Məhkəmə qərarları › İş №2(104)-1617/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1617/2024

06.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1617/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi iştirakı, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2023–cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar olunmuşdur. (qaz işlədici avadanlıqlar- qaz plitəsi PQ-3, qaz sobası dəmir peçi, su qızdırıcı QSSQ-1202T)

2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 25920 m3 təbii qaz sərfi müəyyən edilmişdir.

3. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023–cü ilin mart ayına ünvan 1 ünvanda yerləşən abonent istehlakçı İddiaçı 3110,40 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Abbaslı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. O, hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri edir. 31 mart 2023-cü il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərkən sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma aşkar etmişlər və bu barədə xx.xx.2023- cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Bundan sonra onlar ona akt üzrə 3110.40 manat borc hesablamışlar. Akt tərtib olunarkən o, həmin xəttdən 10 gün müddətində istifadə etdiyini bildirmişdir. Lakin, onlar kənar xəttdən istifadə edilməsinə görə yazılmış cərimənin miqdarını olduqca çox hesablamışlar. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən hər 15 gündən bir onun evində yerləşən qaz sayğacına baxış keçirilir, necə olar ki, həmin əlavə xətt qoşulu ola-ola onlar tərəfindən aşkar olunmamış olardı. Buna baxmayaraq, kənar xəttə görə, ona bir neçə ay əvvələ cərimə hesablanmışdır. Hesab edir ki, ona həmin cərimə düzgün hesablanmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktı əsassız hesab edir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış borcdan 2630,88 (iki min altı yüz otuz manat səksən səkkiz qəpik) manat borcun silinməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə dəmir sobası üçün 180 günlük, qaz plitəsi PQ3-ün və su qızdırıcı QSSQ üçün 360 günlük müddət nəzərə alınmaqla dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi halı diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandrıcıdır. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən sutkanın 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq təbii qazdan istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi (0.8+1.4+1.5)x12x90=3996m3 , 3996m3x0,12=479,52 manat məbləğində müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 2630,88 (3110,40-2630,88) manat borc məbləği silinməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1-ci. 1096.1, 1096.2-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 23.1.10, 3.1.11, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-3, 6.5-4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı saylı qətnaməsini ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən etiraf edilmiş qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən də, xx.xx.2023-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 3110,40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2630,88 manat borc məbləğinin silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği qaz xəttinə qanunsuz qoşulma nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, sayğaca əlavə xətt qoşulmuşdur. Lakin, cavabdeh təşkilat tərəfindən cərimə məbləği artıq hesablanmışdır. Əlavə xətdən 1 ay istifadə edilmişdir.

13. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

21. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

22. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. şərtlər nəzərə alınır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi yoxlanılmış və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarxli, ******* nömrəli akt tərtib edilmişdir. 31 mart 2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akta əsasən Şəmkir RQİİ-nin 31 mart 2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə İddiaçı Şəmkir XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 6912 m3 və 6048 m3 olmaqla cəmi 25920 m3 –yəni 3110,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi ilə bağlı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı PQ-3 qaz sərfi 360 gün, 1 ədəd dəmir sobasının qaz sərfi 180 gün, 1 ədəd QSSQ (120l) su qızıdırıcının qaz sərfi 360 gün üçün hesablanmışdır. Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacdan kənar hər hansı bir qoşulmanın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin üç aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz.

37. Bundan başqa “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır.

38. Beləliklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 857/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,

Qət etdi : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-857/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar