Məhkəmə qərarları › İş №2(104)-1613/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1613/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1613/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 hüquqi varisi Cavabdeh4 və maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Cavabdeh2, X6 və X8 adına paylı mülkiyyətdə olmaqla 0,30 ha həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır.

2. Ölüm haqqında arayışdan görünür ki, X10 10 fevral 2000-ci il tarixdə vəfat etmişdir.

3. 30 aprel 2021-ci il tarixli 2V-543 reyestr nömrəli və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 10 fevral 2000-ci il tarixdə vəfat etmiş X6 və 25 aprel 2005-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışda göstərilən 0,3 ha torpaq sahəsinin mərhumlara aid olan hissəsindən ibarət olması qeyd edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Cavabdeh2 adına tam mülkiyyətdə olmaqla 0,3 ha həyətyan torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır.

5. AZ-İİ seriyalı, 216160 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə “beyindaxili beyin kötüyünə qansızma” diaqnozu ilə ölmüşdür.

6. 08.05.2021-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1.

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum X4nın adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin X4nın payına düşən 0,10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X4nın adına paylı mülkiyyət hüququ əsasında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində atası Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi vardır. O, həmin evdə doğulub böyümüş və 2003-cü ilədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2003-cü ildə özünə ev tikdirib həmin evə köçmüşdür. X4 10 fevral 2000-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra sonuncudan qalmış miras əmlakı o, atası ilə bərabər qəbul etmiş və həmin təsərrüfatda yaşamışdır. Hazırda anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Tovuz regional Asan xidmət mərkəzi notarlat ofisinə müraciət etmiş, orada isə ona məlum olmuşdur ki, mərhum anasından qalmış miras əmlaka dair 2012-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq onun məlumatı olmamışdır.

10. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi (hakim Nofəl Mustafayev) ilə iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmə iclasının onun iştirakı olmadan keçirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, ata yurdunun satılmasını istəmir, mirası qəbul etmədiyi üçün oradan pay da istəmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hüquqi varisi Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs ƏMDX-ın DƏDXRnin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İş üzrə Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

21. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

22. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

24. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

25. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

26. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh2 ilə X6 birgə nikahından xx.xx.1970-ci il tarixdə İddiaçı1, xx.xx.1978-ci il tarixdə isə Maral Abdullayeva doğulmuşdur. X10 xx.xx.2000-ci il tarixdə, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə və xx.xx.2005-ci il tarixdə isə X11 ölmüşdür. X2 və X7 miras əmlak kimi Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,30 ha olan torpaq sahəsi qalmış və ondan qalan mirası (sonunculara münasibətdə payları) Cavabdeh2 faktik olaraq qəbul etmişdir. Belə ki, miras əmlak mərhum Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmiş və qorunub saxlanmışdır. Həmin miras əmlaka görə Tovuz rayon notariat kontoru tərəfindən cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və cavabdeh fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etmişdir.

44. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir.

45. İlk öncə qeyd olunmalıdır ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçının mərhum anası Gülşən Abdullayevadan qalmış miras payının onun tərəfindən qəbuluna qiymət verilməlidir. Çünki, iddiaçının mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.

46. X15 xx.xx.2000-ci ildə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

47. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

48. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

50. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.

51. İddiaçının mərhum anası Gülşən Abdullayevadan qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

52. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

53. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum anası Gülşən Abdullayevadan miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. İddiaçı anasından qalmış mirası qəbulu etməsini sübuta yetirilə bilməmişdir. İddiaçı izahatında göstərmişdir ki, o mirası qəbul etməmişdir, lakin ata yurdunun satılmasını istəmir.

55. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

59. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və anasından qalmış mirası qəbul etməsi halını sübuta yetirə bilməmişdir.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar