Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1530/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-389/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 19 may 2023-cü il tarixli, VHİ 075/23 nömrəli könüllü əmlak sığorta şəhadətnaməsinə əsasən, sığortalı X4 məxsus ünvan 3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) tərəfindən sığortalanmışdır.
2. A-P-007/23 nömrəli sığorta aktına əsasən, "xxxx" ASC-də 19 may 2023-cü il tarixdən 19 may 2026-cı il tarixədək sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. X3, X8 və 10 saylı MKS-nin sahə ustası X1 tərəfindən tərtib edilmiş 14 avqust 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, ünvan 3 ünvanına texniki baxış keçirilmiş və məlum olmuşdur ki, üst qat qonşudan ünvan 4 ünvanından su axıdılmışdır. Belə ki, girişin divarlarında sarı su ləkələri var və divar kağızları qopmuşdur. Mətbəxin tavanında ləkələkə qopuqlar var.
4. Müstəqil ekspert X5 (VÖEN: **********) tərəfindən tərtib edilmiş “əmlaka dəymiş zərərin hesablanması cədvəlinə” əsasən, X4 məxsus daşınmaz əmlak olan ünvan 5 ünvanına dəymiş zərərin həcmi 427 (dörd yüz iyirmi yeddi) manat qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 457,40 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə sığortalı X6 arasında bağlanmış 19 may 2023-cü il tarixli VHİ 075/23 nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 6 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5770 nömrəli 10 oktyabr 2023-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdehnın yaşadığı ünvan 6 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş 16 avqust 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair akta əsasən sığorta hadisəsi nəticəsində sığortalıya ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymiş və 26 oktyabr 2023-cü il sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 19 fevral 2024-cü il tarixli, 224/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 3 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-389/2025 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir və o, ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Mənzil Kommunal Sahəsinin 2 əməkdaşı 48 saylı mənzilin sahibi X6 ilə birlikdə onun yaşadığı 50 saylı mənzilə gəlmiş, mənzilə baxış keçirmişlər. Mənzil Kommunal Sahəsinin Rəşad Qurbanova bildirmişlər ki, 50 saylı mənzilə heç bir problem yoxdur, usta çağır öz mənzilində olan problemi həll et. Həmin şəxslər Rəşadla birlikdə mənzili tərk edib getmiş, sonradan həqiqətə uyğun olmayan akt tərtib etməklə onu günahkar bilmişlər. Həmçinin, müstəqil ekspert X5 onun yaşadığı mənzildə olmamış, baxış keçirmədən hesab etmişdir ki, guya o, R.Qurbanovun mənzilinə 427 manat zərər vurmuşdur. Müstəqil ekspert yalnız R.Qurbanovun mənzilinə baxış keçirərək rəy vermişdir. Nə "xxxx" ASC-nin nümayəndəsi, nə də müstəqil ekspert onun mənzilində olmamış, R.Qurbanovun mənzilində olan “Ləkə”yə əsaslanaraq onu cəzalandırmışdır. R.Qurbanovun mənzilinin giriş divarlarında sarı su ləkələrinin olması və divar kağızlarının qopması R.Qurbanovun özünün mənzilində çox guman ki, su xətlərinin nasazlığından yaranmışdır. Bundan başqa, məhkəmə çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-in tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
12. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-389/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır.
14. Məhkəmə kollegiyası işə şifahi məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin halları ilə müəyyən olunur ki, "xxxx" ASC tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində 12 iyul 2023-cü il tarixdə Cavabdeh yaşadığı ünvan 6 ünvandan su axması nəticəsində ziyan dəymiş, sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə iddiaçı cəmiyyət tərəfindən 427 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, daha sonra xx.xx.2024-cü il tarixli, 224/24 nömrəli məktubla sığorta hadisəsi nəticəsində ödənilmiş 427 manat məbləğində pulun iddiaçıya ödənilməsi cavabdehdən tələb edilmiş, sonuncu tərəfindən həmin məbləğ ödənilməmiş, iddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5770 nömrəli 10 oktyabr 2023-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 6 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. Bundan başqa, 16 avqust 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair aktdan görünür ki, sığorta hadisəsi nəticəsində sığortalıya ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymiş və 26 oktyabr 2023-cü il sığorta ödənişi ödənilmişdir.
21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
23. Göründüyü kimi, iddiaçı cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu realizə etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən belə tələb əsaslıdır.
24. Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri təkzib olunur və 12 iyul 2023-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti ünvan 6-nin mülkiyyətçisi Cavabdeh üzərinə düşür.
25. Apellyasiya şikayətinin məhkəmə tərəfindən cavabdehin iştirakı təmin edilmədən yekun məhkəmə aktı qəbul etməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
26. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
27. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
28. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
29. İş materiallarına əlavə edilmiş reyestr və poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə müəyyən olunur ki, mülki işə sadələşdirilmiş qaydada baxılmasına dair məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixində cavabdehin qeydiyyatda olduğu ünvan üzrə təqdim edilmişdir (səh. 24-25). Cavabdeh qeyd edilən məhkəmə bildirişini alsa da, hər hansı bir etiraz təqdim etməmiş, məhkəmə bildirişində qeyd olunan qaydada iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işə cavabdehin iştirakı olmadan baxılması mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları ilə tənzimləndiyindən məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-389/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir və ondan kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov