Məhkəmə qərarları › İş №2(104)-1583/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1583/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1583/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsindən Cavabdeh, onun nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqaviləsindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən ümumi dəyəri 30000 manat məbləğində olan məhsulları nisyə olaraq qəbul edərək, 30000 manat məbləğində borcu 3 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür

2. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh satıcı İddiaçı MMC-dən cəmi 30000 manat dəyərində mal təhvil almışdır.

3. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC ilə aralarında bağlanan “Mücərrəd borcun etirafı barədə” müqaviləyə əsasən, Cəmiyyətə 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMCyə olan borcunu etiraf edir və üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda, qanunla məsuliyyət daşımağa hazırdır. Ərizəni ona heç bir təsir olmadan özü yazmışdır, yazılanları öz imzasıyla təsdiq etmişdir.

4. 09.10.2023-cü il tarixli, 1787 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında “Məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 087/2020 saylı Müqavilə bağlanmış, həmin müqavilə əsasında Cavabdeh ümumi dəyəri 30.000 (otuz min) manat olan müxtəlif çeşidli məhsullar satılmışdır. Qarayev X3 üzrə aldığı malların dəyərinin 21.318,85 (iyirmi bir min üç yüz on səkkiz manat səksən beş qəpik) manat hissəsini ödəsə də, 8681,85 (səkkiz min altı yüz səksən bir manat səksən beş qəpik) manat hissəsini ödəməmişdir və onun bu günə olan borcu 8681,85 (səkkiz min altı yüz səksən bir manat səksən beş qəpik) manat təşkil edir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 3- 16-16/2-4/1176 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 2(104)- 1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədəki yazılar (ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərindən başqa) və “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(104)-1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərinin Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8681.85 manat məbləğində pul vəsaitinin və 106.82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 087/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh Qarayev X3 üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 8681.85 manat hissəsini bu günədək ödəməmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə, iddianın təmin edilməsi, Cavabdeh 8681 (səkkiz min altı yüz səksən bir) manat 85 (səksən beş) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (yüz altı) manat 82 (səksən iki) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 238, 240, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh, onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, İddiaçı MMC-dən hər hansı bir məbləğdə məhsul götürməmiş, iddiaçı ilə hər hansı bir məhsulun götürülməsində müqavilə bağlamamışdır. Sadəcə işə qəbul zamanı bir neçə sənət imzalatmışdılar. Necə olur ki, ona 30000 manatlıq məhsul verirlər indi isə 8681,85 manat pul tələb edirlər. Əgər onun iddiaçıya 30000 manat borcu var idisə indi 8681,85 manat borcu qalmışdısa onda bu məbləğin geridə qalan hissəsini kim ödəmişdir. Bundan əlavə olaraq onu da qeyd edir ki, eyni formada bir neçə şəxsin barəsində həmin ildə təxmini eyni aylarda və hər kəsə 30000 manatlıq nisiyə məhsul vermişlər və hazırki vaxtada təxminən hər kəsin eyni məbləğdə borcu qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı MMC cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edirək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsinin dərişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, “Avrora,, MMC arasında bağlanmış 02 avqust 2020-ci il tarixli 087/2020 saylı müqaviləyə əsasən, Satıcı Alıcıya ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsulları nisyə olaraq satmış, Alıcı isə həmin məhsulların dəyərini 3 (üç) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixə tərtib edilmiş və tərəflərin imzaladığı malların təhvil-təslim aktına görə, ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsullar cavabdeho təhvil verilmişdir. Daha sonra cavabdeh “Avrora,, MMC-nin prezidenti Ceyhun Abbasova ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində borc məbləğini etiraf etmiş və növbəti üç ay ərzində ödəyəcəyini bildirmişdir. Cavabdehin qalıq borcunun müəyyənləşdirilməsi məqsədi ilə 2022-ci ildə şirkətdaxili araşdırma aparılmış və müqavilə üzrə 8681,85 manat borcunun qaldığı müəyyənləşdirilmişdir. Borcun cavabdehdən tutulması məqsədi ilə məhkəməyəqədər zəruri tədbirlər görülsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, borc məbləğinin cavabdehdən alınması üçün məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iş materiallarında olan təkzibedilməz sübutlarla, cavabdehin “Avrora,, MMC-yə 8681,85 manat borcunun qaldığı tam sübuta yetirilmişdir. “Avrora MMC öz işçilərinin rifahının yaxşılaşdırılması və maddi vəziyyətlərinə köməklik göstərilməsi məqsədi ilə, özünün istehsal və idxal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə alqı-satqı müqaviləsi əsasında təklif edir. Şirkətin bir çox işçisi bu təklifdən yararlanır və nisyə aldığı məhsulların dəyərini ödəyirlər. Lakin, cavabdeh şirkətin bu xoşməramlı niyyətindən sui-istifadə etməklə, endirimli şərtlərlə nisyə olaraq aldığı məhsulların dəyərinin müəyyən hissəsini ödəməkdən yayınmışdır. İşəgötürənin özünün istehsal və idxal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə satması nəinki qanun pozuntusu hesab edilmir, eyni zamanda mülki hüquq münasibətlərinin ümumi şərtlərinə zidd deyildir. Cavabdehlə aramızda bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhviltəslim aktı əsasında çıxarılaraq cavabdehə təhvil verilib və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atıb. Həmin Akt məhkəməyə təqdim edilib və iş materiallarında mövcuddur. Malların cavabdehə verildiyini təkzib edən sübutlar isə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmayıb. Apellyasiya şikayətində, əlavə olaraq qeyd edilib: “Necə olur ki, mən əmək müqaviləsi ilə işləyirəm və eyni zamanda mənimlə nisyə alqı-satqı müqaviləsi bağlanılır, sonunda da mən borcumu ödəmirəm və öz ərizəmlə çox rahatçılıqla işdən azad olunuram”. Bununla bağlı bildirmək istəyirlər ki, cavabdehin “Avrora,, MMC-nin əməkdaşı olması onunla fiziki şəxs olaraq aramızda mülki hüquq münasibətləri ilə bağlı müqavilələrin - indiki halda “məhsulların nisyə alqı-satqısı haqqında, müqavilənin bağlanmasına mane olmur. Cavabdehin fiziki şəxs olaraq “Avrora,, MMC ilə bağladığı mülki hüquq münasibətlərinə aid olan müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi, onunla bağlanmış əmək müqaviləsinin “kobud pozuntu ilə ləğv edilməsinə əsas verə bilməz və bu, cavabdehin bir işçi kimi hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhz bu şərtlər nəzərə alınaraq, cavabdehlə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilmişdir. Cavabdehin hazırki apellyasiya şikayəti verməkdə məqsədi, işi süni şəkildə uzatmaq və borc məbləğini ödəməyi gecikdirməkdən ibarətdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanan nisyə alqısatqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan təhvil aldığı məhsulların dəyəri olan 30000 manatı 3 ay ərzində ödəyəcəyinə dair öz üzərinə xx.xx.2020-ci il tarixdə müqavilə ilə, xx.xx.2020-ci il tarixdə ərizə ilə öhdəlik götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və bununla da iddiaçıya 8681,85 manat məbləğində borcu qalmışdır.

43. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

44. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-atqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

45. Azərbaycan Respublikasının MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

46. Azərbaycan Respublikasının MM-in 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

47. İş materialları il müəyyən edilir ki, cavabdeh iddiaçıdan müxtəlif çeşidli məhsullar təhvil almış və xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən, məhsulların dəyəri olan 30000 manatı 3 ay ərzində ödəməyi öhdəsinə götürsə də, yalnız 21.318,85 manat ödəniş etmiş, geri qalan məbləği isə ödəməkdən boyun qaçırmışdır. Bununla da cavavdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

48. Halbuki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, əmlakın dəyərini müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

50. Azərbaycan Respublikasının MM-in 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Həmçinin, cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi ərizəni mübahisələndirmiş və həmin ərizədə olan imzanın ona məxsus olmamasını bildirmişdir.

52. Məhkəmə kollegiyası mülki işin tam obyektiv və hər tərəfli araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1176 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, 2(104)-1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədəki yazılar (ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərindən başqa) və “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(104)-1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərinin Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

53. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

54. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

55. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspert tədqiqat apararkən apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Göründüyü kimi, ərizədə onun tərəfindən imza olunmadığı barədə apellyator tərəfindən irəli sürülən dəlil öz təsdiqini tapmamışdır.

57. Kollegiya həmçinin bildirir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, işin hallarına əsasən cavabdeh öz könüllü iradəsi əsasında iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, aldığı malların dəyərinin bir hissəsini ödəməklə müqavilənin şərtlərini qəbul etmiş, lakin sonradan öhdəliyini tam icra etməmişdir

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.

59. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

60. Həmçinin, cavabdeh şikayətinin dəlillərində iddiaçından heç bir borc götürmədiyini qeyd etsə də, bununla bağlı hər-hansı mötəbər sübutunu kollegiyaya təqdim etməmişdir.

61. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

65. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

66. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

67. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının onun iştirakı olmadan baxılması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil də əsassızdır.

68. Çünki, iş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana məhkəmə bildirişi göndərilmişdir. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və bu barədə məhkəmə bildirişinin kötüyünə imza etməklə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmişdir.

69. Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

70. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

71. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar