Məhkəmə qərarları › İş №2(104)-1626/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1626/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1626/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Hərracın yekunları barədə protokolun etibarsız hesab olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkil) X7 və cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qızına qarşı “hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-327/2022 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 1212/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən əsas borc üzrə 147593,89 manat, faiz borcu üzrə 67007,98 manat, cəmi 214601,87 manatın və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı1 məxsus olan Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərracda satılması, ilkin satış qiyməti 300000 manat dəyərində qiymətləndirilmiş, həmin yaşayış sahəsinin dəyərindən 214601,87 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh3 ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı1 qaytarılması, ev satıldıqdan 1 ay sonra İddiaçı1 və X2 evdən çıxarılaraq evin boşaldılması qərara alınmışdır.

2. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 4292/2014 saylı qərarı ilə iş üzrə icraata başlanılmışdır.

3. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 4292/2014 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, "xxxx" MMC-yə tələbi könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir.

4. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 4299/2014 saylı məktubundan görünür ki, fərdi yaşayış evinin satılması üçün göstəriş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”nə müraciət edilmiş və məlumat üçün Cavabdeh3 ASC-yə, "xxxx" MMC-yə, İddiaçı1 və X3 da göndərilmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, "xxxx" MMC-yə, İddiaçı1 və X3 hərracın keçirilməsi vaxtı vaxtı, yeri, hərracın forması, predmeti, keçirilmə qaydası və s. barədə məlumat verilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 1212/2014 saylı qətnaməsinin İddiaçı1 məxsus olan Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat dəyərində qiymətləndirilməsi hissəsində dəyişdirilərək ipoteka qoyulmuş evin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir.

7. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 241/2015 saylı qərarı ilə iş üzrə icraata başlanılmışdır.

8. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 241/2015 saylı məktubu və məktubun göndərilməsinə dair reyestrlə müəyyən edilir ki, iş üzrə icraata başlamaq haqqında qərarın surəti məlumat üçün Cavabdeh3 ASC-yə, İddiaçı1 və X3 göndərilmişdir.

9. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 241/2015 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, İddiaçı1 və X3 tələbi könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir.

10. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 241/2015 saylı məktubundan görünür ki, fərdi yaşayış evinin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiymətində satılması barədə göstəriş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi”nə müraciət edilmiş və məlumat üçün Cavabdeh3 ASC-yə və "xxxx" MMC-yə də göndərilmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı “Hərracın yekunları barədə protokol”un və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, İddiaçı1 mülkiyyətində olan İddiaçı1 məxsus olan Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 63750 manata Cavabdeh3 ASC-yə satılmışdır.

12. 29.09.2015-ci il tarixli şəhadətnamədən görünür ki, Gəncə şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X1 şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun Cavabdeh3 ASC-yə adından X10 məxsus olmasını təsdiq etmiş, həmin ev Cavabdeh3 ASC-yə adından X14 tərəfindən 63750 manata alınmışdır.

13. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Poçt Filialının 08 sentyabr 2022-ci il tarixli, 497 saylı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin tabeliyində olan 154 saylı poçt şöbəsindən xx.xx.2015-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 adına göndərilən SS200467685AZ ştrix kodlu sifarişli məktub sistem üzərindən aparılan qeydə əsasən xx.xx.2015-ci il tarixində Dərgahzadəyə çatdırılması göstərilmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/177 saylı məktubundan və ona əlavə edilmiş saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə xx.xx.2022ci il tarixli aktdan görünür ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən mümkün olmamışdır.

15. Cavabdeh3 ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********289 nömrəli məktubdan görünür ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra borclu "xxxx" MMC tərəfindən hər hansı ödəniş edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, 79/01 nömrəli hərracı yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə verilən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin ipotekadan azad edilərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, 79/01 nömrəli hərracı yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə verilən xx.xx.2015- ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evi əvvəllər iddiaçının mərhum əri X5 mülkiyyətində olmuş, sonradan vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının əri Nazimin sağlığında həmin ev Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi banka girov qoyulmuş, lakin ipoteka müqaviləsi imzalanan zaman iddiaçının bundan xəbəri olmamışdır. Daha sonra tutma ipoteka predmeti olan həmin evə yönəlmiş və harraca çıxarılaraq bankın mülkiyyətinə keçmişdir. İddiaçının evin hərracdan satılmasından, hərracın keçirilməsindən məlumatı olmamış və ev 2015-ci ildən bankın mülkiyyətinə keçdikdən sonra nə bank, nə də icra idarəsi tərəfindən iddiaçının evdən çıxması ilə bağlı heç kəs müraciət etməmiş, iddiaçı bu günə qədər də həmin evdə yaşayır. İddiaçı 2019-cu ilin oktyabr ayının sonlarında DƏDRX-nın 3 saylı Ərazi İdarəsinə müraciət edərkən evin bankın mülkiyyətinə keçməsi barədə məlumat almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin ipoteka predmeti olan iddiaçıya məxsus evə dair keçirilmiş məhkəmə iclasları və icra hərəkətləri barədə də iddiaçının məlumatı olmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı özünə məxsus, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinin banka girov qoyulmasından, tutmanın həmin əmlaka yönəldilməsindən və hərracın keçirilməsindən məlumatı olmadığını bildirsə də, sonuncu ipoteka müqaviləsi bağlanan zaman notarial razılıq ərizəsi vermiş, tərəf olaraq onlara göndərilmiş məhkəmə bildirişlərinin və hərracın keçirilməsi barədə bildirişlərin bir surəti iddiaçıya da göndərilmişdir. Həmçinin iddiaçının qızı X6 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə də sonuncunun anası Diləfruzun onun himayəsində olduğunu bildirməsi iddiaçının əvvəlcədən bu məsələdən məlumatı olduğunu göstərir. İddiaçı hərracın keçirilməsi barədə yekun protokolun və alğısatqı müqaviləsinin imzalandığı gündən 4 il sonra iddia qaldırmışdır ki, bu mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki iddiaçı 1 il ərzində hərrac barədə protokolu və alğı-satqı müqaviləsini mübahisələndirə bilərdi. 2015-ci ildə ipoteka predmeti olan ev hərraca çıxarılaraq bankın mülkiyyətinə keçdikdən sonra bank ləğv olunmuş və bankın əməkdaşları ləğv prosesi ilə məşğul olduqlarından iddiaçının evdən çıxarılması ilə bağlı müraciət etməmişlər. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

20. Gəncə şəhəri Nizami Rayon Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 327/2022 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) İddiaçı1 iddiasının təmin edilməsi, Gəncə şəhəri, Vaqif küçəsi 102 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı hərracın yekunları barədə protokolu və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337, 354.1, 415.2, 416 maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı1 hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbər verilməsi iş materialları ilə müəyyən edilmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 327/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən faktiki hallara düzgün qiymət verilməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. İddianı təmin edərkən məhkəmə hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulduğunu qeyd etsə də, hesab edirlər ki, hərrac qanunvericiliyin tələblərinə tam uyğun olaraq keçirilmiş və bu barədə iddiaçıya dəfələrlə məlumat verilmişdir. Məhkəmə isə bu məsələlərin araşdırılması üçün müvafiq sənədlərin alınmasını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, istər əmlakın girov qoyulmasından, istəsə də, əmlakın hərrac qaydasında borc əvəzinə bankın adına rəsmiləşdirilməsindən iddiaçının əvvəlcədən məlumatı olmuşdur. Hesab edirlər ki, iddiaçı mübahisələndirlən protokol və alğı-satqı müqaviləsi imzalandıqdan 4 il sonra iddia qaldırmışdır ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilərkən iddia müddətinin tətbiqinə dair ərizəni təmin etməməklə maddi və prossesual hüquq normalarını pozmuş, faktiki hallara düzgün qiymət verməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və A.İsgəndərova) xx.xx.2022-ci il tarixli, 2(104)- 222/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-327/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-911/2023 saylı qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-222/2022 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-327/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

29. Məkhəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkil) X11 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 327/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Maddə 416.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

32. “İpoteka haqqında” Qanun: Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

33. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

40. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

42. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

43. İş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı “Hərracın yekunları barədə protokol və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 63750 manata Cavabdeh3 ASC-yə satılmışdır.

44. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hərracın keçirilməsindən heç bir məlumatı olmadığına görə hərracın yekunları barədə protokolu, həmin hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsinin etibarsızlığını və Cavabdeh3 ASC-yə verilən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvini mübahisələndirmişdir.

45. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

47. Göründüyü kimi qanunda bildirişin poçt göndərişi ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur.

48. Birinci instansiya məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsi əsasında aparılmış icra işinin materiallarında keçirilmiş hərrac barədə iddiaçıya ünvanlanmış bildirişləri aşkar etsə də, onların təqdim olunmasına, yəni iddiaçının bildirişləri alması barədə sübutu aşkar etməmiş və buna görə də, iddia tələbini təmin etmişdir.

49. Bununla əlaqədar kollegiya bildirir ki, hərrac təşkilatı tərəfindən hərracın vaxtı və yeri barədə ipoteka qoyan şəxsə göndərilən bildirişlərin çatması barədə poçt xəbərnaməsi icra işində deyil, hərrac təşkilatındakı hərrac işində saxlanıla bilər. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular edilmişdir. "xxxx" MMC sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən (əlavə edilmiş saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə xx.xx.2022-ci il tarixli akta əsasən məhv edildiyi üçün) təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh1 tərəfindən təqdim edilmiş icra işinin materialları ilə iddiaçıya icraata başlamaq haqqında qərarların surətinin, tələbin könüllü icrası barədə, hərracın təşkil edilməsi barədə məktubların göndərildiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, müvafiq bildirişin yuxarıda qeyd edilən səbəblərə görə çatması haqqında xəbərnamənin əldə edilə bilməməsi onun göndərilməməsi və çatdırılmaması nəticəsinə gəlmək üçün əsas deyildir.

50. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Poçt Filialının 08 sentyabr 2022-ci il tarixli, 497 saylı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin tabeliyində olan 154 saylı poçt şöbəsindən xx.xx.2015-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 adına göndərilən SS200467685AZ ştrix kodlu sifarişli məktub sistem üzərindən aparılan qeydə əsasən xx.xx.2015-ci il tarixində Dərgahzadəyə çatdırılması göstərilmişdir.

51. Həmçinin iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-12/2017 saylı hökmünün məzmunundan görünür ki, Dərgahzadə Nərmin cinayət işinin icraatı zamanı ifadəsində anası İddiaçı1 onun himayəsində olduğunu, anasının adına olan Gəncə şəhəri, Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinin 2008-ci ildə X12 tərəfindən Cavabdeh3 ASC-yə girov qoyaraq "xxxx" firmasının adına pul götürdüyünü, pulun qaytarılmadığını və evin bank tərəfindən alındığını bildirmişdir. Göründüyü ki, iddiaçının qızı olan və kredit borcunun qaytarılması mübahisəsi üzrə tərəf olmuş X4 ifadəsi ilə onların hərracın keçirilməsindən məlumatları olduğu müəyyən edilir.

52. Göründüyü kimi, icra orqanı tərəfindən icraata başlamaq haqqında qərarın surətinin, tələbin könüllü ödənilməsi barədə bildirişin, hərracın təşkili barədə məlumatın verilməsi barədə məktubun göndərilməsi, hərrac barədə bildirişlərin tərtib olunduğu və nüsxələrinin hətta icra məmuruna çatdığı, hərrac təşkilatı tərəfindən iddiaçının ünvanına poçt göndərişinin getməsi təsdiq edildiyi halda, iddiaçının ipotekaya yönəltmə və hərrac barədə ümumiyyətlə məlumatının olmaması barədə göstərdiyi dəlillər həqiqətə uyğun deyildir. Müvafiq poçt qurumu də hərrac təşkilatı tərəfindən iddiaçıya bildrilşin göndərildiyini və sonuncuya təqdim edildiyini göstərmişdir.

53. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağının son nəticədə nədən ibarət olması iddia tələbinin dəlilləri ilə müəyyən edilmir. Əgər məqsəd ona məxsus olmuş evin sahibliyinə qaytarılması, onun ipoteka yüklülüyündən azad edilməsinə yönəlmiş olsaydı, şəxs tərəfindən bu istiqamətdə hər hansı hərəkətlər edilməli, tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəmə mübahisələrindən sonra borcun ödənilməsi ilə bağlı müəyyən tədbirlər görülməli idi. Lakin iddia tələbin dəlillərindən belə halların mövcudluğu müəyyən edilmir. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan da görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan hazırkı dövrə qədər qətnamə üzrə müəyyən edilmiş borcdan hər hansı ödəniş edilməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hazırki tələbin təmin edilməsini əsaslı hesab etmir.

54. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 327/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qızına qarşı “hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar