı onun üstünə ataraq Qazax rayonunun Qarapapaq kəndinə getmiş və o vaxtdan bir dəfə də olsun öz doğma kəndinə gəlməmişdir. Rizvan şəhid olduqdan sonra yaşadığı Qazax rayonunda özünü şəhid atası kimi təqdim edərək şəhidə verilən imtiyazlardan istifadə etməklə məşğuldur. Oğlu Rizvanın dəfnində iştirak etməmiş, 40 gün ərzində yasa gəlməmiş, nə anasına, nə qardaşına başsağlığı verməmiş, nə də qəbrini ziyarət etməmişdir. Cavabdeh uşaqları üstündə heç bir atalıq haqqı yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu Rizvan 15 günlük olarkən atası Niyazi onu atıb getmiş və bir daha geri qayıtmamışdır. İki uşağı təkbaşına böyütmüşdür. Birinci uşağa hamilə olarkən Cavabdeh həbs olunmuşdur. Ailə münasibətləri pozulmuş və 2016-cı ildə nikahları pozulsada, lakin uşaqlar üçün aliment tələb etməmişdir. X6 şəhid olsada, ondan miras qalmamışdır. Cavabdeh uşaqları atıb getdiyi üçün şəhid statusundan istifadə etməməlidir. Əslində cavabdeh valideyinlik hüququndan məhrum edilməlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 1992-ci ildən üst-üstə 15 il həbsdə olmuşdur.Şşəhid oğlu Rizvan 4-5 aylıq olanadək iddiaçı ilə faktiki olaraq ər-arvad kimi yaşamışlar, sonradan isə ayrılmışlar. Ayrılsalarda uşaqların saxlanılması üçün həbsxanadan pul göndərmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
13. Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu
14. Maddə 4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.
15. Maddə 5 a) bəndi. Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz sığorta ödənişi verilir.
16. Maddə 7. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş 20 aprel 1996-cı anadan olmuş X3 20 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatı zamanı şəhid olmuşdur. İddiaçı şəhid olan, eləcədə digər oğlunu cavabdeh uşaq vaxtlarından atıb getməsini, uşaqları təkbaşına böyütməsini, uşaqların saxlanılmasında cavabdehin maddi köməklik göstərməməsini, Qazax rayonunda başqa qadınla evlənməsini, oğlu Rizvanın dəfnində, eləcədə 40 gün ərzində keçirilən yas mərasimində iştirak etməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
28. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının cavabdehə qarşı tələbi ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilmə, vərəsəlik üzrə alınanların qaytarılmasından və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir.
30. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
32. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir.
33. Xüsusilə nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
34. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
35. İddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia qaldırsada, lakin işdən müəyyən olunur ki, 20 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatı zamanı şəhid olmuş X2 hər hansı miras əmlak qalmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, hazırkı iş üzrə Cavabdeh şəhid olan X6a münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi üçün heç bir hüquqi əsaslar mövcud olmur. Kollegiya gəlmiş olduğu bu qənətə uyğun olaraq eləcədə qeyd edir ki, iddia tələbi cavabdehin vərəsəlik hüquqlarından məhrum edilməsi hissədə də əsaslı sayıla bilməz.
36. Vərəsəlik üzrə alınanların qaytarılması hissədə də kollegiya iddianı əsaslı saymır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Rizvan Əhmədovun ölümündən sonra ondan miras qalması, eləcədə atası tərəfindən qəbul edilməsi barədə işdə sübut yoxdur. Rizvan Əhmədovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik verilmiş 11000 manat, eləcədə X7 tərəfindən verilən 10000 manat mirasın kütləsi hesab olunmur.
37. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir.
38. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı cavabdehdən mənəvi zərərin əvəzi qismində 20000 manat tələb etsə də, lakin keçirtdiyi mənəvi iztirabların nədən ibarət olmasını, habelə bunların baş verməsində məhz cavabdehin qanuna zidd, eləcədə təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir.
39. İşin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 2(023)-311/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.