Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1533/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: Əsassız hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-196/2023 saylı mülki iş üzrə 27 fevral 2023cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Muğanlı kəndində yaşayan İddiaçı Qazax MQKS arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00240-dır, onun ailə tərkibi 2 nəfərdən ibarətdir. Həmin evdə 3 gözlü qaz plitələri, qızdırıcı radiator peçi vardır.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00240 olan İddiaçı yaşadığı Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evində Zenner markalı **********1 zavod nömrəsi olan sayğacının quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, 10029947 nömrəli sayğacın çışıx plastmas borunun kənar təsir nəticəsində oturacağından aralanması aşkar olunmuşdur. Həmin akt TQQ və SX-nın mühəndisi Bayram Rzayev, texniki Əsgərov Vusal tərəfindən imzalanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qeyri-qanuni yazılmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağstafa rauyonu Muğanlı kəndində ailə üzvləri ilə yaşayır. Hər bir təsərrüfat kimi o bütün növdən olan kommunal təsərrüfatlardan istifadə edir, istifadə etdiyi kommunal xidmətlərin xərclərini vaxtında ödəyir. Buna baxmayaraq, iş üzrə cavabdeh olan “Azərqaz” İB-nin əməkdaşları onun qaz sayğacının istismar müddətinin başa çatması və dəyişmək adı ilə yoxlama keçirmışlər. Bundan sonra ona bildirilmişdir ki, baxış keçirilmə ilə əlaqədar imza atmalıdır, lakin, o, heç bir akta imza etməmişdir. Bir neçə aydan sonra bildiriş ona təqdim olunanda gözlərinə inana bilməmişdir. Belə ki, onun adına əlavə olaraq 1036.80 manat bildirişə pul qeyd edilmişdir. Hazırda ona əsassız cərimə yazılmışdır. Əslində onun yaşadığı evdə qazdan az istifadə olunmaqla quru odundan istifadə olunur.
5. Ağstafa Rayon Məhkəməsinin 2(015)-196/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim:Zamiq Rəsulov) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı qazın sərfinə görə yazılmış 25 oktyabr 2022ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-196/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat birliyinin əməkdaşları tərəfindən abonentin yaşadığı Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar sökülərək götürülmüş və yenisi ilə əvəz olunmuşdur. Əvvəlki sayğaca laboratoriyada baxış keçirilərək sayğacın hesablanma mexanizminin qüsurlu olması barədə akt tərtib edilmişdir. İtirilmiş qazın sərfi ilə bağlı xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və abonentə 1036.80 manat borc hesablanmışdır. Məhkəmə isə iş üzrə sübutlara əsaslanmayan və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İş üzrə iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
10. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
11. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
12. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
13. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
25. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
26. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
28. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1036.80 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-196/2023 saylı mülki iş üzrə 27 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.