Məhkəmə qərarları › İş №2(104)-1538/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1538/2025

21.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1538/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC) qarşı iş üzrə Açar sözlər: icra qeydinin ləğv edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC) qarşı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(021)- 1027/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, "xxxx" ASC-nin xeyrinə Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı DCL T00528746-01 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20144 manat 80 qəpik (iyirmi min bir yüz qırx dörd manat səksən qəpik), tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20169 manat 80 qəpik pul tutulmalıdır (iddiaçıya xx.xx.2024-cü il tarixdə borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılacağı barədə xəbərdarlıq ünvanlanmış, həmin məktub iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir).

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiаçı İddiaçı Cavabdehnə (üçüncü şəxs "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,8İ-25559 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra Cavabdeh, əsl cavabdeh Bərdə regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi ilə əvəz edilmişdir.

4. İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinə görə DCLT 00526746 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20144.80 manat və 25 manat dövlət rüsumu pul tutulması qeyd edilmişdir. Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, maddi vəziyyətilə əlaqədar ödənişlərində gecikdirməyə yol vermişdir. Ancaq onun borcu icra qeydində göstərildiyi kimi deyildir. Bank məhkəmədə iddia qaldırmadığından tələb edilən borc məbləğini mübahisə etmək imkanından məhrum olmuşdur. Yalnız hesablanmış borc məbləğini mübahisələndirə bilər.

5. Üçüncü şəxs "xxxx" ASC iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, icra qeydinin aparılması üçün əsas olan materiallardan, eləcə də icra qeydinin aparılması barədə bildirişdə İddiaçı öhdəliyin mahiyyəti, həcmi və tarixi barədə müvafiq məİumatlar notariat ofisinə təqdim edilmiş və həmin məlumatlar əsasında müvafiq icra qeydi aparıldığından iddia tələbi tamamilə əsassızdır. Həmçinin iddiaçı X2 borcu barədə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş və iddiaçı məktubu xx.xx.2024-cü il tarixdə saat 15:55də əldə etmişdir. Odur ki, o, borcu barədə məlumatı olmuş, xəbərdar edilmiş və borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Lakin iddiaçı bu müddət ərzində banka yaxınlaşmamış və problemini həll etməyə cəhd etməmişdir. İndi isə sadəcə borcunu məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir ki, iş uzansın. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə OnGTC/SE/00528746 saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalamaqla iddiaçı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etməklə (bankın rəsmi internet səhifəsində wwv.pashabank.az saytında yerləşdirilmiş) öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına məsuliyyət daşıdığını qəbul etmişdir. Həmin razılaşma çərçivəsində xx.xx.2023-cü il tarixdə DCLT00528746-01sayh (kart hesab:41040AZNSCO 1********) maliyyələşdirmə üçün ərizə imzalamaqla bank tərəfindən xx.xx.2024-cii il tarixədək illik faiz dərəcəsi 24, illik cərimə faizi 33.5 faiz olmaqla, 19647 (on doqquz min altı yüz qırx yeddi) manat məbləğində nağdsız qaydada Sərvan MMC, Sədəf MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi iiə kredit xətti açılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC qarşısında öhdəliyinin DCLT00528746-01 saylı (kart hesab nömrəsi:41040AZNSC**********) maliyyələşdirmə üçün ərizəyə əsasən 19397.02 manat əsas, 747.78 manat faiz borcu olmaqla, cəmi 20144.80 manat borc təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik 52 gün icra edilmədiyindən bank tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı çatdırılmışdır. Bildiriş qəbul edildikdən sonra 20 gün müddətində borc ödənilmədiyi üçün tərəfindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Bərdə regional "Asan" Xidnıət mərkəzində notariat ofısi tərəfindən qanunvericiliyin tələblərinə müvafıq qaydada icra qeydi verilmişdir. Bildiriş və onun borcluya çatdırıldığmı təsdiq edən sənəd "Notariat haqqında" AR Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İş üzrə təsdiq edilmiş sübutlardan görünür ki, İddiaçı 19 647 manat məbləğiğdə kredit xətti açılmış, lakin sonuncu kredit məbləğini aldıqdan sonra razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(021)-1027/2025 nömrəli qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddiаçı İddiaçı Cavabdehnə və üçüncü şəxs PaşaBank ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76 və 79-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiаçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiаçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə icra qeydi əsasında ondan tutulan əsas borc və faizlərin məbləğini mübahisə etmək imkanından məhrum olmağına, əhəmiyyət verməmişdir. Hansı ki, onun borcu icra qeydində göstərildiyi kimi deyil, qat-qat aşağıdır. Bundan başqa, banka olan borcunun ödənilməsi üçün əlindən gələni edir, ödənişlərini davam etdirir. Qısa zamanda ödənişlərini qrafikə salacaqdır. Banka olan borcu 20144.80 manat deyil, maksimum 15000 manatdır. Ödənişləri nəzərə alınmamışdır və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət vermək hüququndan məhrum olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Üçüncü şəxs "xxxx" ASC iddia ərizəsinə etirazda qeyd edilənlərlə eyni məzmunda apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

13. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə borcalan İddiaçı arasında xx.xx.2023-cü il tarixdə OnGTC/SE/00528746 saylı razılaşma imzalanmışdır. Həmin razılaşma çərçivəsində xx.xx.2023-cü il tarixdə bank tərəfindən xx.xx.2024-cii il tarixədək illik faiz dərəcəsi 24 illik cərimə faizi 33.5 faiz olmaqla 19647 manat vəsait nağdsız qaydada Sərvan MMC, Sədəf MMC və Vektor MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC qarşısında öhdəliyinin DCLT00528746-01 saylı (kart hesab nömrəsi:41040AZNSC**********) maliyyələşdirmə üçün ərizəyə əsasən 19397.02 manat əsas, 747.78 manat faiz borcu olmaqla, cəmi 20144.80 manat borc təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik 52 gün icra edilmədiyindən bank tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı çatdırılmışdır. "xxxx" ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Borclu İddiaçı icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

27. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Məlumdur ki, notariat fəaliyyəti zamanı icra qeydləri borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün aparılır. Bu icra qeydləri müxtəlif əsaslar üzrə yaranmış borcların tutulması üçün aparıla bilər. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həqiqətən də həmin normada icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

29. Hazırkı işə əlavə edilmiş sənədlərə nəzər saldıqda müəyyən edilir ki, iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdə borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə barədə açıq və aydın ifadə olunan xəbərdarlıq əksini tapmışdır. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra borclunun borc öhdəliyi ilə bağlı hər hansı etiraz və ya mülahizəsi olmamışdır. Mübahisələndirilən icra qeydi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Bir sözlə, icra qeydi notariat haqqında qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir.

30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu halları müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər də formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(021)-1027/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar