Məhkəmə qərarları › İş №2(104)-158/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-158/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-158/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(076)-120/2019cu il nömrəli hökmündən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək X5 və X7 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyana görə mülki iddi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30565 manat maddi zərər, 25000 manat mənəvi zərər olmaqla, ümumilikdə 55565 manat alınıb mülki iddiaçı Nümayəndə verilməsi qərara alınmışdır. .

2. X9 tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyəyn olunmuş, ona Almanya istehsalı olan 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bioniv Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun götürülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və. s) nəzərə alınaraq təyin olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqac oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttindən qidalanan ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunun yüksək gərginlikli elektrik cəryanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X13 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X5 və X13 Təchizatı və Satışı İdarəsinin Şəmkir X3 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X6 CM-314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən 18 oktyabr 2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdır. Həmin hökmlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də qismən təmin edilmişdir. Cavabde "xxxx" Açıq Səhmdar Cəmiyyətindəm həm maddi, həm də mənəvi ziyana görə 787560 manat pul tələb etsədə məhkəmə iddianı qismən, yəni uşaq 13 yaşa çatanadək sol qolun protezləşməsinə görə 24780 manat, müalicə və dərmanların alınması ilə birlikdə 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin etmişdir. Hazırda uşağın 14 yaşı var və ona protez qoyulması zəruridir. Ona görə də, cavabdehdən 89090 manat tutularaq ona ödənilməlidir.

5. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbi təmin edilərək, cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı protez qoyulması üçün 89090 manatın alınaraq qanuni nümayəndəsi Nümayəndə verilməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1118.1-ci maddələrinə istinad etmişdir

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reablitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilir. Əlil olmuş şəxslərin dölət hesabına reablitasiya vasitləri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cinayət işi üzrə verilmiş mülki iddia, yəni aldığı xəsarətə görə Şadxan adlı uşağın sol qolun protezləşməsi üçün 30565 manat təmin olunmuş, qalan hissədə təmin olunmamışdır. Buna baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yenidən iddia qaldırılmış, məhkəmə də əsassız olaraq X11 tərəfindən verilmiş sənədi əsas tutaraq iddianı 89090 manat təmin etmişdir. Halbu ki, 13 yaşdan sonrakı protezləşmə də dövlət hesabına aparılmalıydı. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaanın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın səhlankarlığı ucbatından oğlu Şadxanın aldığı yanıq xəsarətinə görə sol qolu çiyin nahiyyəsindən amputasiya olunub. Mülki iddia məhkəmə hökmü ilə qismən, yəni 30565 manat təmin olunsada, həmin məbləğ uşaq 13 yaşa çatanədək nəzərdə tutulmuşdur. Hazırda oğlunun 14 yaşı var və qoyulmuş protez əl digər əldən qısa görünür. Bu səbəbdən də yeni Bebionic əl qoyulmalıdır. X9 tərəfindən verilmiş sənəddə isə qeyd olunan əlin qoyulması üçün ümumilikdə 89090 manat tələb olunur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqac oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttində yerləşən ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində sol qolu amputasiya edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X13 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X5 və X13 Təchizatı və Satışı İdarəsinin Şəmkir X3 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X6 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə adları qeyd olunan şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də həmin hökmlə qismən, yəni 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin edilmişdir. İddiaçı hazırda 14 yaşa çatdığından növbəti protezləşmə zərurəti yarandığı üçün sonuncunun adından qanuni nümayəndəsi hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də X9 tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 410 nömrəli təklif sənədini əsas götürərək iddianı təmin etmişdir. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Belə ki, işə əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019cu il tarixli 1(076)-120/2019 nömrəli hökmünün surətindən müəyyən olunur ki, zərərçəkmiş şəxs İddiaçı qanuni nümayəndəsi Nümayəndə Nürəddin oğlunun mülki iddiası qismən təmin edilmiş və xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 13 yaşa çatanadək sol qolun protezləşməsinə görə 24780 manat, müalicə və dərmanların alınması ilə birlikdə 30565 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınıb mülki iddiaçı Nümayəndə Nürəddin oğluna verilməsi qərara alınmışdır.

30. Hazırkı iş üzrə X9 tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 410 nömrəli təklifdən də görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı tətbiq olunacaq Almaniya istesalı olan Bebionic hand 3 bionik transradial protez olmaqla tərkibi bebionic əl (bir ədəd, zəmanət müddəti 24 ay), mexanik dirsək oynağı (bir ədəd, zəmanət müddəti 24 ay), yumşaq içlikli karbon soket (bir ədəd zəmanət müddəti 36 ay) və silikon kosmetik əl örtüyündən (bir ədəd, zəmanət müddəti 6 ay) ibarətdir. 1 ədəd soket dəyişikliyi və bir ədəd kosmetik dirsəkaltı protez ödənişsiz əlavələrdir. Eləcə də həmin təklifdə qeyd olunmuşdur ki, məhsullar idxal olunduğu üçün yuxarıda göstərilən qiymətlər xarici valyuta (USD, EVRO) məzənnəsinə uyğun hesablanmış və məzənnə dəyişikliyi qiymətin dəyişməsinə səbəb ola bilər.

31. Apellyasiya icraatı zamanı xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün qoyulması üçün nə qədər xərc tələb olunmasını müəyyən etmək üçün məhkəmə tibbi-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-1734/2-11176/2024 nömrəli rəylə müəyyən olunur ki, əyani müayinə zamanı pasiyentin diaqnozuna (sol çiyin oynağının dezartikulyasiyası) uyğun yüksək texnologiyalı (bionic) yuxarı ətraf protezi, mexaniki dirsək oynağı ilə 133500 manat, elektron dirsək oynağı ilə isə 236300 manat təşkil edir. Yüksək texnalogiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri isə həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır.

33. İddiaçı qanuni nümayəndəsi Nümayəndə isə İddiaçı bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlikli karbon soket və silikon kosmetik əl örtüyünün qoyulması (Almaniya Federatif Respublikasından alınması) üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 89090 manat tələb etmişdir. Azərbaycan Respublikasınının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Yuxarıdada qeyd olunduğu kimi Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100kVA transformatorun vəziyyətinə, yəni vaxtlı-vaxtında baxışların keçirilməsi, mühafizə aparatlarının birləşdirilməsinin təmin edilməsi, mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının bərpa olunması və təhlükəsiz istismarının təşkili "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lazımi səvəyyədə təmin edilmədiyindən xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 dekabr 2019-cu il tarixdə sinif yoldaşları ilə gizlənqac oynayarkən gizlənmək məqsədilə qeyd olunan yüksək gərginlikli transformatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyyəsinin elektrik yaraları xəsarətləri almış və nəticədə onun sol qolu amputasiya edilmişdir.

35. Göründüyü kimi adı qeyd olunan uşağın sağlamlığına ağır zərər vurulması, yəni sol qolun amputasiya olunması bilavasitə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsirli (qanuna zidd) hərəkətləri nəticəsində baş vermişdir. Belə olan təqdirdə xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün qoyulması üçün çəkiləcək xərc cavabdeh tərəfindən ödənilməlidir.

36. Apellyasiya şikayətinin “maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə çıxarılması, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilməsi və əlil olmuş şəxslərin dövlət hesabına reabilitasiya vasitələri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsasların mövcud olması” dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Həmçinin bundan əvvəldə qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-1734/2-11176/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır. Göründüyü kimi Azərbaycan Respublikasında yalnız yüksək texnologiyalı olmayan protezlər dövlət hesabına hazırlanır. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hazırlanmalı olan Bebionic hand 3 bionik transradial protez isə (tərkibi bir ədəd bebionic əl, bir ədəd mexanik dirsək oynağı və bir ədəd yumşaq içlikli karbon soket və silikon kosmetik əl örtüyündən ibarət) yüksək texnologiyalı olmaqla, ölkəmizə xaricdən idxal olunur. Bu da onu deməyə əsas verir ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı zəruri ehtiyacını təmin edən yüksək texnologiyalı (hazırkı halda Almaniya istehsalı olan) bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün ölkə daxilində hazırlanması istisna olunur.

37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar