Məhkəmə qərarları › İş №2(104)-1556/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1556/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1556/2025 14.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakdan çıxarılma, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDAD Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakdan çıxarılma, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş Ağstafa Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı iddiaçının mülkiyyətində olan Ağstafa şəhəri Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evini alıcı cavabdehə 40000 manat (qırx min) qiymətinə nisyə satılmışdır.

2. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən alıcı ilkin olaraq 6000 manat məbləği satıcının notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 34000 manat məbləği isə xx.xx.2026-cı il tarixinədək, hər iki aydan bir ödəniş etmək şərti ilə - ilk ödəniş 3000 manat, növbəti 16 ödənişin hər biri 1500 manat, sonuncu ödəniş isə 7000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 6000 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2023cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa şəhəri Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-856/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiyası məhkəməsinə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadına əsasən prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir.

6. Birinci instansiyası məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin Bakı şəhərində işləməsi və məhkəmə qətnaməsini gec alması səbəbindən Ağstafa Rayon Məhkəməsinin e-2(015)-856/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehdən tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddəti bərpa edilməli, iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir.

7. Qərardaddan narazı qalan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsi və apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeydiyyatda olduğu ünvan üzrə poçt göndərişlərini nəzarətdə saxlamaq cavabdehin vəzifəsidir. Həmçinin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbələrinə göndərilmişdir. Məhkəmə tərəfindən icra işi tələb edilib araşdırılmamışdır. Çünki icra məmuru tərəfindən iş üzrə icraata başlama barədə qərar, tələbin könüllü icrası barədə bildiriş və digər sənədlər də cavabdehin qeydiyyat ünvanı üzrə göndərilir. Həmin sənədlərin cavabdehə təqdim olunub-olunmaması, həmçinin cavabdehin icra sənədi üzrə icra şöbəsinə dəvət olunaraq izahatının alınıb-alınmaması barədə sənədlər icra şöbəsindən tələb edilib araşdırılmamışdır. Cavabdeh ərizəsini onunla əsaslandırır ki o, ayın 20 günü Bakı şəhərində işləyir. Halbuki, qətnamənin qəbul olunduğu tarixdən 5 aydan artıq vaxt keçmişdir. Keçən müddət ərzində cavabdehin qətnamədən məlumatsız olması və qətnaməni almaması qətiyyən ağlabatan deyildir. Sonradan məhkəməyə müraciət edilərək qətnamənin təkrarən rəsmi qaydada alınması buraxılmış prosessual müddətin bərpa edilməsinə əsas ola bilməz. Fiziki və hüquqi şəxslər tərəfindən hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

Qərardaddan şikayətə etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsi ilə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:

14. 134.1.1. iddia ərizəsini;

15. 134.1.2. qarşılıqlı iddia ərizəsini;

16. 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini;

17. 134.1.4. məhkəmə bildirişini;

18. 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;

19. 134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;

20. 134.1.7. məhkəmə əmrini;

21. 134.1.8. apellyasiya şikayətinin surətini;

22. 134.1.9. kassasiya şikayətinin surətini.

23. 134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, rəsmi qaydada verilən məhkəmə sənədlərinin dairəsi prosessual qanunvericiliklə göstərilmiş və məhkəmə qətnaməsi rəsmi verilən sənədlərə aiddir.

26. İş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-856/2024 nömrəli qətnaməsinin cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilməsini göstərən müşaiyət məktubu və bununla bağlı iş materiallarında təsdiq olunmamış reyestr mövcud olsa da məhkəmə aktının cavabdehə və ya onun qeydiyyat ünvanı üzrə təqdim olunmasına dair sübut mövcud deyildir.

27. Belə olan halda cavabdehə məhkəmə aktı təqdim olunmamışdır ki, bu halda da prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz.

28. Belə ki, qeyd olunduğu kimi apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

29. Hazırki vəziyyətdə iş materiallarında cavabdeh tərəfindən məhkəmə aktının alınmasına dair sübut mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir.

30. Birinci instansiyası məhkəməsi ötürülməmiş müddəti bərpa etmişdir ki, bunda da haqlı olmasa da məhkəmə hesab edir ki, bu hərəkəti ilə hər hansı şəxsin hüquqlarına müdaxilə etməmişdir. Bu səbbədən də qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə qiymət verilməsi üçün iş mülki kollegiyanın müzakirəsinə verilməlidir.

31. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

32. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin.

Ağstafa Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-856/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar