Məhkəmə qərarları › İş №2(104)-1512/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1512/2024

07.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1512/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (üçüncü şəxslər Gədəbəy rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəliyin qəbul edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X6 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (üçüncü şəxslər Gədəbəy rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı vərəsəliyin qəbul edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-144/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy şəhəri, M.C.Paşayev küçəsi, 21 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və fərdi yaşayış evinə X7 mülkiyyət hüququ qeydə alınmışdır.

2. Gədəbəy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X15 01 noyabr 2020-ci il tarixdə ölmüşdür.

3. Gədəbəy rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X22 02 iyun 1999-cu il tarixdə ölmüşdür.

4. Gədəbəy şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 1350 nömrəli arayışından görünür ki, X10 məxsus təsərrüfatda onun vəfatından sonra ailə üzvləri İddiaçı1, İddiaçı2 və Cavabdeh2 yaşamış, X13 isə başqa yerdə yaşamışdır.

5. A3 seriyalı, 603388 nömrəli X12 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 anası X11r.

6. X12 surətindən görünür ki, İddiaçı2 anası X11r.

7. X12 surətindən görünür ki, Cavabdeh2 anası X11r.

8. İddiaçı1 tərəfindən notariat konturuna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 anası X10 məxsus olan və ünvan 1 ünvanında yerləşən evin Cavabdeh2 adına keçməsinə etirazı yoxdur.

9. Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı1 tərəfindən Bakı şəhəri 26 saylı notariat konturunda 7E-3535 reyestrdə qeyd edilməklə, “X7 adına olan mülkiyyətin qardaşınız Cavabdeh2 adına sənədləşdirilməsinə, özəlləşdirilməsinə, adına keçməsinə” dair məzmunda vermiş olduğu ərizə 7E reyestr kitabında qeyd edilməklə tərəflərindən ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (üçüncü şəxslər Gədəbəy rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı vərəsəliyin qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, mərhum anaları 01 noyabr 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Gədəbəy şəhəri, X27 küçəsi, 21 saylı əmlakla bağlı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, miras əmlakda paylarının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X22 xx.xx.1999-cu il tarixdə, anaları X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Gədəbəy şəhəri, M.C.Paşayev küçəsi, 21 saylı fərdi yasayış evi xx.xx.2011-ci il tarixdə X7 adına daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. X15 tərəfindən vəsiyyətnamə qoyulmamışdır və X7 qanun üzrə dörd vərəsəsi vardır. Qeyd olunmalıdır ki, anaları vəfat etdikdən sonra onlar miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamışlar, əməli idarəçiliyə qəbul etmişlər və miras əmlak tərəflərindən qəbul edilmişdir. Qeyd olunmalıdır ki, miras qalmış fərdi yaşayış evi onun tərəfindən - İddiaçı1- valideynlərinin sağlığında yenidən tikilmişdir və tikinti ilə bağlı vəsait tam olaraq tərəfindən ödənilmişdir. Onların mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Gədəbəy Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavabda vərəsəliyin qəbulu müddətinin ötürülməsi, mirasın faktiki qəbulu ilə bağlı faktların müəyyən edilmədiyi və vərəsələr arasında miras bölgüsü ilə bağlı mübahisə olduğu müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

12. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-144/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev), iddianın qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 Gədəbəy şəhəri, M.C.Paşayev küçəsi, 21 ünvanında yerləşən X4 miras qalmış əmlakı qəbul etmələri faktı və həmin əmlakda 1/3 hissədə paylarının müəyyən edilməsi və onların həmin hissədə əmlaka mülkiyyət hüquqlarının olduğunun müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Cavabdeh2 alınaraq, İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki tərəflər, yəni, həm iddiaçılar, həm də cavabdeh anaları X4 miras qalmış, Gədəbəy şəhəri, M.C.Paşayev küçəsi, 21 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və yaşayış evini, həmin evdə yaşamaq və həyətyanı torpaq sahəsindən istifadə etməklə qanun üzrə vərəsəlik hüququ ilə birinci növbə vərəsələr kimi qəbul etmişlər. Cavabdeh iddia tələblərinə etiraz və məhkəmə iclasında verdiyi izahatında iddiaçıların evə qonaq kimi gəlib-getdiklərini bildirsə də, onların qaz istehlakı ilə əlaqədar 300-400 manat borclarının yarandığını bildirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçıların evdə qonaq kimi deyil, sahib və istifadəçi kimi yaşadıqlarını təsdiq edir. Bu hal isə əslində iddiaçıların analarından miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirdikləri kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçılar miras əmlakdan imtina da etməmişlər. Onların iddia ərizələri icraata 22 noyabr 2023-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı çıxarılana qədər daxil olmuşdur və həmin Qərarın təsiri dairəsinə düşür. Ona görə də iddia tələbləri qismən təmin edilməli, iddiaçılar tərəfindən anaları X4 miras qalmış əmlakın qəbul edilməsi faktı müəyyən edilməli, onların həmin əmlakdan hər birinin 1/3 hissədə payları müəyyən edilməli, həmin hissələrdə olan əmlaka mülkiyyət hüquqlarının olduğu müəyyən edilməlidir

