Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1570/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X10 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlər X3 və Cavabdeh2 qarşı “mirasda payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 20 may 2025-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçılar ər-arvaddır. İddiaçı1 cavabdeh Səltənət Aslanovanın oğlu, Cavabdeh2 isə qardaşıdır. İddiaçı1 və Cavabdeh2 atası, cavabdeh Səltənət Aslanovanın isə əri X12 28 noyabr 1994-cü ildə ölmüşdür. Tərtər rayonu, Səhləbad kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ 02 mart 2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********16). 2V-403, 2V-404 və 2V-405 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrlə X6 birinci növbə vərəsələri arvadı X7(cavabdeh) və uşaqları İddiaçı1(iddiaçı) və Cavabdeh2(cavabdeh) X5 miras qalan, Tərtər rayonu, Səhləbad kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən bərabər- 1/3 hissədə pay almışlar. 29 mart 2023-cü il tarixdə X7 və İddiaçı1 (onun əvəzinə X18) Tərtər rayonu, Səhləbad kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindəki 1/3 hissədə miras paylarını Cavabdeh2 bağışlamışlar(bağışlama müqaviləsinin reyestr nömrəsi 3M-137). Birinci instansiya məhkəməsində icraat İddiaçılar, Tərtər rayon Notariat Ofisini, X13 və X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3M-137 nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun yaratdığı digər hüquqi nəticələrin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı1 doğma qardaşıdır. Onların Tərtər rayonu, Səhləbad kəndində atası X8 məxsus 4 otaqlı yaşayış evi, həmin fərdi yaşayış evinin 0,15 ha həyətyanı torpaq sahəsi var. Cavabdeh2 həmin torpaq sahəsinə atası Rəşid Aslanovun adına xx.xx.2023-cü il tarixdə **********16 nömrəli çıxarış almışdır. Həmin çıxarışdan iddiaçıların məlumatı olmamışdır. Cavabdeh2 çıxarışla Tərtər rayon Notariat Ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. X1 vərəsələri olaraq iddiaçı Osman, cavabdehlər Mahir və Səltənət göstərilmişdir. Həmin vaxt İddiaçı1 Rusiya Federasiyasında olduğundan, vərəsəliyin qəbul edilməsi səlahiyyətlərini digər qardaşı X15 vermiş, onu notariat orqanlarında Nazim Aslanov təmsil etmişdir. Nazim Aslanov onun adından vərəsəliyi qəbul etmişdir. Ancaq bundan sonra İddiaçı2 qaynatasına məxsus əmlaka köçmək üçün Tərtər Rayon Məhkəməsinə müraciət etmişlər. Müraciət zamanı sənədlərin içərisində Cavabdeh2 çıxarış sənədi təqdim edərək 0,15 ha torpaq sahəsinin özünün adına olduğunu bildirmişdir. Bu sənədin necə əldə edildiyini müəyyən etmək üçün vəkil sorğusu ilə Tərtər rayon Notariat Ofisinə müraciət edilmiş, alınmış vərəsəlik haqqında sənədlərdən məlum olmuşdur ki, vərəsəlik zamanı etibarnamə vermiş olduğu qardaşı X4 Aslanova düşən torpaq payını Cavabdeh2 bağışlamışdır. Bu faktı öyrəndikdən sonra Nazim Aslanovla danışmış, ona nəyə görə onun payını Cavabdeh2 bağışlamasını soruşmuşdur. Nazim Aslanov payı bağışlamadığını bildirmiş, sadəcə vərəsəliyi qəbul etdiyini bildirmişdir. Vərəsəlik sənədlərinə imza etdiyini və heç bir bağışlama sənədinə imza etmədiyini bildirmişdir. İddiaçı1 vərəsəlik payını bağışlamaqda niyyəti olmamışdır. Hazırda iddiaçılar övladları ilə birlikdə kirayədə yaşayırlar. İddiaçıların bütün əşyaları ata evində qalmışdır və onlar Cavabdeh2la Rusiya Federasiyasına bir gedib-gəlmişlər. Atalarına və analarına qardaşları İlham baxmışdır. Böyük qardaşı İlham 1999-cu ildə qardaşı Mahiri evləndirmiş, 2005-ci ildə isə Osmanı evləndirmişdir. Bundan sonra X22 getmişlər və qazanıb ata evində özlərinə ev-eşik düzəltmişlər. Həmin ev atalarından qalan evdir. Rusiyadan qayıtdıqdan sonra cavabdehlər iddiaçıları evə qoymamış, evdən qovmuşlar. İddiaçılar məcbur olub Bakı şəhərində kirayədə yaşamağa başlamışlar. Cavabdeh2 iddiaçılara torpaq almamışdır. İddiaçılar hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-545/2025 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia təmin edilmiş, X2, Cavabdeh2 və X11 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsiz hesab edilməsi, onun yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə iddiaçılar hazırda mübahisələndirdikləri bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ilə daha əvvəl məhkəməyə müraciət etmişlər və həmin icraata zamanı məhkəmə iclasında izahat vermiş Nazim Aslanov göstərmişdir ki, həqiqətən qardaşı İddiaçı1 ona etibarnamə verərək notariat ofisində vərəsəliklə bağlı sənədlərə imza etməyi həvalə etmişdir. X17 sənədləşmələrə imza etdikdən sonra məlum olmuşdur ki, o, atasından miras qalmış qardaşı İddiaçı1 çatan payı digər qardaşı Cavabdeh2 bağışlamaq haqqında müqaviləyə imza etmişdir. Həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında izahat vermiş İlham Aslanov göstərmişdir ki, qardaşı İddiaçı1 evin balaca övladı olmuşdur. O da atasının vərəsəsidir. Ona da atasından miras qalmış evdən pay düşməlidir. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs Nazim Aslanovun verdiyi ifadə həqiqətə uyğun verilmiş ifadədir və iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiqdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 389.2, 394, 666.1, 666.2, 667.1, 668.1.1, 669, 670.3, 673-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 78.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 uzun müddət Rusiyada yaşayıb və 2005-ci ildə Cavabdeh2 onu Rusiyadan gətirmiş və ona toy edib evləndirmişdir. Toydan 3 ay sonra Osman və arvadı Ramilə Bakı şəhərinə köçüb getmiş və oradan da Rusiyaya getmişlər. Osman Bakıda yaşayarkən Cavabdeh2 ona Bakı şəhərində 0,02 ha torpaq sahəsi alıb vermişdir. Məhz buna görə də Osman kənddəki torpağı Mahirə bagışlayıb. Həmin bağışlanmanı isə notariusda qanuni şəkildə imza etməklə rəsmiləşdirmişlər. Miras payın bağışlanma müqaviləsi qanuni sənəd olduğundan qətnamə ləğv edilməlidir. Cavabdeh2 və ailəsi anasına baxır və qulluq edir. Atadanqalma 2 otaqlı evləri olub. Sonradan Cavabdeh2 evi böyüdərək 3 otaq və 1 köməkçi sahəsi, hamam, mətbəx və 40 metr daş hasar çəkdirmişdir. İddiaçı1 burda yaşamadıgına görə anası evin vərəsəliyini də Cavabdeh2 verib. Ancaq işə baxan məhkəmə bu kimi hallara nəzər yetirmədən və özünün sorğusu ilə notariusdan əldə etdiyi bağışlama müqaviləsinə baxmayaraq iddia tələbini təmin etmişdir. b)Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında üçüncü şəxs X18 izahatında bildirmişdir ki, qardaşı Osman ona yalnız mirası qəbul etmək üçün etibarnamə vermişdir. Mahir onu çağırıb sənədlərə qol çəkməsini və Osmanın payı nədirsə onu da Osmana verəcəyini bildrimişdir. O, savadsız olduğundan müqaviləyə imza etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında üçüncü şəxs X19 izahatında bildirmişdir ki, o, atasından miras qalmış əmlaka qardaşı Osmanın da payının müəyyən edilməsini istəyir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni iddianın “xx.xx.2023-cü il tarixli, 3M-137 nömrəli miras payın bağışlanması müqaviləsinin yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi” hissəsinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia baxılmamış saxlanılmışdır. Məhkəmə, hazırki iş üzrə özünün qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadını nəzərə almaqla qeyd edir ki, məhkəmə aktının əsaslılığı və qanuniliyi apellyasiya baxışının predmeti olan hissədə, yəni “miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur (maddə 1133.2.). Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin hallarından görünür ki, Rəşid Aslanov və Səltənət Aslanovanın birgə nikahından 4 övladı var: İlham, Mahir, Nazim və Osman. Rəşid Aslanov xx.xx.1994-cü il tarixdə ölmüşdür. Tərtər rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 28 mart 2023-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı onun əvəzindən mirasın qəbul edilməsi, miras əmlakdakı payının bağışlanması və sair hərəkətləri etməyi Nazim Aslanova etibar etmişdir. Etibarnamə 5 il müddətinə, 28 mart 2028-ci il tarixədək verilmişdir. Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Rəşid Səmədovun vərəsələri: arvadı Səltənət Aslanova, övladları Mahir və İddiaçı1lardır. Miras əmlak Daşınmaz Əəmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi çıxarışa əsasən mərhum Rəşid Aslanova məxsus olmuş və Tərtər rayonu, Səhləbad kəndində yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsidir. Vərəsələrin hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. xx.xx.2023-cü il tarixli “Miras payın bağışlanması müqaviləsindən” görünür ki, Səltənət Aslanova və İddiaçı1 mübahisəli əmlaka dair miras paylarını Cavabdeh2 bağışlamışlar. Həmin müqaviləni İddiaçı1 əvəzinə onun etibarnamə üzrə nümayəndəsi Nazim Aslanov imzalamışdır. Hazırda İddiaçı1 bildirir ki, onun tərəfindən Nazim Aslanova etibarnamə yalnız miras əmlakın qəbul edilməsi məqsədilə verilmiş, miras əmlakdakı payının bağışlanması barədə tapşırıq isə verilməmişdir. İş üzrə üçüncü şəxs qismində dindirilmiş Nazim Aslanov verdiyi izahatında bildirmişdir ki, qardaşı İddiaçı1 ona etibarnamə verərək Notariat Ofisində vərəsəliklə bağlı sənədlərə imza etməyi həvalə etmişdir. X17 sənədləşmələrə imza etdikdən sonra məlum olmuşdur ki, o, atasından miras qalmış və qardaşı İddiaçı1 çatan payı digər qardaşı Cavabdeh2 bağışlamaq haqqında müqaviləyə imza etmişdir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd edir ki, 28 mart 2023-cü il tarixdə İddiaçı1 tərəfındən Nazim Aslanova miras əmlak üzərində vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı səlahiyyətlər verilərkən, “Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, notarius tərəfindən və etibarnamənin məzmunundan göründüyü kimi İddiaçı1 onun bütün hüquq və vəzifələri izah edilmişdir. İddiaçı1 etibarnamə əsasında təmsil edən Nazim Aslanov və Səltənət Aslanova ilə Cavabdeh2 arasında bağışlama müqaviləsi bağlanan zaman da tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı1 mirasdakı payının qardaşı Cavabdeh2 bağışlamasına dair iradə ifadəsi mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələblərinin pozulması mövcud olmalıdır. Belə ki, əqdin subyektiv tərkibinə, əqd bağlanan zaman iradə və iradə ifadəsinin vəhdətinə, əqdin formasına aid edilən şərtlərə əməl edildiyi halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir. Eyni zamanda, müqavilə tərəflərinin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən birinin olmaması əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İşin Məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Miras payın bağışlama müqaviləsi” bağlanan zaman mülki qanunvericiliyin yuxarıda qeyd olunan şərtlərinə əməl edilmişdir; etibarlılığı mübahisələndirilən müqavilənin qanun pozuntusu, o cümlədən də iddiaçının (onun təmsilçisinin) aldadılması yolu ilə bağlanması iş materialları ilə təsdiq edilmir. Halbuki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, iddiaçı tərəf, tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan başqa, Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 münasibətdə həmçinin subyektiv hüququnun olmaması əsası ilə də rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı2 miras qoyan Rəşid Aslanovun sağ olan övladı İddiaçı1 arvadıdır. Başqa sözlə İddiaçı2 miras qoyanın 1-ci növbəli vərəsəsi deyildir, həbelə mərhum ona miras əmlakı (onun bir hissəsini) vəsiyyət etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, İddiaçı2 miras payın bağışlama müqaviləsinin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi həmin nəticəsi səhvdir və işin hallarına uyğun gəlmir. Odur ki, 385-ci maddəsinin tələbini, işin hallarını nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmetini təşkil edən iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “X2, Cavabdeh2 və X11 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsiz hesab edilməsi, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9 və Cavabdeh2 qarşı irəli sürdüyü iddianın “miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi təmin edilməsin. İddia ərizəsi verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1570/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1570/2025
20.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver