Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1635/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(015)-256/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29.12.2020-ci il tarixli abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********07660-dır, onun ailə tərkibi 6 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri və qızdırıcı radiator peçi vardır.
2. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent kodu **********07660 olan İddiaçı məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evdə ZENNER markalı **********2 zavod nömrəsi olan sayğacının quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, sayğac sökülərək yerinə 25738008 nömrəli mənşəyi məlum olmayan sayğac quraşdırılmışdır. Həmin akt iSQNS-nın rəisi Qurbanov Sərdar, mühəndislər Şahid1, Məmmədov Etiram, Ağstafa XS-nin TQQ və SX-nin texniki Əsgərov Vüsal tərəfindən imzalanmışdır.
3. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında - qaz işlədicilərindən PQ3-ün (2 ədəd) maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin (32 L) maksimal saatlıq qaz sərfi 3,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Radiator sobası-nın maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombi-nin (32 kw) maksimal saatlıq qaz sərfi 3,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0,8x2x24x180=6912 m3, 3,5x24x180=15120 m3 0,8x24x180=3456 m3, 3 3 3,5x24x180=15120 m , Cəmi: 40608 m
4. xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, **********07660 nömrəli abonent kodu İddiaçı məxsus olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində olan fərdi yaşayış evində yerləşən qazdan istifadəyə görə 294 m3 sərfiyyat hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 4872,96 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təbii qaz abonentçisidir və adına **********07660-saylı abonent saldosıvardır. Hazırda “Azəriqaz” iB-yi tərəfindən ona 4872,96 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. İstifadəsində olan təbii qaz sayğacın altla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Belə ki, qaz sayğaclarına cavabdeh “Azəriqaz” İB-yi tərəfindən 1 ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi heç bir tədbir görülməmişdir. Belə ki, cavabdeh təşkilatın özü tərəfindən onun istifadəsində olan qaz sayqacı xx.xx.2022-ci tarixdə çıxarılaraq digər sayğacla əvəz edilmişdir. Qısa müddət ərzində həmin sayğacdan istifadə etdikdən sonra ona bildiriş təqdim ediləndə əlavə 4876,92 manat məbləğində borcun yazıldığını gördmüşdür. Bununla bağlı yerli Qaz istismar idarəsinə müraciət etdikdə ona bildirdilər ki, güya ki tərəfindən 2020-ci ilin dekabr ayında quraşdırılmış qaz sayğacını özü çıxararaq əvəzinə digər sayğac quraşdırmış və həmin sayğac vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Bu səbəbdəndə barəsində xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilərək ona 4872,96 manat məbləğində cərimə hesablanmışdır. Qeyd olunan aktın saxta uydurma əsaslarla yazıldığını bildirsədə dediklərinə məhəl qoyan olmamışdır. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş və daim istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Belə ki, əgər abonent saldosunda 2020-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayına kimi olan ödəniş qrafikinə baxanda görünər ki, hər ay o yüksək miqdarda istifadə etdiyi qazın dəyərini ödəmişdir. Bundan başqa ona şər atdıqları sayğacı qoymuşdursa onda o qaz pulu niyə ödəyirdi, hansı ki, ödədiyi qaz pulları qaz idarəsi tərəfindən hər ay hesablanmış kuba görə bildiriş əsasında təqdim olunduğu andan ödənilmişdir. O qaz sayğacını hardan almışdır küçədə qaz sayğacı satılmır və ya tapılmır. Əgər tapdısa bunu harda qeydiyyatdan keçirmişdir, çox gülünc və biabırcı durumla üzləşmişdir. Belə ki, qaz idarəsinin əməkdaşlar tərəfindən hər ay sayğacdaki götürülmüş və bildiriş təqdim olunmuş və ona uyğunda ödənişlər edilmişdir. Hər ayda sayğaca 2 dəfə texniki baxış keçirilməklə üzərindəki sərfiyyat götürülmüşdür. Bir ildə hesablayanda 24 dəfə sayğaca baxış keçirilmiş və bildiriş təqdim olunmuşdur. Bu boyda biabırçılıq olarmı. Göründüyü kimi cavabdehin bu iddiası heç bir məntiqə söykənmir. Qanunsuz tərtib edilmiş saxta akta əsasən ağlasığınmaz müddətləri cavabdeh təşkilat nəyə və ya hansı qanuna əsaslanaraq müəyyən etdiyi məlum deyil. Açıq aydın cavabdeh təşkilat öz inhisarçı mövqəyindən sui istifadə edərək vətəndaşların yaşayış vəziyyətini ağırlaşdırmaqla yanaşı onların hüquqlarını bibaşa pozur. Onu da qeyd edir ki, sayğac evindən xeyli məsafədə aralıdadır. Digər tərəfdən tərtib edilmiş saxta aktlar nə zaman və kim tərəfindən tərtib edildiyindən məlumatı olmamışdır. Halbuki, bu cür akt tərtib edilərkən onun və ya ailə üzvlərinin iştirakı təmin edilməli idi. Belə sənədləşdirmə və hasabat növünün harda yazdığı məlum deyil. Cavabdeh təşkilat açıq-aydın şəkildə ona qarşı soyğunçuluqla məşğul olur. Onun qeyri-qanuni qaz sayğacına və ya qazdan qeyri-qanuni istifadəyə heç bir ehtiyacı yoxdur.
7. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(015)-256/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsi tərəfindən abonent kodu **********07660 olan İddiaçı yazılmış 4.872,96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat borc sistemdən silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 68,20 (altmış səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11 və 13-cü bəndlərinə və Mülki Prosessual Məcəllənin 213-214, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(015)-256/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçı qaz şəbəkəsinə qanunsuz müdaxilə etmiş, istismarında olan sayğacını qanunsuz çıxararaq yerinə 25738008 nömrəli mənşəyi məlum olmayan sayğac quraşdırmışdır. İtirilmiş qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin dekabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. İddiaçının istismarında olan qaz sayğacını qanunsuz çıxararaq yerinə 25738008 nömrəli mənşəyi məlum olmayan sayğac quraşdırmaqla qaz şəbəkəsinə qanunsuz qoşulması işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı ilə onun qaz təsərrüfatına baxış keçirilmiş, mənşəyi məlum olmayan 25738008 nömrəli sayğac vasitəsilə təbii qazdan qanunsuz istifadə faktı aşkarlanmış, buna görə də qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və abonent-iddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Qeyd olunan akt əsasında 4872,92 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Qaz şəbəkəsinə qanunsuz qoşulan 25738008 nömrəli, mənşəyi məlum olmayan sayğacdan təbii qazın istifadə edilməsi müddəti qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə heç bir müddət tətbiq etmədən 2022-ci ilin dekabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Cavanşirlə iddiaçının iştirakı ilə onun qaz təsərrüfatına baxış keçirilmiş, mənşəyi məlum olmayan 25738008 nömrəli sayğac vasitəsilə təbii qazdan qanunsuz istifadə faktı aşkarlanmış, buna görə də qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və abonent-iddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Sayğacı onlara iddiaçının qardaşı oğlu vermişdir.
15. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Ehtiramla xx.xx.2022-ci il tarixdə iddiaçının iştirakı ilə onun qaz təsərrüfatına baxış keçirilmiş, mənşəyi məlum olmayan 25738008 nömrəli sayğac vasitəsilə təbii qazdan qanunsuz istifadə faktı aşkarlanmış, buna görə də qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və abonent-iddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Sayğacı onlara iddiaçının qardaşı oğlu vermişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
18. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
35. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir.
39. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
40. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
41. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.
43. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
44. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.
46. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək borcu silsə də, cavabdeh olan orqan tərəfindən hesablanmış borcun məbləğini düzgün müəyyən etməmiş və iddia tələbini tam həcmdə təmin etmişdir.
47. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında - qaz işlədicilərindən PQ3-ün (2 ədəd) maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin (32 L) maksimal saatlıq qaz sərfi 3,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Radiator sobası-nın maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombi-nin (32 kw) maksimal saatlıq qaz sərfi 3,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0,8x2x24x180=6912 m3, 3,5x24x180=15120 m3 0,8x24x180=3456 m3, 3,5x24x180=15120 m3, Cəmi: 40608 m3
48. İş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, **********07660 nömrəli abonent kodu İddiaçı məxsus olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində olan fərdi yaşayış evində yerləşən qazdan istifadəyə görə 294 m3 sərfiyyat hesablanmışdır.
49. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilə olunmağı sübuta yetirilməsə də, yuxarıda qeyd olunan sənədlərindən müəyyən olunur ki, iddiaçı Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında təbbi qazdan istifadə etmişdir. Buna görə də abonentin 9 gündə istifadə etdiyi 243,65 manat dəyərində olan (40.608:180=225.6m3, 225.6m3x 9 gün=2.030,4 m3 x 0,12 manat = 243,65 manat) təbii qaz sərfiyyatı 4872,96 manat təyin edilmiş cərimədən çıxılmalı və həmin hissə üzrə iddia tələbi təmin edilməməlidir.
50. Həmçinin, göstərilən hallar məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdiyi ifadələr ilə öz təsdiqini tapmışdır.
51. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
52. Şahid1 və Şahid2 ifadələrinə gəldikdə isə qeyd olunmalıdır ki, şahidlər tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etmiş, zidiyyətlərin hansı tarixdə yaranması dəqiq qeyd olunmuşdır. Eyni zamanda həmin şahidlər birbaşa tərəflərin arasında yaranan münasibət zamanı prosesdə və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın tərtib edilməsində iştirak etmişlər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
54. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
55. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
56. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
57. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
58. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
63. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
64. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
65. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(015)-256/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən abonent kodu **********07660 olan İddiaçı hesablanmış 4.629,31 (dörd min altı yüz iyirmi doqquz manat otuz bir qəpik) manat borc silinsin. İddia tələbi qalan (243,65 manat) hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .