Məhkəmə qərarları › İş №2(104)-1525/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1525/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1525/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 456,4 manat əsas, 68,4 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 456,4 manat əsas, 68,4 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 912,8 manat əsas, 136,8 manat cərimə olmaqla, cəmi 1049,6 manat borcun və 30,5 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 549,4 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 549,4 manat, ümumilikdə iki müqavilə üzrə 1098,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 31 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 31 manat ödəniş etmiş və qalıq qalmış 912,8 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə minimum 50 qəpik gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin iki müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1368 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmiş, və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 136,8 manat cərimə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə «Samsung» A225 BLACK 64GB **********35239 İMEİ kodlu telefona görə 456,4 manat əsas, 68,4 manat cərimə olmaqla, cəmi 524,8 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqavilələrindən və ona əlavə olunmuş ödəniş cədvəllərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə hər bir müqavilə üzrə hər ay 31 manat ödəmək şərti ilə 2 ədəd “Samsung” markalı mobil telefon satılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, HHP33192 nömrəli texniki rəydən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Samsung” SM-A225 markalı telefonda olan qüsur cihazın qoşulmaması olmaqla, qüsurun səbəbi sihaza servisdən kənar müdaxilə edilməsidir və təqdim ediliş cihazda nasazlıq istifadəçinin təqsirindədir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən məhsula servisdən kənar müdaxilə olunması barədə məhkəməyə akt təqdim edilmiş, lakin məhkəmə aktı nəzərə almamış və Cavabdeh şifahi mülahizəsinə əsasən məhsulda qüsur olması qənaətinə gəlmişdir. Bu hal məhkəmənin obyektiv araşdırma vəzifəsinə xələl gətirmişdir. Qətnamənin 4-cü vərəqinin 9-cu abzasında Məhkəmə Mülki Məcəlləsinin 587.2 maddəsinə istinad etmiş lakin buna baxmayaraq düzgün qərar qəbul etməmişdir. Belə ki, alğı-satqı müqaviləsi üzrə cavabdehə verilmiş məhsula servisdən kənar müdaxilə olunmuş, bu səbəblə də zəmanət talonunun şərtləri qüvvədən düşmüşdür. Bu halda İddiaçı cavabdehlik daşımır və bununla əlaqəli müqavilədə hər hansı maddə nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən düzgün, obyektiv, hərtərəfli araşdırılma aparılmamış¸İddiaçı tərəfindən təqdim edilmiş sübutlar gözardı edilərək, cavabdehin şifahi, heç bir sübut təqdim etmədən yalnız izahatına əsaslanaraq qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı cavadbehin yazılı etirazı: Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində telefonda olan qüsurun cihaza servisdən kənar müdaxilə olunmasını qeyd etmişdir. Halbuki, iddiaçının bu dəlili tamamı ilə yalandır. Ona görə ki, heç bir halda qızıl zəmanəti olan telefonu servisdən kənar təmirə verməzdi. O, dəfələrlə iddiaçıya telefonun qızıl zəmanətdə olmasına görə dəyişdirilməsini və ya təmir olunmasını xahiş etsə də rədd cavabı vermişlər. Buna görə də öz-özünə sönən qüsurdan ibarət telefonu iddiaçıya qaytarmışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, satılmış telefona görə texniki xidmət Bakı şəhərində yerləşdiyindən telefon həmin servisə göndərilmiş və müvafiq rəy də telefona baxıldıqdan sonra verilmişdir. Mümkündür ki, telefonda qüsur cavadbehin öz təqsirindən yaranmış və telefonu düzəltdirmək üçün başqa mütəxəssisə vermiş, həmin mütəxəssis isə qüsuru aradan qaldıra bilmədiyinə görə sonradan onların xidmətinə təqdim etmişdir. Belə olduğu halda isə verilmiş zəmanət pozulmuş hesab olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. . Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən alınmış 2 ədəd “Samsung” markalı mobil telefonlardan biri qüsurlu və zəmanətli olduğu üçün və telefonda olan qüsur aradan qaldırılmadığından və yenisi ilə əvəz olunmadığından cavabdeh həmin qüsurlu telefonu iddiaçıya qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, telefonda olan qüsurun cavabdehin təqsiri üzündən yaranması, bunun üçün telefonu aldığı şəxsin texniki xidmətindən kənar təmir etdirmək istəməsi, lakin təmir mümkün olmadığından telefonu satıcının texniki xidmətinə təqdim etməsi mümkün olan hal hesab olunur. Həmçinin, satıcının da qüsurlu malı qəbul etdikdən sonra qüsurun alıcının təqsiri üzündən yaranmasını əsas gətirərək əlavə zərərə məruz qalmaması üçün qüsurlu malı təmir etmək və ya yenisi ilə əvəz etmək istəməməsi də mümkün olan haldır. Qeyd olunan qeyri-müəyyənliyin yaranmaması üçün isə satıcı qüsurlu əşyanı qəbul edərkən alıcının iştirakı ilə əşyaya baxış keçirməklə, əşyaya kənar müdaxilə olması faktını rəsmiləşdirməli idi. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, HHP33192 nömrəli texniki rəylə (aktla) isə telefona baxışın və telefona kənar müdaxilə olunması faktının cavadbehin iştirakı ilə rəsmiləşdirilməsi müəyyən edilməməkdədir. Həmin rəydə müştəri bölməsində alıcının imzası olmamaqla, telefona baxışın alıcının iştirakı ilə aparılıb-aparılmamsı, aparıldığı halda isə müştərinin akta imza etməməsinin səbəbləri də qeyd olunmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, rəydə telefonun qüsuru kimi qoşulmaması, cihaza servisdən kənar müdaxilə olunması qeyd olunsa da həmin qüsurun məhz kənar müdaxilə nəticəsində yaranması, yoxsa zavod qüsuru olması barədə də hər hansı bir qeyd aparılmamışdır. Belə olduğu təqdirdə isə işin faktiki halı kimi alıcıya keyfiyyətsiz malın satılması, alıcının isə aldığı əşyanı geri qaytarqla, müqavilə üzrə öhdəliyinə xitam veirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunur. Buna görə də Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(125)-1397/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar