Məhkəmə qərarları › İş №2(104)-153/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-153/2024

26.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-153/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxslər X8, X3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: şəhadətnamənin ləğvi, miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1,` və üçüncü şəxslər X6, X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisi, üçüncü şəxslər X8, X3 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv olunması, vərəsələrin miras əmlakı sahiblik və idarə etməsi faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən olunması, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2265/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri 1 saylı DNK-nın 2V-1-196 nömrəli notariat işinin materiallarından görünür ki, X11 14 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. X2 şəhəri 5 saylı DNK tərəfindən 06 may 2014-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamə əsasında özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını, eləcədə Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli əmlakı bütövlüklə qızı - Cavabdeh1 vəsiyyət etmişdir. Ərizəçilər İddiaçı1 və Cavabdeh1 ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(044)-334/2015 nömrəli qətnaməsi ilə mübahisəli miras əmlaka X9 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2015-ci il tarixli 2(104)- 1013/2015 nömrəli qərardadı ilə apellyasiya şikayətindən imtinası qəbul edilmiş, apellyasiya icraatına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsinə münasibətdə xitam verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 avqust 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evi X9 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh1 Gəncə şəhər 1 saylı notariat ofisinə müraciəti əsasında ona 26 noyabr 2015-ci il tarixdə X7 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

2. Rusiya Federasiyası, Stavropol diyarı, Yessentuki şəhəri, Vokzalnaya küçəsi, ev 57v ünvanda yaşayan və qeydiyyatda olan X6 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, o, 14 yanvar 2015-ci il tarixdə vəfat etmiş anasının ölümündən sonra açılmış mirasdan xəbərdardır. Ərizə ilə bildirir ki, mirasın qəbul edilməsi üçün müddəti ötürmüş və məhkəməyə müddətin bərpası üçün müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmamış, vərəsəlik şəhadətnaməsinin İddiaçı1 verilməsinə etiraz etmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv olunması, vərəsələrin miras əmlakı sahiblik və idarə etməsi faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən olunması, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum olunması tələbi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, Gəncə şəhəri 1 saylı notariat ofisinin 26 noyabr 2015-ci il tarixli 2V-1-196 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv olunması, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş 13 iyun 2019-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin ünvan 1 ünvanda yerləşən əmlaka sahiblik və faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən miras əmlak iddiaçıların ataları X5 məxsus olmuşdur. Ataları 1971-ci il tarixdə, anaları Almaz isə 14 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Valideyinlərinin ölümündən sonra 5 nəfər vərəsə, yəni İddiaçı1, İddiaçı2, X8, X12 və Cavabdeh1 qalmışdır. Atalarından miras qalmış əmlakı anaları ilə birlikdə hazırki 5 nəfər vərəsələr də qəbul etmişlər. Lakin anaları 06 may 2014-cü il tarixdə Cavabdeh1 vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etmişdir. Halbu ki, anaları Almazın ölən günədək adına heç bir daşınmaz əmlakı olmamışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hazırda mübahisələndirilən miras əmlakın anaları tərəfindən mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmişdir. Bunun əsasında Gəncə şəhər 1 saylı notariat ofisi 26 noyabr 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, cavabdehə həmin ev üzrə 6/10 hissədə pay verilmiş, 4/10 hissədə pay açıq saxlanılmışdır. Belə olan halda notarius əmlaka dair 4/10 hissədə payı məcburi pay kimi 4 nəfər vərəsə üçün açıq saxlamışdır. Gəncə şəhər 1 saylı notariat ofisinin 26 noyabr 2015ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini qanunsuz və əsassız hesab edirlər. Həmçinin, X11 06 may 2014-cü il tarixdə cavabdehə verdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1224.0 və 1224.0.2-ci maddələrinə əsasən qüvvədən düşmüşdür. Miras əmlaka sahiblik (misal üçün, evin təmir-tikinti işlərində iştirak etmişlər) və idarə etməyə faktik başladıqları üçün bununla mirası qəbul etmiş sayılırlar və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət edərkən digər vərəsələrin olduğunu gizlətmişdir. Göründüyü kimi, cavabdeh onların və digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən ərizədə onları və digər vərəsələri gizlətdiyinə görə məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilməlidir.

5. Birinci instasniya məhkəməsində icraat zamanı X8, X6 iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşlar.

6. Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2265/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 26 noyabr 2015-ci il tarixli 2V-1-196 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, onun icrası nəticəsində Cavabdeh1 adına verilmiş 13 iyun 2019-cu il tarixli çıxarışın ləğv edilməsi, vərəsələrin Gəncə şəhəri, Mehrablı küçəsi, 62A ünvanda yerləşən əmlaka sahiblik etməsi və əmlakı faktiki idarə etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair payların müəyyən olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia tələbləri təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1151.1, 1152, 1159.1.1, 1166, 1167, 1168, 1193, 1243, 1246, 1255, 1272, 1321, 1322, 1325 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 82.3, 119.1, 217.4, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, X11 06 may 2014-cü il tarixdə cavabdehə vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. X11 14 yanvar 2015-ci il tarixdə vəfat etmiş və ölən günü onun mülkiyyətində heç bir daşınmaz əmlakı olmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(044)-334/2015 nömrəli qətnaməsi əsasında X9 miras əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışıdır. Gəncə şəhəri 1 saylı Notariat ofisinin 26 noyabr 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək Cavabdeh1 ünvan 1 nömrəli evinə 6/10 hissəsə pay verilmişdir, 4/10 hissədə payı açıq saxlamışdır. Notarius mirasın açılacağı vaxtadək vəsiyyət edənin mülkiyyətində əmlak olmadığını bilə-bilə vəsisiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə sadalan maddi hüquq normalarını pozmuş, məhkəmə isə bu pozuntunu nəzərə almamışdır. Cavabdehə 26 noyabr 2015-ci il tarixdə verilmiş miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən onlar məlumatsız olmuşlar. Həmçinin vərəslər notariat ofisinə dəvət edilməmişlər. Cavabdeh1 ünvan 2 ünvanda yerləşən əmlakın naturada ayrılması tələbinə dair iddia ilə müraciət etdikdən sonra həmin qətnamədən xəbərdar olmuşdur. Ona görədə hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək üçün müddəti ötürməmişlər. Cavabdehin gizli şəkildə mirası təkbaşına qəbul etməsi digər vərəsələrə ziyan vurmaq məqsədi olmuş, lakin məhkəmə bu halları sübut kimi qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iki qardaş, üç bacıdırlar. Bacısı Cəlalət əmlakdakı payını ona və Gülçöhrəyə verir, digər bacısı Rəna isə payının tam olaraq ona verilməsinə razıdır. Digər vərəsələr isə onlara çatası paylarını tələb edirlər. Vəsiyyətnamə verilən zaman ev anasının adına qeydiyyata alınmamışdır. Ona görə də əmlakın 6/10 hissəsi vəsiyyətnamə üzrə Gülçöhrəyə verilə bilməzdi. İddiaçı1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, vəsiyyətnamə verilən zaman ev anasının adına qeydiyyata alınmadığından əmlakın 6/10 hissəsi vəsiyyətnamə üzrə Gülçöhrəyə verilə bilməzdi. Əslində miras üç vərəsə arasında, onun, qardaşı Hamletin və bacısı Gülçöhrənin arasında 1/3 hissədə bölünməlidir. İddiaçı2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, mərhum anası sağlığında ona vəsiyyətnamə vermiş və miras əmlak 6/10 hissə onun mülkiyyətinə keçmişdir. Digər vərəsələrin məcburi payı, yəni hər birinin 1/10 payı saxlanılmışdır. Fərdi yaşayış evində hazırda o və qardaşı Hamlet yaşayır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, anasından miras qalmış əmlakda olan payından qardaşı Hamletin xeyrinə imtina edir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, anası Cəlalət miras qalmış əmlakda olan payını qardaşı Hamletin xeyrinə imtina edir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

19. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

22. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

23. Maddə 1167 Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

24. Maddə 1193 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

25. Maddə 1196 Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

36. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

37. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X9 14 yanvar 2015-ci il tarixdə vəfatından sonra onun uşaqları - İddiaçı1 və Cavabdeh1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müracət edərək Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli əmlaka dair X9 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin məhkəmənin 30 mart 2015-ci il tarixli 2(044)-334/2015 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuşdur. X11 ölməmişdən əvvəl Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli əmlakı qızı Cavabdeh1 vəsiyyət etmiş və buna dair Gəncə şəhəri 5 saylı DNK tərəfindən 06 may 2014-cü il tarixli vəsiyyətnamə tərtib olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(044)-334/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 04 avqust 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evi X9 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh1 Gəncə şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və sonuncuya 26 noyabr 2015-ci il tarixdə X7 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə 6/10 hissədə (vəsiyyətnamə üzrə) vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında fərdi yaşayış evinin 6/10 hissəsi Cavabdeh1 adına qeydə alınmış, 4/10 hissə isə Almaz Hüseynovanın mülkiyyəti kimi saxlanılmışdır. Miras qoyanın vərəsələrindən-İddiaçı1 və İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

44. Kollegiya iddia tələbinin miras əmlakda payların müəyyən olunmasının təmin edilməməsi istisna olmaqla, qalan hissədə iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Və bununlaa bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

46. X13 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

47. Yuxarıda da qeyd olunduğu kimi X2 şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evini 06 may 2014-cü il tarixdə Gəncə şəhəri 5 saylı Dövlət notariat kontorunda təsdiqlənmiş vəsiyyətnamə əsasında bütövlüklə qızı Cavabdeh1 vəsiyyət etmişdır. İddiaçılar qeyd olunan fərdi yaşayış evinin həmin dövrdə anaları Almaz Hüseynovanın mülkiyyətində olmadığını qeyd etsələr də, lakin bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı1 və Cavabdeh1 ərizəsi əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(044)-334/2015 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami rayon Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə X9 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Ona görə də kollegiya iddiaçıların bu dəlilini əsaslı saymır.

48. Kollegiya hesab edir ki, 06 may 2014-cü il tarixli vəsyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına hüquqi əsaslar olmadığından, onun əsasında verilmiş çıxarışın ləğvi, eləcə də Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunması hissədə iddia əsaslı sayıla bilməz. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, iddia tələbini qeyd olunan hissələrdə təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

49. Miras əmlakda payların müəyyən olunmasına münasibətdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Miras əmlakda vərəsələrin paylarının qanun üzrə müəyyən olunmasını iddiaçılar tələb etsə də, lakin kollegiya hesab edir ki, digər vərəsələrin payı qanun üzrə deyil, onlara çatası məcburi pay hissədə təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi 06 may 2014-cü il tarixli vəsiyyətnamə əsasında notariat orqanı tərəfindən 26 noyabr 2015-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi müəyyən olunmuş və digər 4 məcburi pay hüququ olan vərəsənin payı saxlanılmışdır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən digər dörd vərəsə artıq məcburi payı qəbul etmiş sayılırlar. Məcburi pay hüququ olan vərəsələrdən X6 və X8 onlara çatası payı qardaşlarının xeyrinə imtina etsələr də, lakin kollegiya hesab edir ki, imtana qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Rəna Mustafayeva və Cəlalət Ağayevanın mirasdan imtinası isə qanunla müəyyən edilmiş üç ay müddət keçdikdən sonra verilmişdir.

50. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2265/2023 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin miras əmlakda payların müəyyən olunmasının təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, X7 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə birinci növbə vərəsələri İddiaçı1, İddiaçı2, X8 və X1 hər birinin 1/10 hissə məcburi payları müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2265/2023 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin miras əmlakda payların müəyyən olunmasının təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 14 yanvar 2015-ci il tarixdə ölmüş X7 miras qalmış Gəncə şəhəri Nizami rayonu Mehrablı küçəsində yerləşən 62A nömrəli fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, X8 və X1 (birinci növbə vərəsələr) hər birinin 1/10 hissə məcburi payları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar