Məhkəmə qərarları › İş №2(104)-1492/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1492/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1492/2025 18.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin e-2(061)- 540/2025 saylı, xx.xx.2025-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İşdə olan PXA ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığorta edilmişdir. Tərtər rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı Ə.Əzizov tərəfindən tərtib edilmiş sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışın surətindən görünür ki, Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən Tərtər rayon Polis Şöbəsində verilmiş xx.xx.2022-ci il tarixli yazılı izahatın surətindən görünür ki, o, Cavabdeh1 sonuncuya məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını alıb sərxoş halda idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətdiyini, nəticədə “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan vurduğunu etiraf etmişdir. Tərtər rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı Ə.Əzizov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 barəsində “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Tərtər rayon H.Əliyev prospektində törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2-105/23 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 310 manat təşkil edir. Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ME00057/23 saylı ekspert rəyinin surətindən görünür ki, “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1550 manat təşkil edir. Avtonəqliyyat vasitəsinə dəyən ziyanın ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ZBT1991/23 nömrəli ödəniş Aktının surətindən görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərvuran Cavabdeh2 xx.xx.2022-ci il il tarixdə Tərtər rayon H.Əliyev prospektində törətdiyi yol-nəqliyyat hadisəsi (toqquşma) ilə bağlı zərərçəkənin sığortaçısı "xxxx" MMC-nin hesabına 310 manat sığorta ödənişi köçürülmüşdür. Avtonəqliyyat vasitəsinə dəyən ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 26685/2022 nömrəli ödəniş Aktının surətindən görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərvuran Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Tərtər rayon H.Əliyev prospektində törətdiyi yol-nəqliyyat hadisəsi (toqquşma) ilə bağlı zərərçəkənin sığortaçısı "xxxx" MMC-nin hesabına 1550 manat sığorta ödənişi köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş zərərə görə müştərək qaydada 1860 manat, dövlət rüsumuna görə 39 manat, cəmi 1899 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı **- BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Həmin əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktına əsasən “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 310 manat təşkil edir. Bununla əlaqədar "xxxx" ASC tərəfindən PXA ********** nömrəli sığorta aktına əsasən dəymiş maddi ziyanla bağlı “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə görə 1550 manat, “Ford Transit” markalı **-BC- *** dövlət nömrə nişanlı avtomobilə görə 310 manat, ümumilikdə 1860 manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Ona görə də həmin məbləğlərin müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(061)-540/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 1860 manat, ödənilmiş dövlət rüsumuna görə 39 manat, cəmi 1899 manat pulun müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini “İcbari sığorta haqqında” Qanuna, “Sığorta haqqında” Qanuna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1, 1096.1, 1097.1, 1097.3, 1114-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-540/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-540/2025 saylı qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Çünki qəbul edilmiş qətnamə ilə onun qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ailə vəziyyətini, maddi durumumu nəzərə almamışdır. İşə baxan məhkəmə də onun vəziyyətini nəzərə almadan qərar qəbul etmişdir. Ona məxsus avtomobil Cavabdeh2 tərəfindən naməlum şəkildə qaçırılmışdır. O, bununla bağlı rəsmi olaraq Polis idarəsinə məlumat vermişdir. Cavabdeh2 ona məxsus olan Ford Expedition minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırarkən yol nəqliyyat hadisəsi törətmişdir. Bu hadisədən zərərçəkmiş nəqliyyat vasitəsi Chevrolet Cruze minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı maşın zərər görmüşdür. Bundan əlavə Ford tranzit markalı **-BC-*** dövlət qeydiyyat nişanlı maşında ziyan görmüşdür. Bütün bunlara səbəb olan isə sadəcə Cavabdeh2dur. İddiaçı olan Xalq Sığorta ASC hər ikisini cavabdeh qoyaraq müştərək qaydada 1860 manat vurulmuş ziyanı tələb edir. Lakin bütün bunlara səbəb olan Hikmət Abudullayev olduğu üçün pul sadəcə ondan tutulmalı idi. Tərtər rayon DYP şöbəsinin əməkdaşı Ə.Əzizov ona məxsus maşının qaçırılmasını bildiyi halda ona qarşı qərəzli davranaraq protokol tərtib etmişdir. Onun məhkəmədən xahişi ondan ibarətdir ki, bütün bu hallar şəffaf şəkildə araşdırılaraq hüquqi qiymət verilməlidir. Bu məsələ isə yenidən araşdırılmalı, yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, onun avtomobilinin Cavabdeh2 tərəfindən götürülüb idarə edilməsindən məlumatı olmamışdır. O, avtomobilini qardaşına vermiş və qardaşı ilə eyni retsoranda olan zaman Cavabdeh2 tərəfindən avtomobilinin açarı xəbərsiz götürülmüş və daha sonra sonuncu nəqliyyat vasitəsini idarə edərkən qeyd olunan hadisəni törətmişdir. Hətta onun tərəfindən avtomobilinin qaçırılmasına dair polis orqanlarına da məlumat verilmişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: .... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil buna hüququ olmayan şəxs Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Həmin əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş qüsur aktına əsasən “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin isə 310 manat təşkil etdiyi məlum olmuşdur. "xxxx" ASC tərəfindən PXA ********** nömrəli sığorta aktına əsasən dəymiş maddi ziyanla bağlı “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə görə 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə görə 310 manat, ümumilikdə 1860 manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edilmiş və nəticədə yuxarıda qeyd olunan hadisə törədilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 avtomobilin onun sahibliyindən Cavabdeh2 hüquqa zidd hərəkəti ilə çıxdığını qeyd etsə də həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş və beləliklə qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də apellasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-540/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar