Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1653/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin etibarsız hesab olunması və şəhadətnamənin ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab olunması və şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(076)-292/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 07 noyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "VAZ-21013" minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN: XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini X1 3350 manata almışdır.
2. AD 956003 nömrəli nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "VAZ-21013" minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN: XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir.
3. 10 noyabr 2020-ci il tarixli ƏN-V seriyalı 381921 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 "VAZ-21013" minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN: XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün İddiaçı 01 il 01 ay 03 gün müddətinə vermişdir.
4. Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(076)-2596/2021 nömrəli qətnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan 0,2374 ha həyətyanı torpaq sahəsinin bağışlanmasına dair Şəmkir rayonu 1 saylı notariat ofisində bağlanmış 03 oktyabr 2020-ci il tarixli 4Ə-1723 nömrə ilə reyestrdə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi" X5 məxsus fərdi yaşayış evinə aid hissədə və ümumi birgə mülkiyyətdə olan 0,2374 ha həyətyanı torpaq sahəsinin X7 və İddiaçı aid hissəsində etibarsız hesab edilməsi və həmin hissədə Cavabdeh1 adına qeydə alınmış 21 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş Çıxarış ləğv edilməsi qət olunmuşdur.
5. Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı “VAZ-21013” minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN:XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobil və 100 manat dövlət rüsumu alınıb Cavabdeh1 verilməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(104)-921/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(076)-2830/2022 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
7. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 01 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 10 noyabr 2020-ci il tarixli, 7E-12993 nömrəli reyestrdə qeydə alınmış etibarnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinin tələbinə uyğun olaraq onun ərizəsi əsasında 24 avqust 2021-ci il tarixdə ləğv olunmuş və bu barədə etibarnamə qeyd olunduğu reyestr kitabında müvafiq qeyd aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab olunması və şəhadətnamənin ləğv edilməsi tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, "VAZ-21013" minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN: XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobilə dair AD956003 qeydiyyat nömrəli Şəhadətnamənin ləğv edilməsi və avtomobilin əvvəlki vəziyyətinə qaytarılması, eləcədə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə münasibətləri çoxdan korlanmışdır. Birinci nikahda olan arvadının ona qarşı ev və avtomobilə dair pay tələbi olduğuna görə əmlakları Cavabdeh1 adına rəsmiləşdirmişdir. Lakin sonradan Cavabdeh1 həmin əmlakları özününkü hesab edərək onu evindən çıxarmaq istəmişdir. Ona görədə o evə olan payının Cavabdeh1 bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi barədə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və tələbi təmin olunmuşdur. Qeyd olunanları Cavabdeh1 məhkəmə zamanı öz izahatında bildirmişdir. Hazırda Cavabdeh1 onun vəsaiti hesabına alınan avtomobili də onun əlindən almağa çalışır. Halbu ki, "VAZ-21013" minik markalı, Buraxılış ili 1983-cü il, mavi adriatika, ** CH *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh2 3300 manata satın almışdır. Avtomobili formal olaraq Cavabdeh1 adına rəsmiləşdirmişlər. Əgər Cavabdeh1 həqiqətən də avtomobili anasının xəstəliyi üçün almışdırsa, niyə idarə üçün etibarnaməni öz oğluna verməmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(076)-292/2023 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv olunması tələbinə dair iddiası rədd edilməsi; Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.4, 339.1, 339.2, 340.1, 340.2, 351, 389.1, 389.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1, 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, subutlara düzgün hüquqi qiymət verməmiş, eləcədə Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(076)-2596/2021 nömrəli qətnaməsini nəzərə alınmamışdır. Mübahisəli avtomobili Cavabdeh1 adına rəsmiləşdirməklə yalan əqd bağlanmışdır. Cavabdeh2 məhkəmə iclasında da bildirmişdir ki, avtomobilin pulu onun tərəfindən ödənilmişdir. Avtomobil alınan gündən onun istifadəsində və sərəncamında olmuşdur. X2 və X6 şahid qismində ifadə vermələrinə etiraz etmişdir. Belə ki, Cavabdeh1 yaşlı anası Məleykə Həsənovanı yönəltmiş, Samir Hacıyev isə cavabdehin oğlu olduğuna görə işdə maraqlı şəxsdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli avtomobili Fizulidən 3250 manata almış, lakin bacısı Rozanın adına rəsmiləşdirmişdir. Avtomobil hazırda onda olsada, bacısı etibarnaməni ləğv etdirmişdir. Avtomobili alan zaman bacısını bazara aparmışdır ki, onun adına alsın. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, anasının adına olan torpağı satmış və həmin pula avtomobili almışlar. Avtomobili almağa oğlu ilə getmiş, qardaşı Zahiddə onların yanında olmuşdur. Avtomobili alandan sonra qardaşı Zahidə etibarnamə vermişdir ki, xəstə anasını həkimə aparıb-gətirsin. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, Roza, onun oğlu və Zahid birlikdə avtomobilə baxmış və 3250 manata razılaşmışlar. Pulu Zahid ona vermiş, lakin kimin üçün almasını bilməmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
19. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
22. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 25.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
27. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
29. Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
30. Maddə 365.1.3. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi ilə xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur. 41.Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh1 ilə X4 arasında 07 noyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu "VAZ-21013" minik markalı, buraxılış ili 1983-cü il, mavi adriatika, mühərrik: 2***-*******, BAN: XTA210130D4293950, ** CH *** dövlət nömrə nişanlı avtomobili 3350 manata Cavabdeh1 satmış, həmin avtomobilə dair Cavabdeh1 adına AD 956003 nömrəli nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Cavabdeh1 mülkiyyətində olan "VAZ-21013" minik markalı ** CH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı 01 il 01 ay 03 gün müddətinə 10 noyabr 2020-ci il tarixli ƏN-V seriyalı 381921 nömrəli etibarnamə vermişdir.
42. Sonradan Cavabdeh1 ərizəsi əsasında 24 avqust 2021-ci il tarixdə həmin etibarnamə ləğv olunmuşdur.
43. İddiaçı avtomobilin onun tərəfindən alınmasını, lakin formal olaraq bacısı Rozanın adına sənədləşdirilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
44. Bu qətnamənin 39-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
45. Belə ki, iddiaçı avtomobilin onun tərəfindən alınmasını, lakin formal olaraq bacısı Rozanın adına sənədləşdirilməsini qeyd etsədə, kollegiya onun bu dəlilini əsaslı saymır. Belə ki, alqı-satqı müqaviləsinin tərəfi olan X8 birinci instansiya məhkəməsində, eləcədə apellyasiya icraatında verdiyi izahatında bildirmişdir ki, avtomobilin pulunu Zahid ona versədə, lakin avtomobilin kim üçün alınmasından məlumatı olmamışdır. Eləcədə birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, ərinin adına olan torpağı qızı Roza onun adından 7000 manata satmış və həmin puldan 3500 manat ona verilmiş, qalan pula isə onu həkimə, eləcədə digər yerlərə aparılıb-gətirilməsi üçün qızı Rozanın adına avtomobil alınmışdır.
46. X17 isə ifadəsində göstərmişdir ki, Roza bacısı, Zahid qardaşıdır. Bacısı ilə mübnasibəti yaxşı deyil. Qardaşı Zahid maşın almağa bacısı Roza ilə getmiş və həmin vaxt ondan 500 manat istəmiş, oda Zahidə həmin məbləği vermişdir. Avtomobil alındığı vaxtdan Zahid idarə edir.
47. X3 isə ifadə verərək bildirmişdir ki, nənə və babasının 90 sot torpağını Qapanlı kənd sakini Müsbətə satmışlar və nənəsi Məleykənin tapşırığı ilə həmin puldan 3350 manata anası Rozanın adına avtomobil almışlar. Avtomobil almağa gedərkən dayısı Zahiddə onların yanında olmuşdur. Dayısı Zahidin aliment borcu olduğuna görə öz avtomobilini aliment borcu əvəzi olaraq vermişdir. Anası Rozanın adına alınan avtomobili almaqda məqsəd, nənəsi Məleykəni həkimə və digər yerlərə aparıb-gətirmək olmuşdur. Nənəsi Məleykə dayısı Zahidin yanında qaldığı üçün sonuncunun adına etibarnamə verilmişdir.
48. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
49. İş üzrə şahid qismində dindirilmiş şəxslər İddiaçı və Cavabdeh1 münasibətdə yaxın qohumlardır. X17 avtobobilin qardaşı Zahid tərəfindən alındığını, digər iki şahid, yəni Məleykə Həsənova və Samir Hacıyev isə avtomobilin torpağın satışından (Məleykə və onun ərinin mülkiyyətində olmuş yəni iddiaçı və Cavabdeh1 valideyinlərinin) əldə olunmuş vəsait hesabina alınmasını qeyd etmişlər. Sonuncu iki şahidin ifadəsi Cavabdeh1 izahatı, ilə üst-üstə düşür.
50. Yuxarıda da qeyd olunduğu kimi, iddia tələbində Cavabdeh1 ilə X4 (etibarnamə əsasında çıxış edən Cavabdeh2) arasında bağlanmış 07 noyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş AD 956003 nömrəli nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini ləğv olunması tələbi qoyulmuşdur.
51. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə bütün növ əqdlər baxımından sadə yazılı şəkildən bəhs oluna bilinməsi üçün ən azı iki şərt tələb olunur: 1) iradə ifadəsinin yazılı olması 2) yazılı iradə ifadəsinin istinad olunan şəxs tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasıdır. Mülki hüquq baxımından rəsmi şəkil və ya formaya əsasən notariuslar tərəfindən tərtib və ya təsdiq edilmə hallarında olur. Notariat və ya rəsmi forma-iradə ifadəsinin xüsusi şəxslər tərəfidən deyil, hakimiyyət səlahiyyətini icra edən şəxs və ya orqan tərəfindən bu səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə edilməsi hallarına aiddir. Qeyd olunalara əsasən əqdi bağlayan şəxsin müvafiq fəaliyyət qabiliyyətinin olması, əqd mövzusu (predmeti) şəxsiyyətə zidd olmaması, əqdlər məcburi hüquq qaydalarına zidd olmamalı, ıqdin mövzusu (predmeti) mümkünsüz olmamalı və əqdi əmələ gətirən iradə ifadələri zədəli olmamalıdır.
52. İddiaçı "VAZ-21013" markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən alınmasını və formal olaraq bacısı Rozanın adına qeydə alınmasını iddia etsədə lakin onun bu dəlili sübut olunmur.
53. Belə ki, mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Apellyasiya şikayətinin Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(076)-2596/2021 nömrəli qətnaməsini nəzərə alınmamasına münasibətdə isə kollegiya qeyd edir ki, həmin iddia tələbi üzrə Cavabdeh1 ona qarşı irəli sürülən iddianı etiraf etmişdir. Məhz bu səbəbdən də iddia ona münasibətdə təmin edilmişdir. Qeyd olunan qətnamə hazırkı iş üzrə prediyusial əhəmiyyət kəsb etmir.
55. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, "VAZ- 21013" markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh1 ilə X4 arasında bağlanmış 07 noyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməklə bağlandığından əqdin etibarsızlığı barədə iddia əsaslı sayıla bilməz.
56. İddia tələbinin nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş AD 956003 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin ləğv edilməsi də özlüyündə istisna olunur.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(076)-292/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.