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3 və 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-144/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı X14 xx.xx.2011-ci il tarixdə miras əmlakda oan payından onun xeyrinə imtina etməsinə düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-in 1268.1-ci maddəsinə əsasən vərəsə mirasdan imtina edirsə bu barədə ərizəni geri götürə bilməz. İddiaçı Firqət mərhum anasının sağlığında notariat kontorunda ərizə verib bundan imtina etmişdir. Belə olan halda mirasdan ona 1/3 hissə pay hüququ əsası yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2, üçüncü şəxslər Gədəbəy rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi və X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Lakin, üçüncü şəxs Gədəbəy rayon notariat ofisinin notariusu məhkəmə kollegiyasına məktub ünvanlayaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

27. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

28. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

29. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 9. Bənd 1. Fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; Bənd 2. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; Bənd 3. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

31. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

32. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

45. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

47. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

48. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

49. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

51. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

56. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2-ci maddəsinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməsi nəticəsinə gəlmişdir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

58. Eyni zamanda, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad etsə də, araşdırmanı vərəsələr tərəfindən mirasın faktiki olaraq qəbul edilib-edilməməsi üzrə apraraq mahiyyəti üzrə qətnamə qəbul etmişdir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

60. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

61. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

62. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

63. İş materialları ilə müəyyən edilir ki, mərhum X15 xx.xx.2020-ci il tarixdə ölmüş, öldükdən sonra onun birinci növbəli vərəsələri, oğulları İddiaçı1, İddiaçı2, Cavabdeh2 və qızı X13 olmuşdur. Mərhum öldükdən sonra ünvan 3 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 188.2 kv.m2 olan “A” literli və ümumi sahəsi 22.2 kv.m2 olan “B” literli fərdi yaşayış evi miras qalmışdır. Lakin, vərəsələr mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişlər. Gədəbəy Notariat Ofisinin xx.xx.2023-cü il tarixli imtina qərarı ilə, X16 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

64. Göründüyü kimi, vərəsələr mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsələr mübahisəli miras əmlakını qəbul etmişlər.

65. Bu səbəbdən kollegiya hesab edir ki, X1 qalmış miras əmlakı iddiaçılar və cavabdeh, 3-cü şəxs Sevinc Süleymanova arasında bərabər şəkildə bölünməlidir.

66. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

67. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X2rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; X3rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

68. Mirasın bölünməsi ilə bağlı kollegiya qeyd edir ki, mərhum X15 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ünvan 3 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 188.2 kv.m2 olan “A” literli və ümumi sahəsi 22.2 kv.m2 olan “B” literli fərdi yaşayış evinin hər birinə əmlakın ¼ hissəsi verilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 və mərhumun qızı 3-cü şəxs X13 arasında bölünməlidir.

69. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

70. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində apellyator tərəfindən iddiaçı Firqət Hüseynovun miras əmlak imtina edərək ərizə təqdim etməsini və buna görə də ona pay düşmədiyi barədə göstərilən dəlili əsassızdır. Çünki, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı Firqət Hüseynov tərəfindən verilmiş ərizə sonradan ləğv edilmişdir.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

75. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir.

76. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-144/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. X1 miras qalmış, ünvan 3 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 188.2 kv.m2 olan “A” literli və ümumi sahəsi 22.2 kv.m2 olan “B” literli fərdi yaşayış evinin iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 və mərhumun qızı 3-cü şəxs X13 tərəfindən qəbul edilmiş hesab edilsin. X1 miras qalmış ünvan 3 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 188.2 kv.m2 olan “A” literli və ümumi sahəsi 22.2 kv.m2 olan “B” literli fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 və mərhumun qızı X5 payları hər birinə müvafiq olaraq ¼ hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar