Məhkəmə qərarları › İş №2(104)-1571/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1571/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1571/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 (əri) iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(061)- 254/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 aprel 2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli- Əlavədən görünür ki, İddiaçı MMC tərəfindən 18 ay müddətə hər ay 18 manat olmaqla, cəmi 319,90 manat ödəniş etmək şərtilə Cavabdeh “BOSCH” markalı ətçəkən maşın satılmışdır.

2. İddiaçı MMC tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli texniki rəydən görünür ki, cihaz diaqnostikadan keçirilmişdir. Diaqnostikanın nəticələrinə görə iddia edilən qüsur təsdiqlənməmişdir. Cihaz işlək vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir.

3. Maliyyə arayışından görünür ki, Cavabdeh 15 noyabr 2022-ci il tarixə 21 aprel 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə cəmi 798,90 manat borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 21 aprel 2022-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixə yaranmış 319,90 manat əsas, 47,9 manat cərimə, cəmi 367,8 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “BOSCH” markalı ətçəkən maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18 manat olmaqla cəmi 319,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və 319,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilməlidir. Cavabdehin müqavilə üzrə hər günə görə hesablanmış cərimə məbləğinin miqdarı 479 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləği güzəşt edilmiş və yalnız cərimə məbləğinin 10 faizi, yəni 47,90 manat tələb olunur. Beləliklə, 0 15 noyabr 2022ci il tarixə cavabdehin İddiaçı MMC-nə 319,90 manat əsas, 47,90 manat cərimə olmaqla cəmi 367,8 manat borc yaranmışdır.

6. Tərtər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(061)-254/2023 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) İddiaçı MMC-in 21 aprel 2022-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixə yaranmış 319,90 manat əsas, 47,90 manat cərimə, cəmi 367,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə iddiası təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1, 600.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106, 213, 217, 218.1, 218.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan və subutlara düzgün qiymət vermədən qətnamə çıxaratmışdır. Belə ki, məhsulda qüsurun mövcud olmaması barədə məhkəməyə akt təqdim edilmiş, lakin nəzərə alınmamış və cavabdehin şifahi mülahizəsinə əsaslanmışdır. Eləcədə nisyə alınan malı yoxlayıb qəbul etmək alıcının həm hüququ həmdə öhdəliyidir. Həmin hüququn həyata keçirilməsinə satıcı cavabdehlik daşımır və müqavilədə hər hansı bənd nəzərdə tutulmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nisyə alqı-satqı əsasında cavabdehə 21 aprel 2022-ci il tarixdə ətçəkən maşın satılmış, 28 aprel 2022ci il tarixdə isə müştəri malda qüsur olması əsası ilə geri qaytarılmışdır. Texniki baxış zamanı “BOSCH” markalı ətçəkən maşında qüsur aşkar edilməmişdir. Qeyd olunan “BOSCH” markalı ətçəkən hal-hazırda servisdə saxlanılır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyək bildirmişdir ki, “BOSCH” markalı ətçəkən maşın işləmədiyinə görə 7 gün sonra geri qaytarmışlar. 10 gün sonra “BOSCH” markalı ətçəkənin işlək vəziyyətdə olması barədə onlara məlumat verilsədə, sonuncular isə ətçəkən maşının təyinatı üzrə işlək vəziyyətə gətirilib təhvil verilməsini tələb etsələrdə, şirkət nümayəndələri onların tələbini rədd etmişdir. Ona görə də “BOSCH” markalı ətçəkəni götürməkdən imtina etmişlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası da işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 21 aprel 2022-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixə yaranmış 319,9 manat əsas, 47,9 manat cərimə, cəmi 367,8 manat borcu İddiaçı MMC-nin xeyrinə tutmamaqda düzgün nəticəyə gəlmişdir.

35. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 aprel 2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilə bağlanmış və 18 ay müddətə hər ay 18 manat olmaqla, cəmi 319,90 manat ödəniş etmək şərtilə “BOSCH” markalı ətçəkən maşın alıcıya təhvil verilmişdir. Alıcı Cavabdeh ətçəkən maşında qüsur olduğundan 7 gün sonra onu geri qaytarmışdır. Sonuncunun nümayəndəsinin deməsinə görə sonradan “BOSCH” markalı ətçəkənin işlək vəziyyətdə olması barədə onlara məlumat verilsədə, onlar ətçəkən maşının təyinatı üzrə işlək vəziyyətə gətirilərək təhvil verilməsini tələb etmiş, şirkət nümayəndələri isə bundan imtina etdiyi üçün “BOSCH” markalı ətçəkəni götürməkdən imtina etmişlər. “BOSCH” markalı ətçəkən 28 aprel 2022-ci il tarixdən servisə təhvil verilməsinə və hal-hazıra kimi də servisdə qalmasına baxmayaraq İddiaçı MMC Cavabdeh nisyə alğı-satqı müqavilə üzrə 319,90 manat əsas, 47,90 manat cərimə, cəmi 367,80 manat tələb etmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etməmişdir.

37. Bu qətnamənin 34-cü bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

38. Apellyasiya şikayətinin məhsulda qüsurun mövcud olmaması barədə məhkəməyə akt təqdim edilməsi, lakin məhkəmənin aktı nəzərə almaması, cavabdehin şifahi mülahizəsinə əsaslanması, eləcədə nisyə alınan malı yoxlayıb qəbul etmək alıcının həm hüququ həmdə öhdəliyidir və həmin hüququn həyata keçirilməsinə satıcı cavabdehlik daşımır və bu barədə müqavilədə hər hansı bənd nəzərdə tutulmamışdır dəlilini kollegiya əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “BOSCH” markalı ətçəkən maşının nisyə alğı-satqısı barədə tərəflər arasında 21 aprel 2022-ci il tarixli ********* nömrəli müqavilə bağlanmışdır. “BOSCH” markalı ətçəkən maşında qüsur olduğundan alıcı onu 7 gün sonra şirkətə təhvil vermişdir. İşin qeyd olunan halı tərəflərin izahatı, eləcədə işin 21-ci vərəqində olan 28 aprel 2022-ci il tarixli ********* nömrəli müştəri müraciəti ilə təsdiq olunur. Həmin müraciətdə də qeyd olunub ki, “müştəri məhsulu yoxlamaq məqsədilə birinci dəfədən ət çəkmək istəyib, lakin ətşəkən ət çəkməyib. Müştəri malın dəyişdirilməsini istəyir. Alış tarixi xx.xx.2022-ci il”. Göründüyü kimi satıcı lazımı keyfiyyətli məhsulu alıcıya verməmişdir. Halbu ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1. və 581.2 maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

39. Məhkəmə kollegiyası hesab edir ki, satıcı İddiaçı MMC 21 aprel 2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyinə, yəni lazımı keyfiyyətli məhsul alıcıya təhvil vermədiyindən, eləcədə alıcı tərəfindən həmin mal, yəni “BOSCH” markalı ətçəkən maşın geri qaytarıldığından İddiaçı MMC-nin alıcıdan malın dəyərinin ödənilməsini tələb etməsi istisna olunur.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. `

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(061)-254/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar